Qəzet bizə lazımdırmı? - DEPUTAT AÇIQLADI

5 Sentyabr 2022 10:48 (UTC+04:00)

"İnsanlar yazını icad etdikdən sonra ilk dəfə fikirlərini və düşüncələrini daş üzərinə həkk etdilər. Sonra bir qədər daha asan və təkmil forma taparaq gil lövhələr düzəldib onun üzərinə yazdılar. Sonralar papirus və dəri üzərində yazmağa başladılar və ən nəhayət çinlilər kağızı icad edib onu yazı vasitəsinə çevirdilər. Tarixi ipək yolu ilə kağız Avropaya gətirildikdə avropalılar kağızdan yazı vasitəsi kimi istifadə etsələr də hər ehtimala qarşı vacib hesab etdikləri mətnlərin bir nüsxəsini də yenə əvvəlki qaydada dəri üzərində yazırdılar. Çünki kağıza etibar etmirdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, sonralar kağızın yazını asanlaşdırması çap işinin tapılması zərurətini yaratdı və basma-qəlib icad edildi: "Beləliklə kitab və digər çap məhsulları kütləviləşdi. Məlumat və bilgi, o cümlədən elm daha çox yayıldı. Ancaq bu mərhələlərin hər birindən digərinə keçid xeyli ağrılı və çətin oldu. Çünki hər dəfə yeni tapılan metod əvvəlkinə nisbətən etibarsız sayılırdı. Bu gün elm və texnologiyanın inkişafıinsanları növbəti daha modern yazı və paylaşım metodu ilə üz-üzə qoyub. Bu elektron yazı və elektron paylaşım metodudur. Ancaq insanlar düz min illər bundan əvvəlki kimi yenə də yeni metoda o qədər etibar etmirlər. Düz qədim romalılar kimi elektron formada olan yazını, həm də kağız-qəzet formasında çap edirlər ki, birdən elektron forma itər. Çünki etibarsızdır. Ancaq proses gedir və yəqin ki, bir müddətdən sonra romalılar kağızın dəridən daha yaxşı və etibarlı yazı vasitəsi olduğunu anladıqları kimi biz də elektron formanın daha çox xərc və yer tələb edən kağız-qəzet metodundan daha yaxşı və etibarlı olduğunu anlayacağıq. Ancaq bunu yəqin etmək üçün elektron yazı sisteminin arxivləşdirilməsi və etibarlılığı haqqında qənaətimiz dəqiqləşməlidir. Çünki insan fitrətən mühafizəkardır, yeniliyi bir qədər gec qəbul edir. Ancaq bizim konservativ yanaşmamıza baxmayaraq proses sürətlə irəliləyir və insanlar məlumatı, elmi, informasiyanın bütün formalarını müasir və cəlbedici formada müxtəlif internet resurslarından elektron formada əldə edirlər. Üstəlik həm yazılı, həm də səsli və görüntülü. Belə olan halda əlbəttə kağız-qəzet informasiya mübadiləsi metodu gələcəyin deyil, keçmişin informasiya mübadiləsi vasitəsinə çeviriləcək .Bu zamanın və inkişafın yaratdığı zərurətdir".

Arzu Qurbanlı