Yeni tədris ilinin başlamasına az zaman qalan bir dövrdə məktəb ehtiyaclarının başında olan çantalar uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Yanlış çanta seçmək və ya istifadə etmək uşaqlara çiyin, boyun və bel problemlərini gətirir.
İdeal məktəb çantası necə olmalıdır?
İlk növbədə, məktəbli çantasının ölçüsünə diqqət yetirilməlidir. Məktəb çantası uşağın iki çiyninin arasında olmalı və çantanın uzunluğu bel səviyyəsindən çox olmamalıdır. Uşaq üçün uyğun ölçüdə seçilən məktəb çantası istifadə zamanı rahatlıq təmin edəcək.
Seçilmiş məktəb çantasının arxasında bel kəməri varsa, bu kəmər çantanı daşıyarkən uşağın bel nahiyəsini dəstəkləyəcək. Çantanın çiyin qayışları və bel kəməri də yumşaq dayağa malik olmalıdır.
Çanta seçimindən sonra onun istifadəsi də önəmlidir. Xüsusilə ibtidai sinif dövründə hazırlanan məktəb çantalarının çəkisi ağırdır. Çantanın çəkisi uşaqlarda çiyin ağrılarından bel problemlərinə səbəb ola bilər, ona görə də valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar.
Orta hesabla 30 kq olan 10 yaşlı uşağın çantası 3 kq-dan çox olmamalıdır. Eyni zamanda, çantanın içərisindəki bölmələrdən istifadə etməklə çəki çantada bərabər paylanmalıdır.
Arxa və bel nahiyəsinə yaxın yerlərdə daha ağır əşyalar qoyulmalıdır. Çox ağır çantalar daşımaq məcburiyyətində qalan uşaqlar üçün təkərli çantalara üstünlük verilə bilər.
SİA mövzu ilə bağlı pediatr və ekspertlərin fikirlərini öyrənib.
Mütəxəssis pediatr Yüksel Hüseynli: “Çantaların hazırlandığı material və bədən quruluşuna uyğunluğu inkişaf dövründəki uşaqların onurğa sütunu sağlamlığı üçün böyük önəm daşıyır. Məktəb çantası seçərkən ilk diqqət etməyimiz gərəkən faktor uşağın yaşıdır. Məktəb çantası uşağın bədən çəkisinin 10-15 %-dən çox olmağı müxtəlif onurğa sütunu problemləri, ağciyərlərin sıxılması kimi fəsadlar yaradır.
Məktəbli çantalarının müxtəlif növləri var ki, bunlardan ən münasibi beldən asılan və təkərli çantalardır. Beldən asılan çantaların hər iki asılqanı enli və yumşaq materialdan olmalı, uşağın kürək sümükləri bərabərində durmalıdır. Həddən artıq dar və ya geniş asqılı çantalar da eyni şəkildə onurğa sütunu probeminə səbəb olur.
Digər bir üsul bir çox xarici ölkələrdə tətbiq olunan, məktəbdə uşaqlar üçün şəxsi dolabların hazırlanmasıdır. Burada uşaqlar gündəlik əşyalarını qoymaqla çanta yükünü azalda bilərlər. Bu xüsusən böyümə dövründə olan uşaqlar üçün çox əlverişli üsuldur.
Araşdırmalar göstərir ki, məktəb çantasının ağır olması, məktəbə gedilən piyada yolun 20 dəqiqədən uzun olması uşaqlarda onurğa problemləri artırmaqla yanaşı, yorğunluq, motivasiya itkisi, ağciyərlərin uzun müddətli sıxılması oksigen çatışmazlığına, nəticədə uşaqlarda tədris prosesi zamanı halsızlığa səbəb olur.
Çantaların ağırlığı valideynlərin və müəllimlərin daimi nəzarətində olmalı və uşaq üçün ən rahat yolun seçilməyi vacibdir”.
Təhsil eksperti Kamran Əsədov: “İlk növbədə onu deyim ki, bəzi valideynlər məktəbə yollanan uşaqlar üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır.
Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşur və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.
Bu gün təkcə dərs oxumaq yox, həmdə o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib.
İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.
Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır.
Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.
Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbətdə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur.
Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı kitabların həcmində ixtisarlar edilməlidir.
Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var.
ABŞ-da həftənin 5-ci gün isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur.
Amma çıxış yolu rüblüklər üzrə dərsliklərin hazırlanması ola bilməz. Ona görə ki, indi əvvəlki kimi 4 rüb yoxdur, 2 rüb var, bunan başqa mövzular arası əlaqə pozulur. Çünki hər 4 həftədən bir keçirilən KSQ və rübün sonunda keçirilən BSQ imtahanlarında şagirdlər əvvəlki mövzuları da təkrarlamalı olurlar. əgər həmən vəsaitlər onların yanında olmsa, bu zaman onlar əvvəlki dərsləri təkrar edə bilməyəcək. Amma şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar.
Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib.
Bu olduqca müsbət bir addımdır. Çünki şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır. Çantanın ağır olmasına 4 amil təsir göstərir:
1.Çantanın özünün çəkisi
2. Çantaya qoyulan dərsliklər
3. Çantaya valideynlər tərəfindən qoyulan qida, su ehtiyatı,
4. Köməkçi və əlavə dərs vəsaitləri, ləvazimatları.
Rəsmi olaraq I sinfin 5 kitabı var, onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm rellığı əks etdirmir.
Kitabın yüngülləşdirilməsi hansı formada həyata keçirilə bilər:
1. Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır.
2. Dərsliyin yazşı şiriftlərini kiçiltməklə həcminin azaldılması. Bundan ümumiyyətlə istifadə etmək olmaz. Onsuzda orta məktəbləırdə təhsil alan şəgirdlərin 65 faizində görmə problem var və bu və addımın atılamsı daha ciddi fəsadlar yarada bilər.
3. Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi. Bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxa bilər.
Dəsrliyin çəkisinin azaldılması istiqamətində hesab edirəm ki, atılmalı ən zəruri addımlarrın biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar.
İkincisi dərsliklərdə ancaq lamizi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Son illər o qədər lazımsız dərsliklər çap ediblər ki, onları məktəbli çantasına sığışdırmaq mümkün olmur. Kitab-dəftər sayı çox olduğundan bəzən çanta məktəblidən ağır olur. Buna görə də məktəbli mütləq valideyni ya da, özündən böyük qardaş-bacısı müşayiət etməli olur. Çünki həmin çantanı təkbaşına daşımaq aşağı sinif şagirdlərinin imkanı xaricindədir. Əgər uşaq o çantanı təkbaşına aparıb-gətirsə qısa müddət ərzində səhhətində ciddi problem yaranar, hətta şikəst qala bilər.
Mən şagirdləri lazımsız dərsliklərlə yükləməyin əlehinəyəm. Biz orta məktəbdə oxuyanda hər fənndən cəmi bir kitabımız vardı. İndi xeyli sayda əlavə vəsaitlər çap olunub. Hansı ki, müəlliflərin çoxunu cəmiyyət tanımır, öz sahələrinin peşəkarı deyillər. Çoxu tanışlıqla, şəxsi əlaqələr hesabına kitab yazır, dərslik çıxarır. Məncə, Elm və Təhsil Nazirliyi bu məsələlərə diqqət yetirməlidir. Hər yaşın öz tələbi var. Dərslikləri mürəkkəbləşdirməyin heç bir əhəmiyyəti yoxdur. Uşaq uşaqlığın yaşamağa vaxt tapmalıdır”.
6 yaşlı Mehri İsmayılovanın valideyni Rüfanə İsmayılova: “Qiyməti baha olsa da qızıma ortapedik çanta aldım. Düşünürəm ki, ucuz çanta almaq da yaxşı deyil. Onlar çox keyfiyyətsiz olur və insanı ikiqat xərcə salır.
Çantanın görüntüsü elə olmalıdır ki, uşağın fikri yayınmasın. Minimalist və keyfiyyətli çantalara üstünlük verilməlidir.
Çantanı uşağa daşıtdırmağın tərəfdarı deyiləm. Düşünürəm ki, bu uşaq üçün çox ağırdır. Kitablar uzun olduğu üçün çanta alarkən irihəcmlisini seçməliyik.
Əvvəl belə deyildi. Bizim vaxtımızda kitablar ortaölçülü olurdu. Heç bir uşaq bu ağırlıqda çantanı daşıya bilməz və valideyn də uşağına deyə bilməz ki, bu ağırlıqda çantanı daşı”.
Ayşən Vəli