"Ölkəmizdə səhiyyə sahəsində çox ciddi islahatlar həyata keçirilir və bu islahatlar təkcə İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı deyil. Səhiyyə sahəsində bütün bölgə və ərazilər üzrə yüksək səviyyəli yeni ifrasturuktur yaradılıb. Həmçinin, güclü və yüksək standartlarla təhsil almış səhiyyə kadrları təyinatı da mühüm məsələlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, uzun illərdir İcbari Tibbi Sığorta ilə bağlı dövlətimizin çox ciddi siyasi iradəsi ortada idi: "Biz bunu Respublikamızın hər yerində inşa olunan və istifadəyə verilən səhiyyə infrasturukturunda da görürdük. Azərbaycanın bir çox yerində dioqnostika mərkəzləri, mərkəzləşdirilmiş və vərəm xəstəxanaları var. Səhiyyənin elə bir növü yoxdur ki, orada infrasturuktur yaxşı olmasın.
Bu gün Azərbaycanda yüzlərlə savadlı kadrlar var. Bütün bunlar səhiyyə sahəsində aparılan islahatların səmərəli və uğurlu olmasına gətirib çıxarır. Səhiyyənin yaxşılaşdırılmasında 2 vacib şərt var: İlkin səhiyyə xidmətinin və ictimai səhiyyənin yaxşılaşdırılması".
Deputat sözlərinə belə davam edib: "Son illərdə, hətta pandemiya dövründə belə ölkədə bir çox modul tipli xəstəxanaların açıldığının şahidi olduq. Bildiyimiz kimi, dünən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Bu da bütövlükdə həyata keçirilən səhiyyə islahatına verilən töhvədir.
Bütövlükdə ÜST və BMT-nin 2030-cu il gündəliyi strategiyasında nəzərdə tutulub ki, ilkin və ictimai səhiyyənin təşkili vacib məsələlərdən biridir. Vərəm sosial xəstəlikdir. ÜST-ün də qeyd etdiyi kimi, vərəmə qarşı ən uğurlu müalicə Azərbaycanda aparılır".
Ayşən Vəli