30 avqustda Moskvada Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşdə iki ölkə sərhədinin delimitasiya və təhlükəsizliyi məsələləri yenidən müzakirə edildi və qərara alındı ki, növbəti görüş də keçirilsin. 31 avqust tarixində isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib...
Azərbaycan yeni yol inşa edərək Laçın şəhərindən, Zabux və Sus kəndlərindən keçən dəhlizi geri aldı və eyni zamanda, hər üç yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçdi. Bundan əvvəl də ermənilərin xislətinə bələd olanlar onların həmin ərazilərdən çıxarkən evlərə və meşələrə od vuracaqlarını deyirdilər. Hətta Ermənistanda belə xəbər yayılmışdı ki, ermənilər bu dəfə ağıllanıblar, xoşagəlməz addım atacaq qədər qanmaz deyillər. Çünki belə bir cinayətə yol verən ermənilərə kompensasiya verilməyəcək. Amma hər iki tərəfdə ciddi şəkildə yanıldılar. Verilən xəbərlərə görə, Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub.
Erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib. Halbuki Qarabağdakı ermənilər də evləri tərk edərkən yanğın törədənlərə qarşı tədbir görəcəklərini bildiriblər. Ermənistandan isə fərqli mövqe sərgiləyirlər. Bəyan edirlər ki, Laçın və Zabux sakinlərinə qarşı heç bir cinayət təqibi yoxdur, “çünki onlar evlərini tərk etməzdən əvvəl yandırıblar”.
Ermənilərin yaydıqları son məlumat isə daha azğınlaşmış üslubdadır. Guya bu əraziləri azərbaycanlılar özləri yandırır. Bəli, ermənilərə üz verdikcə, astar da tələb edirlər. Onlara nəinki yol, bir “pişikyolu” da kifayət edərdi. Amma onlar Azərbaycanın inşa etdiyi unikal yol infrastrukturunu bizim borcumuz kimi anlayırlar. Artıq 30 avqust 20:00 tarixindən başlayaraq Ermənistanla Qarabağ arasında gediş-gəlişi təmin edən yol işə düşüb. Yol boyu Rusiya sülhməramlıları yerləşdirilib.
Özünü “Artsax”ın “XİN” başçısı sayan David Babayan görək nə deyib. Ərz edib ki, “Artsaxın Azərbaycanın tərkib hissəsi kimi yalnız bir gələcəyi var - deportasiya, məhvetmə və soyqırım”. Bu fikirlər kimin ağlına gələr, əlbəttə, hər üç qanlı hadisəni törədən xalqın nümayəndəsinin. Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, “azərbaycanlılarla ermənilər eyni ölkənin vətəndaşı kimi yan-yana yaşaya bilərlər”. Babayan isə bu fikirlərə sırf ermənisayağı yanaşaraq əlavə edib ki, “ermənilər və azərbaycanlılar eyni ölkənin daxilində yaşaya bilər, lakin bu, üçüncü ölkə ola bilər. Belə misallar çoxdur, məsələn, Rusiya, ABŞ, İsveçrə və s. Amma Azərbaycan hər şeyi edir ki, belə ölkələrdə belə azərbaycanlılar ermənilərə düşmən münasibət bəsləsinlər. Amma bu halda söhbət bizdən və Azərbaycandan gedirsə, o zaman biz Azərbaycanın bir hissəsi ola bilmərik”.
Onda nə etməli? Əgər ermənilər bizimlə birgə yaşamağı özlərinə sığışdırmırlarsa, bunu "ermənilərə təhqir" hesab edirlərsə, yol açıqdır, həm də yeni yol. Asfaltlanmış, ütülənmiş, sizin bəyənmədiyiniz, internet xəttinin olmadığı bəhanə gətirib ağız büzdüyünüz yola indi də urus qardaşlarınız nəzarət edir. Porunuzu-posunuzu götürüb rədd olun bu torpaqlardan. Laçınlıları, kəlbəcərliləri, xocalıları, ağdamlıları öz evindən, yurdundan necə qovmuşdunuz, yadınıza gəlirmi? Əslində, biz də oxşar törəni sizin üçün hazırlamalı idik. Prezidentlərinizin söylədiklərini bir daha xatırladım, deyirdilər ki, bu torpaqları qanla almışıq və qanla da verə bilərik. Azərbaycanlılar qorxmurlarsa gəlsinlər və alsınlar. Və gəldik, bizimki olanı aldıq. Amma sizin kimi insanlığımızı itirmədik, uşağa, qocaya, qıza-gəlinə əl qaldırmadıq, qana susamadıq, əsirlərin üzərində eksperiment aparmadıq, meyitlər üzərindən vandallıq, vəhşilik etmədik. İnsan olmağı öyrətdik sizə, qanunsuz ələ keçirdiyiniz evlərdən rahatlıqla çıxmağınız üçün vaxt verdik sizə, siz isə yenə qanmadınız. Bu gün bizim günümüzdür. Haqqımız olan qələbəni əldə etmişik, bunun davamını Moskvada da, Brüsseldə də gətirəcəyik...
Bu arada Ermənistanın ictimai televiziyasının reportajında Laçın dəhlizinin yeni marşrutundan danışılıb: "Qarabağı Ermənistanla birləşdirən 4,7 km-lik yeni marşrut Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin ərazisindən başlayır və Gorusa qədər uzanır. Bütün yol boyu Rusiya sülhməramlıları yerləşdirilib. Yeni marşrut Xankəndi-Gorus avtomobil yolunun 36-cı kilometrliyindən başlayır. “Laçın” yol nişanından sola dönün və uzunluğu 21,3 km, eni 11,2 m olan yeni yol ilə davam edin. Gorus ərazisində isə yolun birinci qatı hələ vurulmayıb". Budur, ermənilərin reallığa verdikləri qiymət, hələ də kimdənsə kömək gözləyirlər. Guya kimsə gəlib əvvəlki işğal dövrünü ermənilərə qaytaracaq, Qarabağ və 7 rayonu yenidən bu urvatsız xalqın istifadəsinə verəcək. Ay siz öləsiniz...
Ermənistanda hökumət binasının qarşısında Laçından "köçən" ermənilərin etiraz aksiyası keçirilir. Hərənin ağzından bir avaz gəlir, tələblərin sayı-hesabı yoxdur və yaşlı bir erməni qadından jurnalist münasibət öyrənməyə çalışır. Qadın Qarabağa qayıtmaq istəmədiyini deyir, əlavə edir ki, əgər ona Zəngilanda yaşamağa icazə versələr, məmnuniyyətlə gedər... Adamın deməyə sözü qalmır, az qalır nitqin qurusun. Bunlar bizi nə hesab edirlər? Elə təsəvvür yaranır ki, sanki bu torpaqlarda ümumiyyətlə, azərbaycanlılar yaşamayıb. Ermənilər ta qədimdən bu torpaqların sahibi olublar. Zabuxda yaşayan livanlı, suriyalı erməniləri başa düşdük. Hır və zırı başa düşmürlər, savadsızdırlar və Azərbaycanın varlığından-yoxluğundan məlumatsız ola bilərlər. Amma sovet dövründə də bizimlə yaxşı əlaqələri olan, gediş-gəliş edən, xeyir-şərimizdə iştirak edən Zəngəzur, Dərələyəz, Basarkeçər, Göyçə, Dilican, Qarakilsə bölgələrimizdə yaşayan azsaylı ermənilərinə nə deyəsən? Bunların da beynini tam olaraq zəhərləyiblər. Belələri ilə birgə yaşamaq həm təhlükəli, həm də əhəmiyyətsizdir, sabah başqa havalara oynaya bilərlər...
V.VƏLİYEV