Xarici universitetlərdə təcrübə təhsil ölkəmizə nə verir? - ARAŞDIRMA

2 Sentyabr 2022 15:57 (UTC+04:00)

Müasir elmi inkişaflar və texnoloji startaplar, ən yaxşı şirkətlərdə işləmək və dünyanı gəzmək imkanı və s. xaricdə təhsil bir çox yeni qapıları üzümüzə açır. Dünyanın ən yaxşı məktəb və universitetləri ABŞ, Avropa və bəzi Asiya ölkələrindədir. Xaricdə təhsil beynəlxalq karyera qurmaq üçün ilk addımdır və xarici universitetlər dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir.

Azərbaycan universitetlərində bir çox tələbələr nəzəri biliklərə yiyələnirlərsə, ABŞ və Avropa ölkələrində fərqli yanaşma mövcuddur. Burada təhsilin əsas məqsədi diplom yox, təcrübədir. Hər kəs təkcə qiymətlərə deyil, həm də biliklərini necə tətbiq edəcəklərinə diqqət yetirir. Beynəlxalq Biznes Məktəbinin tələbələri artıq təhsil aldıqları müddətdə regionların sosial-iqtisadi inkişafı üçün layihələr yaradılır və müsabiqə qalibi öz ideyalarını həyata keçirmək üçün 1 milyon dollar alır. Mərkəzi Florida Universitetinin tələbələrindən biri "Limbitless Solutions" layihəsinin əsasını qoyur və bu layihə çərçivəsində universitetdə əlil uşaqlar üçün bionik protezlər yaradır.

Universitet tələbələri dəniz tədqiqatları aparır, rəqəmsal media üzərində işləyir və mühəndislik layihələri və s. yaradırlar. Universitetə ​​daxil olduqdan sonra da istənilən təhsil ilində ixtisaslarını dəyişmək imkanları qazanırlar. Xarici dövlət universtetləri təkcə uğurlu karyera qurmaq üçün yox, uğursuzluqlardan qorxmamağı, prioritetləri düzgün təyin etməyə və dünyaya daha geniş baxmaq üçün bir təcrübə yolu kimi göstərmək olar.

Sevindirici haldır ki, bir çox tələbələr təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alırlar. Tələbələrin ixtisas, xarici dil və informasiya texnologiyaları bilikləri yüksək qiymətləndirilir. Hər il universitetlərdən yüzlərlə tələbə təcrübə keçdikləri təşkilatlarda müqavilə bağlayır. Ən nüfuzlu universitetlərdən olan Qərbi Kaspi Universiteti tərəfindən bu il keçirilən 50-dək şirkətin qatıldığı əmək yarmarkası tələbələr üçün yeni iş imkanları açıb. Universitetin xeyli sayda tələbəsi və məzunu bu yarmarkada iştirak edərək işlə təmin olunub və təcrübə proqramlarına qoşulub.

Universitet tələbələrini işə götürməklə də onların məşğulluq problemini həll edir. Hazırda universitetin onlarla məzun və tələbəsi bu ali təhsil ocağının laboratoriyalarında, mərkəzlərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir.

Qərb Kaspi Universitetində fəaliyyət göstərən karyera mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər reallaşdırır. Bununla yanaşı, tələbələr üçün işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir. Bir çox mərkəzlər tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri tapmaqda yardım edir. Əgər tələbələr xarici universitetlərdə təcrübə almaq istəyirsə bu zaman universitetin tələblərlə iş departamentinə müraciət edə bilərlər. Təhsil aldığınızın təhsil pilləsindən asılı olmayaraq, əgər sonuncu kurs tələbəsisinizsə, universitetin nəzdində və ya universitetlə əlaqəli olan fərqli şirkətlərdə iş imkanı tapmağınız çox yüksək ehtimaldır. Bundan əlavə, dərslər zamanı professorların özü də seçilən tələbələrinə iş təklifləri edilir və əksər hallarda bu iş təklifləri uzunmüddətli işlər də ola bilir.

Tələbə Təcrübə Müdaliə proqramı (ELSA) Azərbaycanın yeni yaranmş və mühüm sahələrindən biri hesab olunur. Komandanın əsas işi təcrübə proqramları təşkil etmək, xarici tələbələrin bu proqramda iştirakını təmin etmək, yerli tələbələrin isə xarici təcrübə proqramlarında iştirakını təşkil etməkdən ibarətdir. Tələbə Təcrübə Mübadilə Proqramı tələbələrə öz hüquqi biliklərini təkmilləşdirmək, xarici ölkələrin hüquq sistemləri ilə yaxından tanış olmaq, xarici dil biliklərini inkişaf etdirmək habelə təcrübə keçdikləri ölkənin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradan bir proqramdır. Təcrübə müddəti 2 həftədən 2 ilədək davam edə bilir. ELSA təcrübə keçəcək şəxslərə proqramdan əvvəl və proqram müddətində yaşayış, viza və mühitə uyğunlaşma sahələrində böyük dəstək verir.

STEP proqramına yalnız ELSA Azərbaycanın üzvü olan şəxslər müraciət edə bilər və aşağıdakı prosedur izlənilməlidir:

ELSA Azərbaycanın STEP üzrə vitse-prezidenti ilə əlaqə saxlamaqla məlumat əldə etmək;

STEP üzrə vitse-prezidentdən əldə etdiyiniz tələbə müraciət formasını doldurmaq;

STEP üzrə vitse-prezidentindən müraciət formasında təqdim etdiyiniz məlumatların yoxlanılması üçün görüş təyin etməyi xahiş etmək;

Müraciət formasında bütün mühüm məlumatlar doldurulmalıdır və müraciətçi eyni zamanda 3 təcrübə proqramını qeyd edə bilər. Təcrübə proramına müraciət edərkən, son müraciət tarixi, təcrübə müddəti və tələblərə diqqət yetirilməlidir.

Müraciət formasını doldurarkən aşağıdakı punktlar nəzərə alınmalıdır:

Təhsil səviyyəsi

Dil bilikləri

Hüquqi biliklər

CV

Motivasiya məktubu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov SİA-ya açıqlamasında tələbələrin xarici universitetlərlə mübadilə proqramlarından danışıb.

Dünyanın müxtəlif ölkələrində belə praktika mövcuddur. Daha çox mübadilə proqramları, diplom proqramların tətbiqi zamanı təcrübədən yararlanmaq faydalıdır. Ümumillikdə hesab edirəm ki, bizim tələbələr xarici universitetlərdə təcrübə keçəndə həmin universitet mühiti ilə tanış olacaq, həmin universitetlərdə təhsil alan tələbələrə əlaqə imkanların yaranması və öz təcrübələrini bölmək imkanları olacaqdır. Bilik mübadiləsi proqramları əsasında öz təcrübələrindən güclü və zəif tərəflərini öyrənmək imkanları olacaq və eyni zamanda dünya görüşlərin artmasına gətirib çıxaracaq.

Xarici universitetlər dedikdə təbii ki, nüfuzlu universitetlərdən söhbət gedir. Və bu əlbəttəki tələbələrdə daha çox çalışmaq, əzm göstərmək kimi vərdişlər formalaşdıracaq. Düşünürəm ki, həm də sosiallaşma baxmından öz həmkarları ilə eyni sahədə oxuyan tələbləri ilə bilik mübadiləsi baxmından əlavə faydalar əldə edə biləcəklər.

Eyni zamanda xarici universitetlərdə təhsil alan tələbələrin təcrübə keçməsinə hesab edirəm ki, mühitlə yeriməsi istiqamətində yaxşı mənada ənənənin formalaşması ola bilər. Əlbəttə ki, bizim universitetlərdə o təcrübəni keçmək imkanları kifayət qədər geniş olmasa da, qabaqcıl universitetlərin getdiyi yollardan faydalanmaq olar. ADA Universteti, Bakı Ali Neft Məktəbi, hətta regionlarımızda olan savadlı kadrlı universitetlərdə təcrübələr keçmək olar. Və bildiyim qədər Azərbaycan Texniki Universteti, Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi təhsil ocaqlarda da təşkil etmək olar. Bir çox ölkələrdə bu gün işlər müxtəlif proqramlar çərçivəsində eyni zamanda tələbələrin özlərinin də arzuları çərçivəsində reallaşdırılır. Ümid edirik bizim universitetlərdə də həmin proqramlardan istifadə edəcəklər.

"Bildiyiniz kimi Azərbaycanın Ali təhsil məktəbləri beynəlxalq səviyyədə xarici ölkələrin digər ali təhsil məktəbləri ilə əməkdaşlığı bugünki günün reallığına cavab vermir, amma bununla yanaşı deyək ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti və bir sıra universitetlər var ki, bunlar ikili diplom lahiyəsini həyata keçirirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Eləş Qafarov deyib. Avropanın bir çox universitetlərindən xüsusilə də əməkdaşlıq qardaş Türkiyənin ali məktəbləri ilədir və bu ali məktəblərdə ikili diplom layihəsi həyata keçirilir. Amma pandemiyadan öncə "Dədə Qorqud" layihəsi vardır ki, qardaş Türkiyənin Ali təhsil müəssisələrindən Azərbaycanın Ali təhsil müəssələrinə tələbə və müəllim mübadiləsi yer alırdı. Bu gün Ali təhsil məktəblərimizdə təhsilin və tədrisin ümumillikdə keyfiyyətinin artırılması ilə yanaşı beynəlxalq tənzimləmələrin böyük əhəmiyyəti vardır. Və ilk növbədə bu əməkdaşlıq istər təhsil alanların, istərsə də pedaqoji heyyətin fəaliyyəti ilə həyata keçirilməlidir. Bu sahədə görüləcək çox işlər vardır. Xaricdə təcrübə keçmək istəyən tələbələrə təbii ki, layihə elan olunan zaman müəyyən şərtlər göstərilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov isə qeyd edir.

Türkiyənin bir çox nüfuzlu universiteti ilə ikili diploma dair müqavilələrimiz var. Tələbələrimiz həm bizim, həm də o universitetlərin diplomunu ala biləcək.

London İqtisadiyyat Məktəbininin beynəlxalq proqramını universitetimizə gətirmişik. Proqramın mahiyyəti ondan ibarətdir ki, birinci kursumuzu bitirən tələbə London İqtisadiyyat Məktəbi tərəfindən “foundation” kimi qəbul edilir. Bu, o tələbələrə şamil edilir ki, onların orta müvəffəqiyyət göstəricisi 80 baldan aşağı olmasın. Bu tələbələrin sənədlərini toplayıb göndəririk Londona, onlar seçim edirlər. Bu il 6 belə tələbə var. Onlar UNEC-də təhsil alırlar, müəllimləri əcnəbidir. Onların tədris proqramları bütövlükdə London İqtisadiyyat Məktəbininki ilə eynidir. Dərsliklər də həmçinin. Həmin 6 tələbəmiz "British Counsil"da imtahan verir, imtahan nəticəsi Londona göndərilir. Yekunda tələblərimiz həm İqtisad Universitetinin, həm də London İqtisadiyyat Məktəbinin diplomunu alacaqlar.

Almaniya ilə əməkdaşlığımız üzərində işlər gedir. Tamamilə yeni ixtisas olacaq və ikili diplom çərçivəsində Almaniyanın Universiteti ilə bizim əməkdaşlığımız gözlənilir. Düşünürəm ki, bu tendensiya davam edəcək. Yanaşma belədir ki, cənab Prezidentin dediyi kimi, Azərbaycan gənclərinin xaricdə təhsil alması əvəzinə, ən müasir xarici, mütərəqqi təhsili Azərbaycana gətirmək. Düşünürəm ki, müasir xarici təhsil müəssisələrini Azərbaycana gətirə biləcəyik. Biz çox hallarda öz potensialımızı layiqincə qiymətləndirə bilmirik və bir sıra hallarda mövcud potensialdan səmərəli istifadə edilməsi məsələsi aktuallaşmır. Biz iddialıyıq ki, təhsilimizdə ixrac oluna bilən elementlər də var. Biz də rəqabət aparmaq iqtidarındayıq.

Yunanıstanın Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu ilə İqtisad Universitetinin müqaviləsi var. Bu Avropa İttifaqı çərçivəsində reallaşan layihədir. Orada 120 kreditlik magistr proqramının 30 kreditini bizim universitetin müəllimləri tədris edir. Biz Avropa İttifaqına üzv olan Yunanıstanda kadr hazırlığını həyata keçirəcəyik. Diplomda da İqtisad Universitetinin adı yazılacaq.

Rektor Türkiyə, Böyük Britaniya və Portuqaliyanın ali təhsil müəssisələrində doktorantura təhsili alan gənclərlə təhsillərinin mövcud vəziyyətini qeyd edib. Məzunların bilik və bacarıqlarla yanaşı, dəyərlərə də sahib olmalarının vacibliyini qeyd edən professor Ədalət Muradov bu istiqamətində gənc müəllimlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.

Müəllif: Havar Şəfiyeva