Tozlu hava bu xəstəliklərə səbəb olurmuş - BİLMƏNİZ VACİBDİR - İNFEKSİONİST AÇIQLADI

5 Sentyabr 2022 16:39 (UTC+04:00)

"1950-ci ildən bəri çirkli havanın insan sağlamlığına təsirini göstərən sübutlar var. 1990-cı illərdə isə epidemioloji çalışmalar aparılmış və çirkli havanın insan sağlamlığına necə təsir etməsi göstərilmişdir. Bu çalışmalarda ölümlər, xəstəxanaya müraciətlər kimi sağlamlıq göstəriciləri ilə havadakı çirkli maddələrin konsentrasiya arasındakı əlaqə araşdırılmış və hər ikisinin birlikdə artması və ya azalması təsdiqlənmişdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Leyla Əmrahova deyib.

Onun sözlərinə görə, çirkli havanın insan orqanizminə təsirləri öskürək və bronxitdən, ürək xəstəlikləri və ağciyər xərçənginə qədər dəyişməkdədir: "Bu xəstəliklər həm sağlam, həm də bəzi risk qrupunda olan insanlarda baş verə bilər (uşaqlarda, hamilə qadınlarda, südverən analardan, yaşlılardan, xroniki tənəffüs sistemi xəstəlikləri olanlarda, siqaret çəkənlərdə daha ciddi halların meydana çıxmasına səbəb olur)".

Həkim sözlərinə belə davam edib: "Ümumi olaraq, çirkli hava tənəffüs funksiyalarının pozulmasına, tənəffüs sistemi xəstəliklərinin artmasına, xroniki tənəffüs sistemi xəstəlikləri olan insanların xəstəliklərinin kəskinləşməsinə, xroniki ürək xəstəlikləri olan insanlarin xəstəliklərinin kəskinləşməsinə, xərçəng və erkən ölüm risklərinin artmasına səbəb olur. Əlbəttə ki, içmə və suvarma su mənbələrinin, bitki örtüyünün də çirklənməsini nəzərə almaq lazımdır. Bütün bunlardan başqa beynəlxalq istiləşmə də insan sağlamlığına mənfi təsir göstərir".

Ayşən Vəli