Spirtli içkini daha çox duzlu xiyar və soyutma kartofla istemal edən ruslar, sən demə, düzgün yolda deyilmişlər. Bilmək olmaz, bu bəlkə də elə ruslar tərəfindən çoxdan kəşf edilibmiş, amma həkim dietoloq Yelena Tixomirova bunları indi ərz edir.
Beləliklə, həkimin dediyinə görə, yağlı və duzlu qidalarla nə şampan, nə də pivə içmək olmaz. Amma, ruslar bir yana, elə bizlərdə də pivəni duza qoyulmuş “vobla” ilə içməyə üstünlük verirlər.
Həkim Tixomirova isə deyir ki, həddindən artıq yağ, karbohidrat və zülalın qəbulu bağırsaq təzyiqinin artmasına səbəb ola bilər.
Bundan əlavə, yağlı qidaların spirtlə birləşməsi qaraciyər və mədəaltı vəzinin yükünü artırır ki, bu da onların funksiyalarına son dərəcə mənfi təsir göstərir.
Burada maraqlısı bilirsiniz nədir...dietoloq deyir ki, insan nə qədər çox spirtli içki qəbul edirsə, qəlyanaltılar da bir o qədər yüngül olmalıdır.
Deyirəm, bunun fikri özününkülərə, yəni ruslara gedir. Onsuz da ruslar çox vaxt içkini... elə qəlyanaltısız-filansız içirlər.
Amma deyim ki, Tixomirova bunun da xəbərdarlığını edərək deyir ki, bu insanın limfa sisteminə mənfi təsir edir, qanı qalınlaşdırır və tromboz riskinə səbəb olur.
Ağasəf Babayev