Sevincimiz, kədərimiz, qürurumuz SENTYABR BAXIŞ BUCAĞI

2 Sentyabr 2022 15:55 (UTC+04:00)

İki il öncəyədək sadəcə təqvimin 12 ayından biri idi sentyabr. Tarixi və əlamətdar günləri olan digər aylardandı. Bu ay payızı gətirir ömrümüzə. Onu əsasən bu xüsusiyyəti ilə tanıyırdıq. İsti yayın arxasından həzin küləkləri ilə bir sərinlik gətirir, yaya “əlvida” deyib payızı qarşılayırdıq sentyabrda. İllərdir ki, sentyabr beləcə gəlib keçir, gedir, illərin üstünə gələn illərdə rolu yalnız bundan ibarət olurdu. İki il öncə isə sentyabr dəyişdi, başqalaşdı, bizim üçün xüsusi bir aya çevrildi. Payızı ömrümüzə təzəcə gətirmişdi ki, təqviminin 27-ci günündə İkinci Vətən müharibəsi başlandı.

Sentyabr: Böyük Zəfərə aparan yolun başlanğıcı

Həmin gün, sözün həqiqi mənasında, sevinclə kədəri bərabər yaşadıq. Öncə kədərləndik. Çünki kim müharibə istəyər ki? Bizim xalq Birinci Vətən Müharibəsini gördüyü, onun ağrı-acısını yaşadığı üçün yeni bir müharibəni əsla istəmirdi. Lakin 30 il idi ki, torpaqlarımız erməni işğalı altında idi. 30 ildə bu torpaqların geri qaytarılması, həm də sülh yolu ilə qaytarılması üçün bütün yollar axtarılmışdı. Dövlətinizin başçısı danışıqlar aparmış, dünyanın ən yüksək tribunalarından bu problemin həllinə çağırış etmişdi. Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmışdı. Qarabağın Azərbaycan torpağı olduğunu sübut etmişdi. Bunun üçün qətnamələrin qəbul edilməsinə nail olmuşdu. Lakin bu qətnamələr kağız üzərində qalmaqda idi. Maraqlı dairələr bu həqiqətin həyata keçirilməsinə yol vermirdi. Beləliklə torpaqlarımızın azad olunması ilə bağlı müsbət nəticə əldə olunmurdu. Bu düyünü çözməyə cavabdeh olanların hamısı susurdu. Hamısı ermənilərin tərəfini tuturdu. Haqq səsimizi dinləmirdilər, ədalətin biz tərəfdə olduğunu görmək istəmirdilər.

Belə olan təqdirdə ölkəmizdə hər an yeni bir müharibənin başlanması gözlənirdi. Bunu dəfələrlə dövlətimizin başçısı da vurğulamışdı ki, torpaqlarımızı dinc yolla geri ala bilməsək, hərb yolu ilə alacağıq. Çünki o torpaqlar bizimi əzəli torpaqlarımız, soydaşlarımızın dədə-baba yurdu idi.

Bəli, dünya haqq səsimizin cavabında susduqca yeni bir müharibənin başlanması da zərurətə çevrilirdi. Və həmin tarix 2020-ci ilin 27 sentyabrına təsadüf etdi. İllərdir, sentyabr ayının gəlişinə heç bir reaksiya vermirdik. Çünki o, sıradan bir ay idi. gəlirdi, xoş gəlirdi... Lakin ikinci sentyabrdır ki, avqustu yola salıb ömrümüzə girdiyi andan sanki birbaşa xatirələrimizə qədəmini qoyur, onu oyadır, “mən gəlmişəm” deməklə müharibəli günlərimizi yenidən gətirir ömrümüzə.

Sentyabr... Düşünərdikmi ki, Zəfərə gedən yol başa çatmaqda olan bu ayın cəmi 3-cə günündən başlayacaq? Düşünərdikmi ki, həyatımıza gələn növbəti payızın birinci həftəsindən torpaqlarımızın azadlığına gedən yol başlayacaq? Düşünərdikmi ki, bu payız tamamilə başqa bir payız olub ömrümüzə payızda bahar gətirəcək?..

Sentyabr bizi nisgilimizi silməyə göndərdi

Sentyabr bizi illərdən bəri üst-üstə yığılan torpaq nisgilimizi silməyə göndərdi. Sentyabr bizi hicranı qovub, vüsalı Qarabağ ellərinə qonaq çağırmağa göndərdi. Sentyabr bizi şərəfimiz, namusumuz olan torpaqları düşmən əlindən almağa göndərdi. Sentyabr minlərlə oğlumuzu Vətən yolunda canından keçməyə, lakin namusumuzu hifz etməyə göndərdi...

Sentyabr... Ayların tacı oldu bizim üçün. Çünki həmin ay biz həmrəy olub dövlətimizin başçısı ətrafında toplaşmışdıq, bütün xalq ayağa qalxıb cəbhəyə yollanmağa Ali Baş Komandandan əmr gözləyirdi. Milli Ordumuz cəbhədə bizə torpaqlarımızı geri qaytarmaq üçün zamanın çatdığını diktə edən böyük sərkərdənin əmri ilə əməliyyatlar həyata keçirirdi.

Həmin günü-27 sentyabrı bugünkü kimi xatırlayıram. Havadan müharibə qoxusu gəlirdi. Həmin gün camaat arasında bəzi xəbərlər dolaşırdı ki, Qarabağda vəziyyət gərgindir. Televiziya kanallarının hər biri də sanki müharibəyə köklənmişdi. Səhər saatlarında bütün televiziya kanalları ölkə Prezidentinin xalqa müraciət edəcəyini anons edirdi. Səbirsizliklə dövlətimizin başçısının müraciətini gözləyirdik. Nəhayət ki, müraciət yayımlandı.

Dövlətimizin başçısı: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Bu ilk cümlələr məsələnin nə yerdə olduğunu və müharibənin başladığını bəlli edirdi. Dövlətimizin başçısının ermənilərin son aylarda törətdikləri təxribatları sadalaması və yeni torpaqlar işğal etmək niyyətində olduqlarını bildirməsi isə artıq bu müharibənin qarşısının alınmaz olduğunu təsdiqləyirdi: Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.

Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə, Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.

İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.

Beləliklə, sentyabr bizi 30 il əvvəldən başlanan, artıq qəlblərimizdə düyünə çevrilən, daşlaşan nisgilimizi silməyə göndərdi. Sentyabr müharibəni başlatdı. Tamamlanmasına 3 gün qalmış yeni bir müharibəyə start verib, əsgərimizi payızın sazaqlı-soyuqlu günlərində torpağını azad etməyə göndərdi.

Sentyabr həm sevindirdi, həm də kədərləndirdi

Sevindirdi, ona görə ki, 30 illik arzumuz hasil oldu. Baxmayaraq ki, biz müharibə istəmirdik. Şəhid dağı, bala itkisi, qazi yarası, itkin dərdi istəmirdik. Çünki bunların hamısını Birinci Vətən Müharibəsində yetərincə yaşamışdıq. Minlərlə şəhid, qazi, itkinimiz olmuşdu. Analarımız qara yaylıq qalmışdı. Atalarımızın qəddi bükülmüşdü. Bütün bu itkilərlə yanaşı, həm də torpaqlarımız işğal olunmuşdu. Ozamankı dövlət rəhbərliyinin ordumuzun cəbhədə kömək gözləyən əsgərinə heç bir köməkliyi olmamışdı. Bu səbəbdən də torpaqlarımızı itirməli olmuşduq. Əks təqdirdə bu xalqın hünərinə də, qeyrətinə də, döyüş qabiliyyətinə də hamı şahiddir.

Torpaqlarımız satılmışdı, insanlarımız isə boş yerə qan axıdırdı cəbhədə. Görün belə bir vəhşilik, qəddarlıq görünübmü dünyada? Sən xalqın torpağını sat-sov, otur sakitcə kreslonda, millətinin onlarla nümayəndəsinin də hər gün evlərinə cənazə gətirilsin. Həqiqətən Birinci Vətən Müharibəsində bu xalqın başına gələnlər tarixdə görünməyən hadisələr silsiləsindəndir. Sonda da bu qədər itki qarşılığında torpaqların da əlindən getsin, qalsın yağı tapdağı altında. Yağı da bu torpaqlarda yaşayan günahsız insanları gecənin qaranlığında, soyuğunda silah gücünə evindən çıxarıb salsın çöllərə. Onlar da köçkün, qaçqın, didərgin adı ilə yaşamalı olsunlar. 30 il yurd həsrəti, nisgili ilə yanıb alovlansınlar. Harada idin, ey ilahi ədalət. Belə vəhşilikmi olardı?

Bəli, bütün bu səbəblərdən müharibənin başlanmasına kədərləndik. Axı müharibə acılar, çətinliklər, göz yaşı, unudulmaz yaralar və xatirələr bəxş edir insanlara. Belə isə kim müharibə istəyər. Biz bilirdik ki, yenə də övladlarımız şəhid olacaq, sağ-salamat göndərdiklərimiz evimizə sağlamlığını müharibədə qoyub qayıdacaq. Bilirdik ki, balalarımız itkin düşəcək. Ömrümüzün sonunadək gözlərimizi yollarda qoyacaq, hər qapı döyüldüyündə gəldiyini zənn edəcəyik. Lakin onu da bilirdik ki, nə ölkəmiz 30 il əvvəlki ölkədir, nə də ordumuz. Bilirdik ki, bu dəfə qələbə haqqın, ədalətin yanında olacaqdır.

Elə buna görə də sevinirdik. Sevinirdik ki, torpaqlarımız geri qaytarılacaq. Axı nə qədər tənə qəbul etməli idik? Niyə bizə torpaqlarınız erməninin əlindədir, deməli idilər? Bunun bir sonu olmalı idi axı. Sevinirdik ki, biz namus məsələsi olan torpaqlarımız uğrunda mübarizəyə qalxmışıq. Sevinirdik ki, Qarabağımız, Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Zəngilanımız, Ağdamımız və sair rayonlarımız həbsdən azad olunacaq, anası Azərbaycanın qoynuna qayıdacaq. Köçkün, qaçqın, didərgin adı üstümüzdən götürüləcək. Sevinirdik ki, biz yenidən Qarabağa gedəcəyik. Əzizlərimizin məzarını görəcəyik. Ən əsası isə sevinirdik ki, biz əyilib o torpaqları öpəcəyik.

Sentyabr qürurumuz oldu

Baxmayaraq ki, müharibə sentyabrın 3 gününü, bütöv oktyabrı və noyabrın 10 gününü əhatə etdi, lakin Zəfərə gedən yol sentyabrdan başladığı üçün bu ay bizim qürurumuz oldu. Artıq ermənilərin həddini aşan hərəkətlərinə dözmək o qədər mümkünsüz olmuşdu ki, bu, müharibənin başlaması üçün real şərait yaratmışdı. Ölkə başçısının müharibə başlayan gün xalqa müraciətindən: Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.

Və müraciətdə eyni zamanda Ermənistanın murdar təxribatları da sadalanır, bunun qarşısının almağın vaxtı çatdığı söylənilirdi: Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.

Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır.

Bəli, Ermənistan bizə qarşı müharibəyə hazırlaşdığı təqdirdə ona qarşı müharibəni yəqin ki, gözləmirdi. Çünki onların fikri, düşüncəsi hələ də 30 il əvvəldə qalmışdı. Bizdə isə nə 30 il əvvəlki dövlət, xalq, nə də ordu vardı. Bunların hamısı tarixin o üzündə qalmışdı.

Sentyabr bizim qürurum oldu və illər sonra da biz sentyabrı belə xatırlayacaq, onu ayların tacı hesab edəcəyik. Çünki sentyabrdan başlanan yol bizi qürurlandırdı, həmrəyliyimiz, “Dəmir yumuruq” ətrafında sız birləşməyimiz bizi dünya ilə bir etdi. Hamı bizdən danışdı...

Sentyabr payızını Qarabağda bahara çevirdi

Sanki təbiət də bu müharibəni gözləyirdi. Bu yerin sahiblərinin qayıtmasını, 30 il günəş doğmayan torpaqlara nur gətirməsini gözləyirdi. 30 il küsmüş təbiət onsuz da payız ömrünü yaşayırdı. Bütün torpaqlarımız bozdan don geyinmiş, yağı tapdağı altında əzildiyindən küsmüş, gülünü-çiçəyini içinə gömüb doğmasının yolunu gözləyirdi. Bu yerlərə yaşıl, al-əlvan rəngləri bir də onun əzizləri gətirə bilərdi.

27 sentyabrdan başlanan yolla Qarabağa irəliləyən ordumuz bu torpaqların 30 ildə gözlədiklərini verdi onlara. Torpaq doğma övladlarının nəfəsini çəkdi ciyərlərinə, şəhidinin qanından içdikcə illərin susuzluğundan xilas oldu. Axı torpaq övladını özü üçün dünyaya gətirir. Zamanında onu qoruması, müdafiə etməsi üçün. Bu səbəbdən də ona doğmasının qanı yadın suyundan əzizdir.

44 günlük payız Qarabağa bahar gətirdi. Sanki hər yer yaşıllaşdı, al-əlvan güllər açdı. Axı Qarabağa doğması gəlmişdi. Onu xilas etməyə, yadların əlindən almağa gəlmişdi. Bütün təbiət pişvazına çıxmışdı əsgərimin. Günəş də payızın qaş-qabağını yarıb üfüqdən boylanırdı. Öz hərarəti ilə əsgərimi isidirdi ki, mübarizəsini davam etdirə bilsin. Payız xəzəlini yastıq edib əsgərimin başının altına qoyurdu ki, bir anlıq yuxusu ilə güclənib yağının başına od töksün. Torpaq canlanıb övladını bağrına basırdı, onu sinəsində düşməndən gizlədirdi, müdafiə edirdi ki, əsgərim də onu azad edə bilsin.

Beləliklə, sentyabr payızını Qarabağa bahar kimi yolladı. 2020-nin 44 günlük payızı bahara çevrildi Qarabağda. Zəfər səsi duyulduqca, Zəfər rəngli bayrağımız torpaqlarımız üzərində dalğalandıqca Qarabağa allı-güllü bahar gəldi. Elə bir bahar ki, soyundurdu torpaqlarımızın boz libasını. Allı-güllü libasını geyindirdi yurdlarımıza. Bu, elə bir bahardır ki, yüz illər bundan sonra da yurd yerlərimizin daim al-əlvan, çiçəkli-güllü, günəşli olmasının yeni bir təməlini qoydu.

Bu gün torpaqlarımızda gedən böyük quruculuq işləri, yurddaşlarımızın Kəlbəcərə qayıdışı, qarşıda hələ neçə-neçə qayıdışlar o bahardan stimul alıb. Hələ qarşıda bu qədim torpaqlarımızda daha hansı yeniliklər olacaq, onu zaman göstərəcəkdir. Çünki Qarabağ əbədiyyən Azərbaycandır!

Mətanət MƏMMƏDOVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb