Azərbaycan Prezidenti İlham Əliyevin yaxın bir neçə ay ərzində Ermənistanla sülh sazişinin imzalanmasının mümkün olmasını bəyan etməsi Azərbaycan diplomatiyasının və onun strategiyasının ən yüksək səviyyəsini bir daha təsdiqləyir. Bunu Moskva-Baku portalına şərhində Rusiyanın tanınmış politoloqu Yevqeni Mixaylov bildirib. SİA ekspertin rəyini oxucularına təqdim edir.
“Bu sözlərin Brüsseldə Nikol Paşinyanla görüşdən sonra deyilməsi heç nəyi dəyişmir. Çünki sülh prosesinin əsas təminatçısı hələ də Rusiyadır və onun ən müxtəlif istiqamətlərdə Ermənistan-Azərbaycan nizamlanması üzərində daim iş apardığı şübhəsizdir. Nəqliyyat və iqtisadi əlaqələrin bərpası, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə də işlər aparılır.
Rusiyanın, xüsusən də Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Cənubi Qafqazda yeni münaqişənin qızışdırılmasına heç bir şəkildə ehtiyacı yoxdur. O, ilk növbədə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalayan İrəvanın bəyanatın müddəalarını həyata keçirməsi, razılaşmaları yerinə yetirməsi üçün bütün səylərini göstərəcək.
Bəli, Ermənistan Rusiyanın müttəfiqi olduğu görüntüsü ilə oynayır, əslində isə beynəlxalq siyasətdə çoxdan bir neçə kresloda əyləşib. Ermənistan həmişə üçüncü tərəflərə- istər ABŞ, istər Fransa, istərsə də Aİ olsun- yalnız Ermənistan-Azərbaycan danışıqlar prosesində öz mövqeyini yaxşılaşdırmağa çalışmaq üçün müraciət etmək yollarını axtarır, qeyri-real şərtlər səsləndirməyə çalışır, bununla da danışıqlar prosesini ləngidir.
İlham Əliyev deyir ki, Qarabağın statusu ilə bağlı İrəvanın prinsipial şərti müzakirə oluna bilməz, çünki Qarabağ Azərbaycandır. Nə sağ, nə də sol. Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlib və qalib kimi öz şərtlərini müəyyən etmək hüququna malikdir. Ermənistan vəziyyəti dəyişə bilməyəcək. Azərbaycan həddən artıq çox sərmayə qoyub - həm müharibəyə, həm də azad edilmiş torpaqların bərpasına,- danışıqlar prosesində nədənsə imtina etmək üçün yox. Burada kimin güclü, kimin zəif olduğunu bilmək lazımdır.
İkinci Qarabağ müharibəsində qələbə qazanması, əvvəllər işğal olunmuş torpaqların geri qaytarılması ilə İlham Əliyev artıq tarixə düşüb. Və heç bir güzəşt olmayacaq. Ermənistan daha əvvəl düşünməli idi. Ermənistan indi heç nə tələb edəcək vəziyyətdə deyil. Hesab edirəm ki, Rusiya tərəfi vəziyyətə anlayışla yanaşır. İstənilən halda Rusiya ilə Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanındığı Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsi imzalandı.
Hesab edirəm ki, rəsmi İrəvanın statusla bağlı təxribat xarakterli bəyanatları və guya “etnik təmizləmə” ilə bağlı bəyanatları sadəcə olaraq müxalifətin, əhalinin qisas almaq istəyən ultra-millətçi hissəsinin oyunudur. Amma faktiki olaraq Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışır. Bu gün sadəcə olaraq yaşamaq, inkişaf etdirmək və ailəsini dolandırmaq, qonşuları ilə barışıq yaşamaq istəyənlərdən daha az revanşist düşüncəli insanlar var.
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaq, geriyə dönüş olmayacaq. Vəziyyət sülh yolu ilə başa çatdırılmasa, açıq demək lazımdır, Azərbaycan, qalan əraziləri güc yolu ilə alacaq.
İndi Ermənistan faktiki olaraq çoxdan ölmüş ATƏT-in Minsk qrupuna müraciət etməkdən əl çəkmir. Bu həm də o tərəfdə kömək tapmaq və danışıqları uzatmaq cəhdidir.
Əsas odur ki, Paşinyan ilin sonuna kimi devrilməsin. Təsadüfi deyil ki, indi Ermənistan müxalifəti indiki baş nazirin istefası ilə bağlı əvvəlki gündəliyin təbliği, Qarabağın statusu tələbi ilə mitinqləri, separatçıların ABŞ-a səfərləri ilə bərpa edib. Ermənistan siyasi cəhətdən çox qeyri-sabit dövlətdir. Bununla yanaşı, ermənilər arasında sülh tərəfdarları getdikcə artır. İstisna etmirəm ki, əgər Ermənistanda müxalifət hansısa çaşqınlıq etmək qərarına gəlsə, söhbət kritik vəziyyətə gəlsə, çox güman ki, Ermənistana KTMT qüvvələri yeridiləcək, bunu biz Qazaxıstanda gördük.
Yeri gəlmişkən, əvvəllər “Qarabağ hekayəsi”nə dəstək verən Rusiyada yaşayan bir çox ermənilər Qarabağı artıq unutduqlarını, bu məsələdən bezdiklərini, köməyə göndərdikləri pulların hamısının oğurlandığını deyirlər.
Amma Ermənistan həm iqtidar, həm də müxalifət Qərbdən kömək istəməkdə davam edir. Ermənistanın müdafiə naziri, separatçıların nümayəndəsi ABŞ-a uçub. Ancaq hər yerə uçsunlar. Onlara kimsə kömək edə biləcəkmi? Yox. Bu, yalnız Rusiya tərəfini təşvişə salacaq və Moskvanı qabaqlayıcı tədbirlər görməyə məcbur edəcək ki, belə səfərlərin nəticələri olmasın. Onlar daim Qərbdə kömək axtarırlar. Yeganə sual, Qərbin bunu təmin edib-etməyəcəyidir, çünki Qərb indi Ermənistandan asılı deyil. Baş verən beynəlxalq siyasi və iqtisadi proseslər fonunda artıq Qərbin özündə də Rusiyaya qarşı sanksiya siyasətinə görə iğtişaşlar yaşanır.
Eyni zamanda, biz Aİ-nin ardıcıl təbliğat xəttini görürük ki, Azərbaycan və Ermənistan arasında bütün razılaşmaları məhz o axtarır. Ermənistan-Azərbaycan məsələsinin Rusiyasız həll olunmayacağı tamamilə aydındır. Rusiya sadəcə olaraq Qərbin cəhdlərini müşahidə edir, amma işləyir. Bu, özünü heyvanların padşahı hesab edən dovşanı seyr edən şir kimidir.
Tərcümə - Elçin Bayramlı