VIII qurultaydan gözləntilər nələrdir? - MEDİA KAPİTANLARI DANIŞDI

9 Sentyabr 2022 17:45 (UTC+04:00)

Mətbuat Şurasının (MŞ) növbəti qurultayı sentyabrın 24-ü keçiriləcək. Bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir. Bəs, VIII qurultayla bağlı media kapitanları nə düşünür?

SİA media kapitanlarının fikirlərini öyrənməyə çalışıb:

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bidirib ki, Mətbuat Şurası Azərbaycanda yarandığı gündən etibarən vacib funkasiyanı həyata keçirir: "Jurnalistlərin peşə davranış qaydalarının formalaşması media qanunvericiliyinin hazırlanması, praktikada tətbiqi, mətbuatla cəmiyyət arasındakı münasibətlərin məhkəməyə qədər tənzimlənməsi, jurnalistika peşəkarlığının inkiçaf etdirilməsi, müasir mətbuat ənənələrinin daha da gücləndirilməsində Azərbaycan Mətbuat Şurası öz rolunu oynamağa çalışıb. Mətbuat Şurası fəaliyyət və missiyasının bundan sonra da davam etdirməlidir. Hamı bilir ki, bütün dünyada media sistemi genişlənib. Medianın yeni seqmentləri, xüsusilə sosial şəbəkələr və sosial media deyilən anlayışlar artıq geniş şəkildə öz yerini tutub. Mətbuat Şurası əgər, bu günə qədər əsasən çap medianın fəaliyyət istiqamətlərinin formalaşdırılması və qismən də onlayn medianın problemlərinin tənzimlənməsi və onların fəaliyyəti sahəsində meydana çıxan məsələlərin tənzimlənməsi ilə məşğul olurdusa, bundan sonrakı fəaliyyəti tamamilə başqa olacaq. Sosial media və şəbəkələrin qanunvercilik səviyyəsində tənzimlənməsi ilə bağlı çağırışlar var. Aydın məsələdir ki, bunların tənzimlənməsində, problemlərin həll edilməsində Mətbuat Şurası fəaliyyətinə ehtiyac var".

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid qeyd edib ki, o, Mətbuat Şurası yarandıqdan onun İdarə Heyətinin üzvüdür: "Əlbəttə ki, Mətbuat Şurasının İdarə Heyətində gənc jurnalistlər olmalıdır. Yeni mediaya bələd gənclər mübarizə aparmalıdır. Hesab edirəm ki, həmişə olduğu kimi bu dəfə ki, qurultayda da çox demokratik və yüksək səviyyəli seçimlər ediləcək”.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Mətbuat Şurası ictimai tənzimləyici bir təsisat kimi Azərbaycan mediasına lazımdır: "Bu baxımdan onu qoruyub saxlamaq lazımdır. Bütövlükdə Mətbuat Şurasının qurultayından gözləntilərim yalnız qurultaydan sonrakı proseslər, eləcə də Mətbuat Şurasının Azərbaycan mediasında sağlamlaşma prosesinin aktiv bir iştirakçısına çevrilməkdən ibarətdir. İndidən yeni seçiləcək şəxsə uğurlar diləyirəm".

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, Azərbaycan Mətbuat Şurasının VIII qurultayının keçirilməsi nizamnamənin tələbidir: "Nizamnaməyə görə, hər dörd ildən bir qurumun ali toplantısı keçirilməlidir. Mən bunu təqdir edirəm. Hər bir təşkilat nizamnamənin tələblərinə əməl etməlidir. Başda Əflatun Amaşov olmaqla Mətbuat Şurasının rəhbərliyinin indiyə qədərki fəaliyyətini müsbət qiymətləndirirəm. Hər bir qurumun yenilənməyə ehtiyacı var. VIII qurultayda Mətbuat Şurası rəhbərliyinə yeni simaların seçiləcəyinə inanıram. İdarə Heyətinə seçiləcək şəxslərin arasında gənc və perspektivli jurnalistlərin olması arzuediləndir".

"Demokrat.az" saytının baş redaktoru Vasif Həsənli qeyd edib ki, Azərbaycan Jurnalistlərinin növbəti Qurultayı media adına böyük hadisə hesab edilə bilər: "Təkcə ona görə yox ki, belə media cameəsi bir yerə toplaşıb, gələcək addımlara qərar verir, həm də bu qurultaydan böyük gözləntilər var. Çünki Azərbaycan mediası artıq yeni, fərqli mərhələyə qədəm qoyub.

2019-cu ilin sonlarından başlanan islahatlar yeni şərtlər yaradıb. Vətən müharibəsində apardığımız informasiya müharibəsi və postmünaqişə reallıqlarında informasiya sahəsində mübarizə aparmağın yeni tələbləri də bu şərtləri bir qədər də belə demək mümkünsə, sərtləşdirdi. İndi mediada yeni tələblər, yeni tendensiyalar yaranıb, bunu son iki ildəki istər dövlətin medianin inkişafı sahəsində atdığı addımlarda, istərsə media sahəsindəki dəyişikliklərdə görmək mümkündür.

Əksəriyyət etiraf edir ki, müsbətə doğru dəyişikliklər ciddi şəkildə nəzərə çarpır. Bu prosesdə əsas lokomotivin Medianın İnkişafı Agentliyi olduğu fikri ilə də hər kəs razılaşır. Lakin Mətbuat Şurasından da gözləntilər böyükdür, çünki MEDİA dövlətin dəstəyinə vasitəçilik edirsə, o cümlədən, medianın peşəkarlaşması istiqamətində əlindən gələni edirsə, Mətbuat Şurası bu prosesdə axsayır. Halbuki, bu prosesin önündə Mətbuat Şurası getməlidir. Təəssüf ki, bunun belə olduğunu demək çətindir.

Fikrimcə, Mətbuat Şurası fəaliyyətini Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi islahatlara adekvat qurmalıdır. Bunun da yolu yenilənmədən keçir. Dövlət media islahatlarının məhz yenilənmə nəticəsində effekt verdiyi təcrübəsi ortadadır, Mətbuat Şurası da bu təcrübədən istifadə etməlidir. Qeyd etdiyim kimi, media sahəsində də yeni çağırışlar, yeni tendensiyalar yaranıb, Mətbuat Şurasında bu çağırışlara cavab verən gənc, çevik, nüfuzlu və peşəkar insanlara ehtiyac var. Bu olduğu təqdirdə Mətbuat Şurasının fəaliyyətinin mövcud reallıqlara adekvat olacağını düşünürəm.

Etiraf etməliyik ki, Mətbuat Şurasının nüfuzu lazımi səviyyədə deyil və bu, medianın inkişafında mühüm rol oynamalı olan Şuranı proseslərə daim geridən boylanmasına gətirib çıxarır. Sadə dillə desək, Şuranın sözü, qərarı o qədər də ciddiyə alınmır. Bunu yenilənmə, gəncləşmə, müasir çağırışlara cavab verən heyətlə həll etmək olar. Bu baxımdan, növbəti qurultaydan gözləntilərimiz çoxdur və düşünürük ki, Mətbuat Şurasında da yeni dövrün başlanmasının zamanı çatıb".

Arzu Qurbanlı