Ukrayna ordusu Rusiyanın ölkənin cənubunda işğal etdiyi əraziləri geri almaq üçün çoxdan gözlənilən əks-hücum əməliyyatına başladığını açıqlayıb. SİA xəbər verir ki, Cənub Komandanlığının nümayəndəsi Natalia Humeniuk mətbuat konfransında əks-hücumun olduğunu təsdiqləyib və bildirib ki, Xerson da əməliyyat çərçivəsindədir.
Ukrayna hakimiyyəti Rusiyanın işğalı altında olan cənub rayonlarını, xüsusən də, Rusiya ordusunun nəzarət edə bildiyi yeganə regional paytaxt Xersonu geri almaq istəklərini ifadə edir. Eyni zamanda, Qərb ölkələrinin hərbi yardımlarını artırması Ukraynaya güc verib.
Sözügedən bölgə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın şimalında Ukraynanın Azov dənizi və Qara dəniz sahillərinin bir hissəsini əhatə edir. Humeniuk vurğulayıb ki, cənubdakı logistik istehkamlara edilən hücumlar Rusiyanın gücünü mütləq zəiflətdi. Son həftələrdə Rusiyanın ondan çox arsenalı hücumların hədəfinə çevrilib.