Kimləri "bakılı" adlandırırlar? - ARAŞDIRMA

31 Avqust 2022 17:38 (UTC+04:00)

Azərbaycanı rayonlar, şəhərlər üzrə bölgələrə bölmək olmaz. Yurdumuzun hər qarışı özəl və gözəldir. Hər bölgə də spesifik xüsusiyyətləri ilə digərindən fərqlənir. Məsələn, Qazax sazı-sözü ilə, Lənkəran limonu ilə, Naxçıvan alçası ilə, bakılılar arasında da elə şəxslər var ki, göyərçin saxlamağı ilə dillərdə dastandırlar və s. Bunlara bir çox misal çəkmək olar.

"Bakılılar" kimdir? Əsl "bakılı" necə olur? Kimləri "bakılı" adlandırırlar?

Müasir dövrə qədər Bakıya 3 dəfə axın olub. Amma əsasən böyük şəhər olaraq formalaşmağı neft qumundan sonra başlayıb. Bu müddətə qədər stabil qalan əhali, yəni İçərşəhərin və Bakı kəndlərinin köhnə əhalisi sürətlə dəyişməyə başladı. Səbəb isə rayonlardan olan axın idi. 15-20 min əhali 20 ilin içində 100 mini keçdi. Bəs, bu axınlar nə ilə başladı? Çünki neft mədənlərində işləmək üçün çoxlu işçi qüvvəsi lazım idi. Bakının öz əhalisi isə buna ayaq uydura bilmirdi. Səbəb isə artıq hər kəsin öz işinin olması idi. Yəni, hərənin öz fəaliyyət sahəsi var idi. Bunun üçün müəyyən qədər pis vəziyyətdə yaşayan, dolanmağı çox zəif olan əhali lazım idi ki, evini-eşiyini atıb çörəkpulu qazanmaq üçün Bakıya gəlsin.

Bakının 32 kəndi — Bakı və Abşeronda geniş yayılmış anlayış olub ənənəvi Abşeron kəndlərini ifadə edir. Bu anlayış adətən XIX əsrin sonlarında Abşeron yarımadasında getmiş sənayeləşməyə qədərki yaşayış məskənlərinə işarə etsə də, əslində Bakının sözügedən "ənənəvi" kəndlərinin sayı həmişə 32-dən çox olub. Hələ 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi. Bakı ətrafında və Abşeronda kəndlərin sayının sonuncu dəfə XVII əsrdə 32-yə bərabər olması, bu ifadənin də ən geci XVII əsrdə yaranmasını ehtimal edir. Bununla belə Bakının 32 kəndi adı altında ehtiva edilən kəndlərin bir qismi sözügedən anlayışdan xeyli sonralar yaranmışdır. 1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. 2018-ci il statistikasına əsasən Bakı şəhəri inzibati ərazisi daxilində 59 qəsəbə var.

Mənbələr göstərir ki, kiminki 3 nəsli Bakıda yaşayıb, o, bakılı sayıla bilər. Şəhər 1870-ci ildə formalaşmağa başlayıb. Köhnə Bakı deyəndə İçərişəhər nəzərdə tutulur.

Bakılıların özünəməxsus qayda-qanunları nələrdir?

Deyilənə görə, Bakı əhli həmişə kənardan gələnlərə səxavətli olub. Amma illər, əsrlər keçsə də, Bakıda dəyişməyən bir şey var ki, o da böyük-kiçik məsələsidir. Məsələn, bir cavan gəlin keçirsə, bakılılar tez üzünü sağa, ya sola döndərirlər. Elə ki, döndərmədi, əksinə, gözünü zilləyib baxdı, demək ki, o gəlmədir. Deyirlər ki, "Bakılı belə hərəkət eləyə bilməz!".

Ümumiyyətlə, əsl bakılı kənddən gələnə əyri baxmaz və baxmır da. Elə bir şey yoxdur, ola da bilməz.

Gəlin, bəzi Bakı kəndləri haqqında olan məlumatlara nəzər yetirək:

Balaxanı -Bakı şəhərinin Sabunçu rayonunda şəhər tipli qəsəbədir. Neft bumundan əvvəl əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və bostançılıq olmuşdur. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" - yuxarı, hündür, "xana" - ev deməkdir. Yerli balaxanılılar isə öz dillərində bu kəndə "Bəəxonə" deyir ki, Bəə - yuxarı Xonə - ev deməkdir.

Abşeronda neft istehsalından əvvəlki dövrdə (XIX əsrin ortalarınadək) kənd əhalisinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıq olub. Kəndin kənarındakı Böyükşor gölünün yaxınlığında üzümlüklərdə məşhur üzüm növləri becərilirmiş.

Bibiheybət, Xanlar (1936–1992) - Bakının Səbail rayonunda şəhər tipli qəsəbədir. Bakının qədim kəndlərindən biridir. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.

Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbədir. Bilgəh üzüm, əncir, nar bağları və zəfəranı ilə hələ qədimdən məşhur idi. Bilgəh vaxtilə Bakının qədim kəndlərindən biri olub. Bilgəh sözünün mənası "Piləgah" sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer, ipək yeri" anlamına gəlir. Görünür, vaxtilə burada çox əski zamanlarda barama becərirmişlər. 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 8.3 min nəfər əhali yaşayırdı.

Biləcəri kəndi — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində iri şəhər tipli qəsəbədir. Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cər/cəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan" mənasında izah edirlər. Başqa bir etimologiyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir. Şair, meyxanaçı, əruzşünas Vüqar Biləcəri burada anadan olub.

Binə - ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Burada ilk məskunlaşan əhali bəzi mənbələrə görə Kürkəndinin əhalisi, digər mənbələrə görə isə Nardaran kəndinin əhalisini olmuşdur. Qəsəbə əvvəllər Nardaran əhalisinin otlaq ərazisi olmuş və ilk məskunlaşan da məhz Nardaranlılar olmuşdur.

Binə əhalisinin etnik tərkibini, əsasən, Nardaran , Kürkənd əhalisi və bundan əlavə Cənub rayonlarından (Lerik ,Lənkəran, Naxçıvan və s.) və aran rayonlarından təsərrüfat məqsədilə köçüb gələn insanlar təşkil edir. Tarixi Nardaran, Maştağa əhalisinin də böyük qismi Binədə məskunlaşıb.

Buzovna - Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur.

Müasir Bülbülə – 1936-cı ildən etibarən Bakı şəhəri Suraxanı rayonunda şəhər tipli qəsəbədir. Azərbaycanın bir çox görkəmli şəxsləri Bülbülə qəsəbəsinə tarixi baxımdan yüksək qiymət vermişlər. Rəvayətlərə görə, "Bülbülə" sözunun burada olan bülbüllərin çox olması ilə əlaqələndirir. bu kənd qədim tarixə malik olmuş və müqəddəs yer kimi tanınmışdır. Bu fikir hal-hazırda kənddə yaşayan əhalinin müxtəlif yerlərdən gəlməsi də təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, misgərlik, daşyonan, dabbaqlıq, maldarlıq,dəmirçilik, əkinçilik , bağbanlıq, qalayçılıq və s. olmuşdur.

SİA mövzu ilə bağlı ekspert və sosioloqların da fikirlərini öyrənib.

Sosioloq Əhməd Qəşəmoğlu: "Bakı kəndlərinin böyük əksəriyyətində xalqın adət-ənənəsinə, dininə uyğun mənəvi dəyərləri üstün tutan çox gözəl davranış forması var. Təbii ki, bunu ideallaşdırmaq da olmaz. Çünki onların arasında köhnəlmiş metodlar da var. Amma ümumən xalqımızın tərəqqisinə, mənəviyyatına kömək edə biləcək çox gözəl adət-ənənələr var.

Mənim həmişə dediyim bir söz var ki, "Azərbaycan xalqının mədəniyyət konsepsiyasını yaratmaq üçün Azərbaycanın bir sıra nümunəvi təcrübələrindən faydalanmaq lazımdır. Məsələn, Ordubad, Bakı kəndləri, Ağdam, Lənkəran və s.". Biz bunları nümunə götürüb mədəniyyətimizin inkişaf konsepsiyasını yaratmalıyıq.

Bakı kəndlərində ailədə böyük-kiçik yeri bilmək, ailənin qayğısına qalmaq, ağsaqqala hörmət, kənddə ümumi birgə yaşayış, müsbət mənada ictimai qınaq, "el nə deyər" amili çox yaxşıdır. İndi əvvəlki dövran deyil. Hər şey dəyişib və cəmiyyət mürəkkəbləşib. Mənəvi dəyərlərimizlə bağlı bir çox şeylər var ki, onlar Bakı kəndlərində başqa ərazilərə nisbətən daha yaxşıdır.

Bakı kəndlərində cəhalət və xurafatla bağlı da bir çox məsələlər var. Bunları da aradan qaldırmaq üçün maarifləndirmə və təşviqat işlərinə ehtiyac var. Ümumən Bakı kəndlərinin hörmətəlayiq həyat tərzləri var. Onlardan yaradıcı şəkildə istifadə etmək lazımdır".

Yazıçı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov: "Azərbaycanın iri şəhərlərindən və son iki əsrdə sürətlə inkişaf edən, meqapolis olan Bakı hər zaman özünəməxsusluğu ilə Qafqazda yaşayan insanları cəlb edə bilib. Xüsusilə, 19 əsrin əvvəllərindən etibarən Neft sənayəsinin inkişafı ilə Bakı da böyüyüb gözəlləşdi. Bakı dedikdə ilk öncə Şirvanşahların paytaxtı olması yada düşür.

Sözsüz ki, adət-ənənələri bir çoxları ilə yanaşı Azərbaycana və Bakıya təsir etmiş sivilizasiyalarda Bakıda yaşayanlara təsir edib. Məsələn, Atəşpərəstlik və İslam mədəniyyətlərinin təsirlərini Bakı kəndlərində görürük. Xüsusən də bir çox şiə mənsəbləri Bakıda güclü tərəfdarlar tapıb.

Bakı kəndləri meyxanaya maraq məhz muğlardan gəlir. Muğ atəşpərəstlik kahinlərindən gəlmə ənənə kimi formalaşıb. Bakı özünəməxsus bir coğrafiyada yerləşir.

Bir çox Bakı kəndləri döyüşkən ruhludur. Bəziləridə incəsənətin müxtəlif sahələrinə üz tutmuş toplum mövcuddur. Bakının adət ənənələrini ümumi olaraq Bakıya aid edə bilmərik. Lakin burada oxşarlıqlar da mövcuddur. Bakı ləhcəsi, mətbəxi, toy-yas adətləri və s. zamanla ölkənin bütövlüklə adətinə çevrilib. Bu baxımdan Bakı kəndlərinin adət ənənələrini öyrənmək vacibdir".

SİA mövzu ilə bağlı Bakılıların, Bakı kəndlərində yaşayanların və digər şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Ləman İdrissoy: "Bakı kəndlərində toylarda xonçanı kişilər daşıyır. Bir neçə kişi yaxud oğlan yol qırağında oturub söhbət edərkən yanlarınnan qız-qadın keçərsə, o zaman ayağa dururlar. Bu əsasən Nardaranda filan olur. Bununla daha yaxından tanış olmaq üçün keçmiş filmlərə də baxmaq olar.

Bir məsələ də var ki, Bakılılarda əsasən bir neçə ailə bir evdə yaşıyırlar. Yeni bir ev tikmək əvəzinə, bir evin ölçüsünü, yaxud otağların sayını artırırlar ki, hamı birlikdə yaşasın. Evlənən gənc oğlanlar ayrı evə çıxmır. Ona görə də basırıq məhəllələr olur. Bunu mənə Maştağalı qonşumuz danışmışdı ki, bəs Savalan qəsəbəsində vəziyyət belədir".

Filankəs: "Bir şey deyə bilərəm ki, Bakı kəndlərində olan məclislərdə kişi xəylağları qoymurlar. Yəni, çalğıçılara kimi hamısı qadınlardır"

Şəhər sakini Fatimə Əzizli: "Baki 32 kəndən ibarət olan ziyalıları ilə sayılıb seçilən bir paytaxt şəhəridir. Bizim ailə əslimiz İçərişəhərin Ağ Şalvarlılarına aiddir. Ailəmiz tamamilə Bakılılardan ibarət, sözün əsl mənasın da "karinnoy" sözünü özündə əks etdirir.

Bakının Buzovna kəndində yaşayıram, Buzovna ziyalılar məskəni, dənizin sahilində yerləşən insanları səmimi, xeyir-şər adamları ilə sayılıb seçilir. Buzovna köhnə Bakının "Hollywood"u sayılır. "Yuxu" filmi isə tamamən Buzovnanı özündə əks etdirir.

Bizdə həri, kiçik nişan, böyük bişan olur. Bakılılarda oğlan, yəni bəy özü nişana gəlməməlidir. Kəndimizdə hələ də ayrı-ayrı qadın və kişi toyları olur. Bu "el toyu" adlanır. Qızın xınası da o toyun içində olur. Bəy və gəlin tərifi olur. Toya xonçalarla daxil olurlar.

Bakılar qonaqpərvər və istiqanlı olurlar. Qızlar gəlin köçəndə üzlərində qırmızı duvaq olur, bizdə kənddə gəlini toya getməmişdən öncə "Quran"altından keçirib, Müqəddəs ziyarətgah sayılan "Əli-ayağı" qədəmgahına aparırlar ki, xeyirli, bərəkətli olsun.

Bakılılar böyük yanında özlərini ağır apararlar, hər kəsə əllərindən gələn köməyi edərlər.

Biz Gənc nəsilə də bütün gözəl adətləri bilib hörmətlə yanaşmaq böyüklərimizdən yadigar qalıb.

Bilirəm ki, bu dəqiqə Bakı və Bakılılar bu "narkomaniya" istifadəsinə görə yaranan gərgin vəziyyətə görə çıxılmaz halda qalıblar. Yəni, o sənin haralı olmağından asılı bir şey deyil, şəxsi iradədən söhbət gedir. Ona görə də xüsusi tədbirlər və o xəstəlikdən əziyyət çəkənlər müalicə almalıdırlar.

İnanıram ki, xüsusi tədbirlərlə başımızd bu bəlalı buludlar tez bir zamanda çəkiləcək. Mən, Bakıya, yaşadığım yerə bağlıyam. Bakı mədəniyyətin paytaxt şəhəridir".

Hövsan sakini Rəviyyə Cəfərzadə: "Mən Hövsanda artıq 20 ilə yaxındır ki, yaşayıram. Hövsanlıların ən böyük fərqi odur ki, onlar kişi toyu-filan edir. Yəni kişilər üçün olan toy yalnız kişilərdən, qadınlar üçün olan isə ancaq qadınlardan ibarət olur. Hətta qadın toyunun işçi heyəti də qadınlardan ibarət olur. Qadın toyunda 1 nəfər belə kişi görə bilməzsən. Kişi məclisində də qəti qadın olmur.

Toyda yalnız küftə-bozbaş verirlər. Yəni, bir cür yemək olur. Hövsanın "Hövsan soğan"ı var. Bu soğanın digərlərindən fərqi kilosunun 8 manat olmasıdır. Əksər Hövsanlıların həyətində bu soğan əkilir".

Ayşən Vəli