Azərbaycan xalqının ailə dəyərlərindən biri də çoxuşaqlılıqdır. Ta qədimdən ailələrimizdə 8-12 uşaq olub. Ən az uşaq olan ailələrdə isə 3-4-dən az olmayıb. Uşaq, ilk növbədə, bir millətin artım göstəricisi, ikincisi evin bəzəyi olmaqla yanaşı, həm də valideynin dayağı, onun gələcək köməkçisi, qocalıq çağının həmdəmidir. Uşaqların çox olması eyni zamanda bacı-qardaş arasında dostluq, rəfiqəlik münasibətlərini, bir-birinə arxa-dayaq olmaq xüsusiyyətlərini tənzimləyir. Ən başlıcası isə ailədə çox uşağın olması gələcək nəsillərin artım tendensiyasına da təminat verir. Belə isə müasir dövrdə nə üçün bütün ailələr yeni bir xəstəliyə düçar olublar? Bu xəstəliyin adı “iki uşaq” xəstəliyidir. Bu artıq bir sindroma çevrilib. Bütün düşüncələrdə bu sindrom dolaşır: iki övladımız olsun, biri qız, biri oğlan.
Hanı o çoxuşaqlı ailələr?..
Haradasa 30 il bundan əvvəl ailələrimizdə uşaq sayı çox idi. Belə ailələrdən birində qonaq olanda insanın ürəyi açılırdı. Səsli-küylü bu cür ailələrdə insan hüzur tapırdı. Kimi kitab oxuyur, kimi televizor seyr edir, kimi ata-anasına ev, həyət-baca işlərində kömək edirdi.
Ailəni kiçik dövlətə bənzədirlər. Çoxuşaqlı ailələrə, bəli, kiçik dövlət demək olardı. Çünki belə ailələrdə iş prinsipi də dövlətin iş prinsipinə bənzəyirdi. Bütün işlər uşaqlar arasında bölüşdürülürdü. Hər kəs səhər açılandan günbatanadək ardıcıl şəkildə nə edəcəyini, hansı işlə məşğul olacağını bilirdi. Beləliklə də kiçik dövlət cəmiyyət üçün - böyük dövlətin gələcəkdə idarə edilməsi üçün həm də kadr hazırlayırdı.
Belə ailələrdə nizam-intizam o qədər yüksək səviyyədə olurdu ki, adam heyrət edirdi. Çünki ailələrdə çox uşaq vardı. Onların hər biri bir-birinə nümunə idi. Burada tənbəl uşaq ola bilməzdi. Qardaş-bacılar iş bölgüsü əsasında gündəlik həyatlarına cavabdeh idilər. Hər kəsin öz işi olduğuna görə axşam valideyn qarşısında hesabat verəcəyinə görə öz işinin də öhdəsindən gəlməyə çalışırdı. Yəni haradasa, geridə qalan uşaq da bu həyat tərzi çərçivəsində fəallaşır, bacı-qardaşından geri qalmamağa çalışırdı.
Uşaq vaxtı biz tez-tez kəndə gedər, bibimgildə qonaq olardıq. Bibinin 2 oğlu, 3 qızı vardı. Səhərin sübhündən hər kəs oyanardı. Qızlardan biri ancaq ev işləri ilə məşğul olar, digəri həyət-baca işlərini görər, o biri qız isə anasına əkin işlərində kömək edərdi. Oğlanların da hərəsinin öz işi vardı. Biri heyvandarlıqla məşğul idi. Ot biçininə gedir, heyvanların saxlanılması üçün yaylı-qışlı bütün yem ehtiyatı, baytarlıq xidmətinin təşkili onun üzərinə düşürdü. O biri bibioğlu isə atasına əkin işlərində kömək edirdi. Maşınları vardı. Meyvə-tərəvəzləri vaxtaşırı bazara aparır, satıcılara verirdi. Əkin üçün gübrə, toyuq-cücə üçün yem alıb gətirirdi. Eyni zamanda bazarda öz məhsullarını realizə edib evi lazım olan digər ərzaqlarla təmin etmək o oğlanın işi idi.
Bütün bu işlərlə yanaşı, onların hamısı təhsil də alırdılar. O vaxtlar kənd təsərrüfatı texnikumu vardı, bir neçəsi orada oxuyurdu. Tezdən dərsə, dərsdən də evə, hər kəs öz işinin ardınca. Axşamlar süfrə açılanda hər kəs deyə-gülə, bir-birilərinə böyük sayğı, hörmətlə süfrədə əyləşər, şirin-şirin şam edərdilər. Süfrədə də bütün nemətlərdən olardı. Mən o zamanlar bu ailənin timsalında anlayırdım ki, birlik haradadırsa, dirilik də oradadır. Sonra çay süfrəsi arxasında günlük maraqlı hadisələr, ailənin gəliri-çıxarı müzakirə olunardı. Bu ailənin mənim həyatımda böyük rolu olub. Mən onlardan çox məqamları öyrənmişəm...
Bibimgilin ailəsi kimi onlarla ailə tanıyırdım. Hamısı da bir-birindən gözəl ailələr. Çoxuşaqlı, hüzur dolu ailələr. Onların qonşuluğunda bir ailə də vardı. Ailədə altı qız, iki oğlan övladı böyüyürdü. Uşaqların anası gözəl xalçaçı idi. Qızlarının da hamısını xalçaçı kimi yetişdirmişdi. Sonralar o qızlardan bir neçəsinin adı Azərbaycanın xalça ustalarından bəhs edən kitaba da düşmüşdü. Biz onlara gedəndə hananın qarşısında bu bacılar neçə xalça toxuyurdularsa, əllərini görmək olmurdu. O qədər səmimi qızlar idilər ki, çox böyük hövsələ ilə mənə də xalça toxumağı öyrətmişdilər.
Sonralar həm bibiqızlarım, həm də qonşudakı qızların hamısı ailə qurdular, öz yuvalarına köçdülər, hər biri də gözəl ailə başçısı, həm də ana oldular. Oğlanlar da evləndilər, ailə-uşaq sahibi oldular. Lakin...
Ata–babadan gələnləri öz ailəmizdə tətbiq edə bildikmi?
Uzun illər, bəli, ata-babadan nə görmüşdüksə, onu qurduğumuz yeni ailələrimizdə də tətbiq edirdik. Çoxuşaqlı ailələrimiz olurdu, zəhmətkeş, mehriban, səmimi, gözəl uşaqlar tərbiyə edə bilirdik. O uşaqlar ki, hər kəslə ünsiyyət qura bilirdilər. Evə qonaq gələndə hamı bir nəfər kimi ayaq üstündə qalırdı ki, necə edək, qonaq yesin, içsin, bizdən razı getsin. Ta indi evə qonaq gələndə evdə olan vur-tut iki uşaq kimi hərə öz otağına çəkilmirdi. Bilirsiniz nə üçün uşaqlar otaqlarına çəkilir? Çünki onların biri qız, digəri oğlandır. Başqa cinslərin nümayəndələri olduqlarından bir-biriləri ilə daha sıx ünsiyyət qura bilmirlər. Amma evdə ən azından iki qız, bir oğlan və yaxud da iki oğlan, bir qız olarsa, yenə də mənzərə başqa cür olar. Baxmayaraq ki, istər oğlan, istər qız olsun, evdə tək olanda həyatı sıxıcı olur, ünsiyyət qabiliyyəti zəif inkişaf edir, cəmiyyətə inteqrasiyası gecikir.
Bizə nə oldu, bir anın içərisində başqalaşdıq, bilmirəm. Bicə onu bilirəm ki, 30-35 il öncə bütün kişi və qadınlar çox uşağa “yox” dedilər. Bu barədə düşünəndə həmişə yadıma bir məsələ düşür. Olardı 1995-2000-ci illər. ABŞ-ın Azərbaycanda ADRA adlı bir təşkilatı fəaliyyət göstərirdi. Təşkilat tərəfindən əhaliyə tibbi xidmət və humanitar yardım göstərilirdi. O vaxtlar bunlar bütün regionlarda yerləşmişdilər. Şəhər və kəndlərdə qadınlar arasında ailə planlaşdırılması ilə bağlı seminarlar keçirirdilər. Bu seminarların iştirakçısı kimi yadımda qalan bir nüansı qeyd etmək istəyirəm. Söhbət belə idi ki, bir uşaqla o biri arasında bir neçə il fasilə verilməlidir. Bir-birinin ardınca olan doğuşlar qadın üçün, eyni zamanda uşağın da sağlam böyüməsi üçün zərərlidir. Başqa bir söhbətdə isə abortların ziyanlı olmasından danışılır, qadınlara bir neçə növdə qoruyucular təklif olunurdu. O zamanlar mən gənc idim, lakin o günlərə bu yaş aspektindən baxdıqda düşünürəm ki, bu cür təbliğatların bizdə iki uçaq sindromunun yaranmasında böyük əhəmiyyəti olmuşdur.
Beləliklə, bir də baxdıq ki, ata-babadangəlmə çoxuşaqlılıq ənənəsinin üzərindən bir xətt çəkib bir kənara atmışıq, ikicə uşaqla kifayətlənib oturmuşuq. Son 30 ildə isə bu, sanki ötən bir dəbə çevrildi. Necə deyərlər, “qonşu qonşuya baxar, canın odlara yaxar” deyimi bu məsələyə də sirayət etdi. “Filankəsin bir qızı, bir oğlu var, vallah, bəsdi, pis dövrdü, böyütmək olmur”, “Nəyə lazımdır axı çox uşaq”, “Nə qədər çox olarsa, qayğısı da bir o qədər çox olur” kimi onlarla bəhanəni ortaya qoyub uşaqların sayını azaltdıq.
Çətin dövrdə çox uşaq, texnologiya dövründə az uşaq...
Deyirik ki, çətin illərdir, çox uşaq nəyə lazımdır. Maraqlıdır, paltaryuyan, qabyuyan, tozsoran, ətçəkən maşınlar olmayan dövrdə evlərimizdə 7-8, 10-11 uşaq böyüyürdü. Zəhmətkeş analarımız həftənin 1-2 gününü bütövlükdə paltar yumağa həsr edirdilər. Əlləri paltar ovmaqdan cadar-cadar olmuşdu. Ləyən-ləyən qabı böyürlərinə vurub evlərindən kilometrlərlə uzaqda olan bulaqlara aparır, yuyub, yenidən evə daşıyırdılar. Bir yemək hazırlamaq üçün ət çəkmək saatdan artıq vaxt tələb edirdi, hələ ətçəkənin bıçağı kort olanda, qadınların zülmünü görən olardı kaş. Evləri, həyəti süpürmək üçün saatlarla vaxt tələb olunurdu. Zəhmətkeş analarımızın qəddi əyilib yer sürüməkdən ikiqat olurdu. Bax belə dövrdə heç kim gileylənmir, hələ üstəlik qadınlarımız dəfələrlə ana olurdular. Körpə uşaqlarını kürəklərinə şəlləyib təndirə çörək yapırdılar, təsərrüfat işlərinə gedirdilər. Vallah belə baxanda indiki qadınlardan dəfələrlə də sağlam idilər.
Həyatımıza paltaryuyan, qabyuyan, ətçəkən, tozsoran və sadalamadığım onlarla elektrik məişət əşyaları daxil olandan sonra biz başladıq şikayətlənməyə ki, dövran çox pisdir, çox uşaq nəyə lazımdır. Maraqlıdır, işlərimiz çox, çətin olanda uşaqlarımız çox idi, işlərimiz demək olar ki, azalıb-azalıb heç olmayanda uşaqların da sayını azaltdıq. Günahı da qoyduq dövranın, zamanın çiyinlərinə.
Qadınlarımız hərəkətsizlikdən min bir dərdə düçar oldular. Təsəvvür edək ki, o qədər paltar, qab yuyanda, ev-həyət süpürəndə, ət çəkəndə insanın əzələləri nə qədər fəaliyyətdə olurdusa, biz bir o qədər bədənimizi fəaliyyətsiz saxlayırıq. Əslində texnologiyanın inkişafı insanlara elə bir xəstəlik bəxş edib ki, belə bəlanı axtarsaq da tapmazdıq. Lakin hələ ki, fərqində deyilik.
Qadınlarımız indi hərəkətsizlikdən aldıqları çəkini dəf etmək üçün çarələr axtarırlar. Söhbət də düşəndə ana-nənələri haqqında deyirlər ki, o yazıqlar bu dünyada bir gün görmədilər, işləyə-işləyə öldülər. Hansı ki, onlar bizlərdən çox yaşamış, sağlam ömür sürmüş, çoxsaylı uşaqlarının əhatəsində maraqlı və mənalı günlər yaşamışlar. Biz isə qadın olaraq evlərimizdə sükut içərisində ömür sürürük. Yoldaşımız səhər çıxır, axşam gəlir, iki övladımız öz otağına çəkilir, hər işimizi texnoloji yeniliklər həyata keçirir, bizsə qalırıq televizorların qarşısında, əlimizdə də telefon. Bir gözümüz telefonda, bir gözümüz televizorda, gün də bitmək bilmir. Budurmu müasir həyat, budurmu ana-nənələrimizin o gözəl həyatını təkrarlamamaq üçün seçdiyimiz yol?..
Xalasız, əmisiz uşaqlar...
Biz nəsil bibi, xala, əmi, dayı görmüşük, onların nəvazişini, qayğısını hiss etmişik. Ata-anamız bir yerə gedəndə bizi onlara tapşırardı. Bir az xəstələnən kimi hamısı bir nəfər kimi başımızın üstünü kəsərdi. Bir xeyir, bir şər işimizdə ata-anamızın yanında köməkçiləri, təsəlli verənləri olardı onlar. Bütün bunlardan əlavə isə onlar bizim ən dəyərlilərimiz, əzizlərimiz idilər. Ona görə ki, bizə ən doğma insanlar , canıyananlar idilər..
Elə ki, iki uşaq sindromu beyinlərimizi alt-üst etdi, dünyaya yalnız iki uşaq gətirməyə başladıq, bunların da biri hökmən oğlan olmalı idi, bunun üçün ultrasəs müayinələrinə yol açdıq, selektiv abortları həyatımıza qatdıq, onda uşaqlarımızın gələcəyindən xalaları, əmiləri də çıxarıb atdıq. Onların həyatda arxasız-dayaqsız qalmalarına şərait yaratdıq. Özümüzün bacısı, qardaşı, xala, bibi, dayı, əmisi olduğu halda, bunların necə böyük mənəvi gücə qadir olduqlarını bilə-bilə, övladlarımızı bu gözəl keyfiyyətdən məhrum etdik.
Müasir dövrdə uşaqlarımızın uşaqları əsasən xalasız, əmisidirlər. Çox təəssüf ki, onlar “xala, əmi” dadının nə olduğunu bilmədən yaşayacaqlar. Hələ çox qorxuludur ki, qarşıda yeni qurulan ailələr bir uşaqla kifayətlənələr. Bax bu, ailələrimizdə başlanan problemin davamı, həm də sonsuzluğa aparan davamı ola bilər.
Bəzən uşaqlarımızı cəmiyyətə adaptasiya etməməkdə, otağından çıxmamaqda, ünsiyyət qurmaqda danlayırıq. Lakin bu məsələlərin heç biri üçün onlar günahkar deyil. Günah biz valideynlərdədir. Ona görə ki, iki uşaq seçimi bizim seçimimizdir, bu seçimin də “bəhrəsini” yaşamaqdayıq.
Nə qədər ki, gec deyil...
Nə qədər ki, ailələrimizdə bir uşağa keçilməyib, hər birimiz övladlarımızı ən azından 3-4 uşaq dünyaya gətirmələri üçün maarifləndirməliyik. Yaşlı bir mama-tibb bacısı tanıyıram. O, həmişə deyir ki, iki uşaq əhali artımı deyil, onların biri ata, bir anadır. Ailədə 3-cü, 4-cü uşaq dünyaya gələrsə, o, artım deməkdir. Əks təqdirdə sənin ailəndə artım yoxdur.
Həqiqətən bu ağbirçək qadının söylədiklərində böyük həqiqət var. Yaxşı, ana-nənələrimizin 7-8, 10-12 övladı olduğu halda bizim barı heç olmasa, 3-4 övladımız olsun. Evlərimizdə səs gəlsin. Hər kəs öz otağına çəkilib ortalığı sükuta qərq etməsin, toplaşsınlar bir yerə, danışsınlar-gülsünlər, sabah bir-birilərinə arxa-dayaq olsunlar. Onların hər biri də ən azından cəmiyyətimizə 3-4 uşaq bəxş etsin, artaq, çoxalaq. Bu günlər uşaqlarla bağlı statistikaya baxanda, qarşımızda qaranlıq bir yol görünür. Selektiv abortlar oğlanların sayını kəskin şəkildə artırıb, qızların sayı azalıb. Bunun özü böyük problemdir. Bu səbəbdən də selektiv abortlara qəti qadağa qoyulmalıdır. Yoxsa bizlər illər ötsə də bu iki uşaq sindromunu özümüzdən kənarlaşdıra bilməyəcəyik. Çünki bu, çox dərindən beyinlərimizə yeridilib. Lakin mübarizə aparıb bu xalqın adət-ənənələrinin, ailə dəyərlərinin heç kimin əlində oyuncaq olmadığını hər kəsə sübut etməliyik.
Mətanət MƏMMƏDOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələləri" istiqaməti çərçivəsində hazırlanıb