Brüssel görüşü ərəfəsi: Paşinyanın təşvişi artır! SİYASİ RAKURS+AKTUAL

29 Avqust 2022 12:54 (UTC+04:00)

Əgər Nikol Paşinyan iki seçim arasından çıxmağı bacarmayacaqsa, yəni birdəfəlik qərar verməkdən yaxasını kənara çəkməyə davam edəcəksə, gah Brüsselə, gah da Moskvaya tərəf yıxılacaqsa, Bakı buna çox səbr göstərməyəcək...

Məlum olduğu kimi, Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq. Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, görüş Brüsseldə baş tutacaq.

Beləliklə, Azərbaycan və Ermənistan ölkə başçılarının növbəti Brüssel görüşü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın təşvişləri artmağa başlayıb. Xüsusilə, ölkəsində anti-Rusiya aksiyalarının artdığı bir zamanda onun hər vəchlə Kremllə əlaqələr qurmağa çalışması, daha dəqiq desək, Vladimir Putinə zəng saylarını artırması müxtəlif məsələləri önə çıxarmış olur. Bir tərəfdən Qərbin maraqlarına qarşı çıxmağa cürət etməyən Paşinyan, digər tərəfən Rusiyanın da qəzəbinə tuş gəlməməsi üçün necə deyərlər, dəridən-qabıqdan çıxır.

Paşinyanın Putinə zəngləri artmağa başlayıb?

Başqa tərəfdən, Ermənistanın baş naziri onu da anlayır ki, növbəti Brüssel görüşü onun üzərinə çox böyük məsuliyyətlər qoyur və görünür, Nikol Paşinyan həmin məsuliyyətinin bir hissəsinin Vladimir Putinin də üzərinə düşməsinə çalışır. Təbii ki, vasitəçilik missiyasında yer alan Rusiya da maraq üstünlüklərinin Brüsselə uduzmasında istəkli deyil, yəni Kreml onun maraqlarına zidd olacaq addımların atılmasına, daha dəqiq desək, Brüsseldə mümkün razılaşmaların əldə olunmasına imkan vermək istəmir, həmin razılaşmaların məhz Moskvada imzalanması mövqeyindən çıxış edir.

Ancaq proseslərin hansı istiqamətdə inkişaf edib-etməyəcəyindən asılı olmayaraq fakt budur ki, bu məsələdə regional oyunçu kimi Rusiyanın mövqeyi üstünlük təşkil edir. Hətta belə desək, Ermənistanın baş naziri Brüsseldə müəyyən razılaşmalara imza atsa belə, onun öz imzasına hörmət bəsləməsini gözləmək doğru olmazdı. Çünki əsas tapşırıqlar ona Rusiyadan verilir və bu baxımdan, Paşinyanın odla-su arasında qalması şəksizdir.

Brüsseldə də Moskvada da Azərbaycanın üstünlüyü birmənalıdır

Ancaq hər şeyə rəğmən, Brüsseldə də Moskvada da Azərbaycanın üstünlüyü birmənalıdır. Nəzərə alsaq ki, avqustun əvvəlində rəsmi Bakı “Qisas” əməliyyatı və Laçın şəhərinin işğaldan azad edilməsi ilə əlini gücləndirib, üstəlik Ermənistana son xəbərdarlığını da edib, bu zaman Azərbaycanın Brüsseldə irəli sürəcəyi şərtlərinin qətiyyət əsasında səsləndiriləcəyini proqnoz etmək olar.

Digər tərəfdən, görüşün Brüsseldə olması da hər iki tərəfi qane edir. Təkcə bir faktı nəzərdən keçirək – bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri tutur və eyni zamanda, Ermənistan da buxovunu əlinə verdiyi Rusiyadan xilas olmağa çalışır. Brüssel isə onun üçün rahat məkandır, hətta üzərinə bir sıra öhdəliklər götürməsinə rəğmən...

Yuxarıda da qeyd etdiyimiz kimi, son günlər baş tutması gözlənilən Brüssel görüşündən əvvəl Paşinyanın Putinə tez-tez zəng etməsi də diqqət çəkir. Əlbəttə ki, Paşinyan bu görüşdən çox narahatdır, güclü, davamlı təzyiqlər altındadır və təşvişlərdən yaxa qurtara bilmir. Bir tərəfdən Azərbaycanın qətiyyəti Ermənistan hakimiyyətini dalana dirəyib və İrəvanda da yaxşı başa bilirlər ki, bundan sonra prosesləri gecikdirmək onun üçün ölümə bərabər bir haldır, başqa tərəfdən isə Ermənistanın daxilindəki revanşistlər dinc dayanmır, hər vasitə ilə öz təzyiqlərini iqtidara qarşı tətbiq edirlər. Həmçinin, 2020-ci ildə imzalanmış üçtərəfli 10 noyabr bəyanatı və ondan sonrakı görüşlərdə əldə edilmiş razılıqlar Ermənistanın uzun illər Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətində daban-dabana zidlik təşkil edir. İndi o, kapitulyant qismində Bakı qarşısında dayanıb.

Paşinyan gah Brüsselə, gah da Moskvaya tərəf yıxılacaqsa, Bakı buna çox səbr göstərməyəcək...

Onu da ehtimal etmək olar ki, vasitəçilik missiyasında mövqeyini qoruyub-saxlaması üçün Kremldən Paşinyana müəyyən təlimat xarakterli məsləhətlər də verilə bilər. Beləliklə, bir daha etiraf edək ki, Moskva da Brüssel zirvəsində onun plan və maraqlarına zidd addımların atılmasını istəmir.

Xatırlasaq ki, mövcud geosiyasi şəraitə görə Rusiyanın da vəziyyəti ürəkaçan deyil, Ukrayna cəbhəsində baş verənlər, bütövlükdə isə bununla bağlı hərbi-siyasi məsələlər isə bilavasitə Moskvanın siyasi gücünə öz mənfi təsirlərini göstərir – bu zaman belə nəticə hasil etmək olar ki, hətta Kreml də Brüssel görüşündən müəyyən mənada narahatlıqlar keçirməkdədir. Hər şeydən əvvəl isə Moskva Cənubi Qafqazdakı mövqelərinin zəifləməsindən narahatdır Cənubi Qafqazda isə Rusuya əsas olaraq Ermənistandan yararlanmağa səylər göstərir.

Amma danılmaz fakt budur ki, Azərbaycanın əlində Ermənistanı sülhə məcbur etmək üçün alətləri çoxdur, hətta kifayət qədər çoxdur və əgər Paşinyan iki seçim arasından çıxmağı bacarmayacaqsa, yəni birdəfəlik qərar verməkdən yaxasını kənara çəkməyə davam edəcəksə, gah Brüsselə, gah da Moskvaya tərəf yıxılacaqsa, Bakı buna çox səbr göstərməyəcək...

Rövşən RƏSULOV