Müəllimliyin balı əvvəldən yüksək olmalı idi

6 Sentyabr 2022 12:47 (UTC+04:00)

Müəllim bütün dünyada xüsusi olan bir peşədir. Çünki o, öyrədəndir, bütün sənətlərin, peşələrin qapısının açarıdır. Müəllim o qədər böyük savada, biliyə, dünyagörüşə malik olmalıdır ki, dərs verdiyi şagirdlərin hər birinin istəyini qarşılaya bilməli, onları, necə deyərlər, sabahkı həyata yetişdirməyi bacarmalıdır.

Bir məsələyə nəzər salaq. Məsələn, bir sinifdə 20-25 şagird təhsil alırsa, onların hər birinin də bir arzusu vardır. Yəni məktəbi bitirəndən sonra hər biri bir sənətin, peşənin arxasınca gedəcəklər. Onların bu arzularını reallaşdıran bəs kimdir? Əlbəttə ki, müəllim. Əgər müəllim böyük savada, dünyagörüşə malikdirsə, təbii ki, dərs dediyi bütün uşaqları arzuları çərçivəsində elə istiqamətləndirəcəkdir ki, onların hər biri sabahkı həyatında öz mövqeyini tuta biləcək. Yox, əgər müəllim yuxarıda söylədiyimiz kimi deyilsə, belə olan halda dərs verdiyi şagirdlər gələcək həyatında bir yarımçıqlıq hiss edəcək. Bu da onların arzularının üzərindən bir xətt çəkmiş olacaq.

Ötən həftə aldığımız bir xəbər ürəyimizi dağa döndərdi desəm, yanılmaram. DİM sədrinin açıqlamasına görə ölkəmizdə bir ilk baş verdi: universitetlərimizdə müəllimliyin keçid balı hüquq fakültəsinə olan keçid balını üstələdi.

Maraqlıdır, məncə bu, elə bineyi-qədimdən belə olmalı deyildimi? Əlbəttə ki, belə olmalı idi. Hüquqşünası kim yetişdirir? Əlbəttə ki, müəllim. Bəs belə olan halda nə üçün müəllimliyə keçid balı hüquqa keçid balından yüksək olmamalı idi?

Yəni biz jurnalistlər dəfələrlə bu məsələyə münasibət bildirmişik. Hələ o zamanlar sözümüzü, fikrimizi demişdik ki, müəllimliyə keçid balı 200-300-400 arası idi. Lakin... Yəni əvvəldən belə olsaydı, heç 50-60 yaşlı müəllimləri sertifikasiya imtahanlarından keçirməyə də ehtiyac qalmayacaqdı. Universitetlərimizdə müəllimliyə keçid balının aşağı olması orta məktəblərimizdə çalışan, bir zamanlar çox yüksək göstəricilərlə ali məktəblərə daxil olan, hazırda yetirmələri ölkəmizdə aparıcı vəzifələrdə çalışan müəllimlərin də imtahana cəlbi ilə nəticələndi.

Əslində sertifikasiya imtahanının aşağı balla müəllim olub məktəblərdə gələcəyimiz olan uşaqları məhv edən müəllimlər arasında aparılması daha müvafiq olardı, nəinki həyatını müəllimliyə həsr edən, bu yolda saçlarını ağardan yaşlı, savadlı, göstəriciləri göz önündə olan müəllimlərə.

Yenə də çox şükürlər olsun, çox sevindirici, çox qürurverici haldır ki, gec də olsa, müəllimliyə qəbulun balları gündəmə gəldi. Çox şükürlər olsun. Heç vaxt heç nə gec deyil. Ümidvarıq ki, yaxın gələcəkdə müəllimliyə qəbulun yüksək balı savadı müəllim olmağa çatmayan abituriyentləri aradan çıxaracaq, onlar özlərinə və savadlarına müvafiq digər ixtisaslar seçəcəklər. Yüksək balla müəllim olanlar isə övladlarımızın taleyini tapşırdıqlarımız, yəni məktəblərimizdə dərs verməyə haqqı olanlar olacaqlar.

Beləliklə, lap çoxdan olmalı olan hadisənin bu günlər reallaşması ilə həqiqətən böyük bir uğurun təməli qoyuldu. Ölkəmizdə müəllimliyin balından yuxarı bal olmamalıdır. Əks təqdirdə, yenə deyirəm, bu, çox gülməli olan bir məsələdir. Ən yüksək balla müəllim olanlara isə düşünürəm ki, gələcəkdə sertifikasiya imtahanlarından keçmələri də gərək olmayacaq. Çünki onlar komanda olaraq savadlılar olacaqlar.

Sertifikasiya imtahanlarının məktəblərimizdə savadlı, savadsız, gənc yaşlı müəllimlərin hər birinə şamil edilməsini onların əksəriyyətinin nüfuzuna xələl gətirdiyini, incikliklərinin yaranmasını səbəb olduğunu nəzərə alsaq, müəllimliyə yüksək balla qəbulun bu prosesi sıxışdırıb aradan çıxarması da təhsil sistemində yeni bir qələbə olacaq, deyə bilərik.

Çox böyük ümidlərlə yüksək ballı müəllimlərimizlə gələcəyə, əsl, hərtərəfli təhsilə doğru!

Mətanət MƏMMƏDOVA