Dövlət ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin sertifikatlaşdırılması iki mərhələdə aparılır. Birinci mərhələdə müəllimlər test imtahanı verəcəklər. Müəllimlər bu mərhələdə 60 suala cavab verərək 60 bal toplayacaqlar. İmtahanın ikinci mərhələsində - müsahibədə isə müəllimlər 40 bal toplamağı nəzərdə tutulub.
Nazirlik rəsmisi bildirib ki, sertifikatlaşdırmadan keçən şəxslər 5 il müddətində ümumtəhsil müəssisəsində fəaliyyət göstərmək imkanı qazanacaqlar.
"Yəni müəllimlərin hər 5 ildən bir müəllimlərin sertifikatlaşdırılma prosesi aparılacaq. Sertifikasiya prosesində bu və ya digər səbəblərdən iştirak edə bilməyən şəxslər 1 il ərzində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak edə biləcək".
Avustun 30-dan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb. Test imtahanı 8 mərkəzdə keçirilir. Sertifikatlaşdırılmanın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov SİA-ya açıqlamasında Təhsil müəssələrində işləyən təhsil verənlərin sertifikasiya qaydasında təkmilləşdirmələrə ehtiyac olduğunu bildirib. Bildiyimiz kimi bu il ibtidai sinif müəllimlərin sertifikasiya imtahanları başlayıb. Ümumitəhsilin bünövrəsi ibtidai sinifdən qoyulur. Məktəbə qədər təhsili nəzərə almasaq ümumillikdə ibtidai təhsil məktəbinin ilk pilləsi sayılır. Düşünürəm ki, xüsusi olaraq bu müəllimlərin ayrıca sertifikasiyadan keçməsi doğru qərardır. Əlbəttə burada təkmilləşdirmələr gələcəkdə ola bilər, bütövlükdə proses hələ təzə başlayıb və mən düşünmürəm ki qaydalarda hər hansı qüsurlar, ciddi problemlər yaranmış olsun.
Yaşlı müəllimlərin sertfikasiya prosesinə cəlbolunma prosesi nə dərəcədə doğrudur?
Ümumiyyətlə hesab edirəm ki, yaşından asılı olmayaraq müəllimlərin mütləq sertifikasiya prosesinə cəlb olunması lazımdır və zəruridir. Son illərdə MİQ imtahanının nəticələrini nəzərə aldıqda məktəblərdə xeyli sayda gənc müəllimlər təhsilə cəlb olunublar. Gənc müəllimlərin təhsilə cəlb edib, yaşlı müəllimləri uzaqlaşdırılması kökündən yanlış fikirdir. Heç kim iddia edə bilməz ki, bir gənc müəllimin biliyi yaşlı müəllimin biliyindən çox olsun. Düşünürəm bu fakt özünü təsdiq edəcək indikator məhz sertifikasiya imtahandır. Əgər yaşlı bir müəllim biliyinə, bacarığına arxayındırsa o nədən sertifikasiya prosesindən narahat olmalıdır və ya kənarda qalmağını istəməlidir. Kifayət qədər ümumtəhsil məktəblərdə çalışan ibtidai sinif müəllimləri tanıyıram ki, yetərincə peşəkar və savadlıdırlar. Və onlar bu prosesdən narahat deyillər. Narahat olanlar ümumilkdə bu sertifikasiya prosesinə əks çıxanlardır. Mən inanmıram ki dövlətimiz bu prosesdən kənara çəkilsin. Əksinə zamanla bu proses dərinləşəcəkdir. Hər bir müəllim daim öz üzərində işləməyə məhkumdur və bu təkcə müəllimlərə yox bütün peşə sahiblərinə aiddir. Zamanla bütün sahələrdə sertifikasiya prosesinə ehtiyac duyulacaq. Uzun illər müəllim işləyən birinin sertifikasiya cəlb olunmamasının tərəfdarı deyiləm. Amma sosial şəbəkələrdə sertfikasiya imtahanları ilə bağlı yayılan xəbərlərə gəldikdə isə rəsmi mənbədən qaynaqlanmayan hər bir məlumata insanların inanmamağına çağırıram. Düşünürəm ki, bu proseslə bağlı yalnız və yalnız Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamasını təyin edib elan vermək lazımdır. Təkcə sertifikasiya ilə bağlı yox, ümumiyyətlə digər proseslərlə bağlı da sosial şəbəkələrdə yalan məlumatların şahidi oluruq.

"Nazirlər Kabinetinin 30 avqust 2020-ci ildə 155 nömrəli qərarı ilə dövlət tədris məktəblərində çalışan təhsil verənlərin sertifikasiyalaşdırma qaydaları təsdiq olunub. Və həmin qaydalara görə sertifikatlaşmada iştirak edə bilməyən şəxslər və yaxud kəsilən şəxslər üçün bir il ərzində yenidən sertifikasiya olunacaq". Bu sözləri təhsil eksperti Elşən Qafarov deyib.
Əgər yenidən təşkil olunmuş sertifikasiyada iştirak etməsə və ya yenidən kəsilsə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının əmək məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə xitam verilir. Sertifikatlaşma qaydaları qəbul edildiyi vaxtdan indiyə kimi bir sıra yumşaldıcı addımlar atılmışdır. O cümlədən ixtisas suallarının sayı 50-ə qaldırıldı, metodik suallar sayı isə 10-a endirilmişdir. Artıq biz ibtidai sinif müəllimlərinin sertifikasiyasını gördük və nəticələr kifayət qədər ürək açandır və ümumi olaraq ölkə üzrə sertifikasiyada iştirak edənlər 95 faizdən yuxarını keçib və bu da müəllimlərin iştirakının yüksək olmasının göstəricisidir. Yüksək nəticə göstərən müəllimlərin - 50-dən yuxarı bal toplayanlarının sayı kifayət qədər yüksəkdir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 50 baldan yuxarı toplayanların 35 faizi, 30 baldan yuxarı yığanların isə 10 faiz artılırdı. Bu da iştirak edənlərin stimullaşdırılmasına gətirib çıxarır. Nəticələr ürək açandır və düşünürəm ki sertifikasiya keçirdikdən sonra Azərbaycan təhsilində müəllim fəaliyyətinin peşəkarlığı ilə əlaqədar çox mühüm addımlar atılacaqdır.
Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 min ibtidai sinif müəllimi imtahana cəlb olunub. Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində onlara tədris etdikləri fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Sertifikasiya imtahanını uğurla başa vuran müəllimlərdən biri də Hüseynli Səbinə Mübariz qızıdır.
Bakı şəhəri 314 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi kimi çalışan Səbinə xanımın sözlərinə görə sertifikatlaşdırma imtahanı normal keçib.
Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Suallar müxtəlif səviyyədə tərtib olunmuşdu. Asan olanı da var idi, düşündürücü -cavabının tapılması, vaxt aparanı da var idi. Ümumilikdə qənaətbəxş hesab etmək olar.
Mən 2007-ci ildə ADPU-ni bitirəndən sonra 314 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Bu 15 il ərzində daim öz üzərimdə çalışmış, müxtəlif təlimlərdə, seminarlarda iştirak etmiş, daim yeniliklərdən istifadə edərək sənətimi layiqincə yerinə yetirməyə səy göstərmişəm. Özümdən bu nəticəni gözləyirdim. Çünki mən və mənim kimi 314 nömrəli məktəbin bütün ibtidai sinif müəllimləri nəinki imtahan öncəsi, həm də bütün pedaqoji fəaliyyətləri dövründə öz üzərlərində daim çalışmış, şagirdlərimizin inkişafı və savadlanması üçün bir müəllim olaraq hər zaman böyük həvəslə işləmişlər. Bunun nəticəsini də hər birimiz gördük.
Ümid edirəm ki, imtahan verən müəllimlərin böyük əksəriyyəti bizim kimi uğurlu nəticə göstərmişdir. Bu imtahanda uğursuzluqla qarşılaşan və ya hələ də iştirak etməyən müəllimlərə isə demək istərdim ki, özlərinə inamı heç vaxt itirməsinlər, məsuliyyəti əldən verməsinlər, daha çox çalışsınlar. Uğurlu nəticəni mütləq görəcəklər.
Sertifikatlaşdırma imtahanı bu il ilk dəfə keçirilib. Bundan sonra hər 5 ildən bir keçiriləcək. Bu imtahanın keçirilməsinin həm Azərbaycan müəlliminin davamlı inkişafı , həm də xalqımızın gələcək nəslinin savadlı yetişməsi üçün çox böyük xeyiri olacaq.
Son günlər sertifikasiya imtahanı baradə müxtəlif qeyri-rəsmi xəbərlər yayılmışdı. Bu da imtahana hazırlaşan hər bir müəllimdə narahatlıq, imtahan öncəsi gərginlik yaradırdı.Yaxşı olardı ki, bu məlumatları əsassız olaraq yayanlar müəllimlərin həssas dövrünü nəzərə alaraq daha diqqətli olsunlar.

129 nömrəli tam orta məktəbində kimi çalışan Hüseynova Güney ən yüksək bal yığan müəllimlərdən biridir.
Avqustun 30-u imtahanda iştirak etdim. Təbii ki, hamıda olduğu kimi məndə də imtahan həyəcanı var idi. İmtahan başlayanda isə həyəcan azalmağa başladı.
Suallar müxtəlif səviyyələrdə idi: asan, orta və çətin. Şükürlər olsun ki, öhdəsindən gələrək sualların hamısını cavablandırıb 60 bal topladım.
Qazandığım uğurda İPG ailəsindən olan Ülvi müəllimin əziyyəti danılmazdır. İmtahan başlayan günə qədər öz dəstəyini göstərdi. Əsas da, imtahanda uğur qazanacağıma ruhlandırırdı. Həmçinin, mənə mənəvi dəstək göstərən ailəmə də minnətdarlığımı bildirirəm.
Havar Şəfiyeva