Üçdə ikisi qadınlar olmaqla dünyada 771 milyon insan hələ də savadsızdır.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Bölümünün – UNESCO-nun məlumatlarına görə, son 50 ildə xüsusilə, gənc əhali arasında savadlılıq səviyyəsi xeyli artıb. Lakin bu tərəqqiyə baxmayaraq, 2020-ci ildə dünyada üçdə ikisini qadınlar olmaqla 771 milyon yetkin insanın savadsız olduğu qeyd edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dünyada gedən savaşlar və Əfqanıstan, Yəmən və Ukraynadakı müharibələr səbəbindən milyonlarla adamın yerlərindən-yurdlarından didərgin düşməsi məktəblərə də mənfi təsir göstərib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700 min, son illərdə isə ümumilikdə təxminən 5,5 milyon insan evindən tərk etmək məcburiyyətində qalıb. Ukraynada müharibədən zərər çəkmiş 7,1 milyon adam didərgin düşüb, 2000-dən çox məktəbə ziyan dəyib, 200-dən çox məktəb dağılıb.
“Covid-19” epidemiyası da təhsil prosesinə təsir edib, 24 milyon nəfər tədrisə qayıda bilməyib ki, bunların 11 milyonu qız və gənc qadınlardır.
Afrika və Cənubi Asiya regionunda savadlılıq səviyyəsi aşağıdır.
Saxaradan cənubdakı (Səhraaltı) Afrika 34 faiz olmaqla dünyada ən yüksək savadsızlıq dərəcəsinə malikdir.
Ümumiyyətlə, Afrika qitəsindəki ölkələrdə 6-11 yaş arası hər 5 uşaqdan azı biri məktəbə getmir. 12-14 yaş arasında olanlar üçün bu nisbət hər 3 uşaqdan biridir.
Dünyada savadlı qadınların sayı kişilərdən azdır. Son məlumatlara görə, qadınlar savadsızlıq dərəcəsi 59 faizi təşkil edir.
Savadlılıq dərəcələrində gender fərqi Şimali Afrika, Mərkəzi və Şərqi Asiya, Avropa, Şimali Amerika, Latın Amerikası və Karib hövzəsi ölkələrində az, Qərbi və Cənubi Asiya, Səhraaltı Afrikada böyükdür.