Qan azlığını aradan qaldıran qidalar hansılardır? - MÜTƏXƏSSİS AÇIQLADI

29 Avqust 2022 16:44 (UTC+04:00)

"Bir çox hallarda qan azlığı problemi ya anadangəlmə, ya da hər hansı ciddi bir xəstəlikdən sonra yaranır. Hamiləlikdən sonra da yarana bilər. Qanda dəmir elementinin çatışmazlığı, həmçinin B12 və B19 vitaminlərinin çatışmazlığı qan azlığına səbəb olur". Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu vitaminlərin uzunmüddətli çatışmazlığı orqanizmdə bir çox xəstəliklərə, xüsusilə təhlükəli xərçəng xəstəliyinə, böyrək çatışmazlığına və iltihabi xəstəliklərə səbəb olur: "Ona görə də mütləq şəkildə qan azlığını ortadan qaldırmaq lazımdır. Unutmamaq lazımdır ki, qan azlığını hər hansı bir müalicə dönəmində dəmir, yaxud digər tərkibli dərmanları qəbul edərək həmişəlik aradan qaldırmaq mümkün deyil. Bu, həmin müalicə dönəmini əhatə edir. Buna görə qan azlığını tamamilə aradan qaldırmaq üçün mütəmadi qidalanmamıza diqqət etməliyik. Həmçinin qan azlığını aradan qaldıran qidalara üstünlük verməliyik.

Birinci növbədə maye miqdarını düzgün şəkildə almalıyıq. Tərkibində dəmir, B12, B19, fol turşusu kimi bol olan qidalardan istehlak etməliyik. Bu qidaları gündəlik qida rasionumuzda istifadə etməliyik.

Ət və ət məhsullarından (qırmızı ət, balıq, quş əti) xüsusilə də qara ciyər kimi məhsullardan istifadə edə bilər ki, bu qan azlığını aradan qaldırmağa kömək edəcək. Balıqla yanaşı digər dəniz məhsullarından, yumurta, süd, qatıq, pendir kimi məhsullar B12 vitamini ilə zəngin olduğu üçün bu məhsullardan da mütəmadi istifadə etmək lazımdır. Eyni zamanda, tərəvəzlərdən, göyərtilərdən xüsusilə ispanaqdan istifadə etməliyik. Paxlalılarda mərci, noxud və digər məhsullar da qida rasionumuzda istifadə olunmalıdır.

Bitki çayları da həmçinin qan azlığına kömək edir. Bu, həm də gündəlik maye qəbuluna da təsir edir. Ancaq bitki çaylarının da miqdarını normada tutmaq lazımdır. Gündə 250 mq bitki çayı qəbul etmək normal hesab olunur. Bitki çaylarını soyuq və ya isti şəkildə də qəbul etmək olar. Melisa çayı qan azlığında olduqca faydalıdır.

Bəhməz də qan azlığını aradan qaldırır. Keçibuynuzu bəhməzindən istifadə daha çox arzuolunandır. Lakin onun içinə bir dilim limon sıxmaq daha məsləhətlidir.

Qoz, fındıq, badam kimi yağlı olan çərəzlər də qan azlığına kömək edir. Yaşıl bibərin qəbul olunması da məsləhət görülür. Həmçinin C vitamini ilə zəngin olan portağal, limon və digər sitrus meyvələri də gündəlik qida rasionuna əlavə edilməlidir.

Tərəvəzlərdən çuğundur da qan azlığının aradan qaldırılmasın kömək edir. Lakin yaxşı olar ki, bu qidaları gündəlik menyular şəklində istifadə edək”.