“Güclü kişi deyəndə bizdə hər zaman belə bir təsəvvür oyanır ki, kişi qorxmaz, cəsarətli, həyəcanı, təşvişi olmayan bir insan olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynzadə deyib.
Onun sözlərinə görə, bizə uşaqlıqdan belə deyilir ki, “Kişisən kişi qorxmaz”, “Kişi ağlamaz”: “Bu da ona gətirib çıxarır ki, ataları tərəfindən “Qorxma kişisən”, “Kişi ağlamaz”, “Kişi qorxmaz” deyilən uşaqlarda qorxu və kəkələmə var. Amma uşaq deyir ki, “Məndə heç bir qorxu yoxdur”.
Bəs, bu nəyə gətirib çıxarır? Bu zaman hisslərini ifadə etməmə, hisslərini bilməmə bu insanın içərisində qalır və hər hansı bir psixosomatikaya səbəb olur. Məsələn, kişilər arasında daha çox ölümlər infarkt və ürək xəstəlikləri tərəfindən olur. Əgər kişi qorxursa, yaxud həyəcan keçirirsə normaldır. Çünki, biz insanıq hamımızın hissləri var”.
Psixoloq sözlərinə belə davam edib: “Güclü kişi deyəndə bizim gözümüzün qarşısına məsuliyyəti öz üzərinə götürmüş, düzgün qərarlar verən, qərarlarını ölçüb-biçən, öz ailəsinə, uşağına sahib olan, onların qayğısına qalan, diqqətcil, mehriban bir insan obrazı gəlir”.
Ayşən Vəli