Qatil hökuməti məhkəməyə verdi

26 Avqust 2022 21:57 (UTC+04:00)

2011-ci ildə Norveçdə 77 nəfəri öldürən qatı qatil Anders Berinq Breyvik (Anders Behring Breivik) növbəti dəfə hökuməti məhkəməyə verib.

Breyvikin vəkili Oystein Storrvik iddia edib ki, məhbus 2012-ci ildən təkadamlıq kamerada saxlanılır və cəza çəkdiyi müddətdə digər məhbuslarla heç bir əlaqəsi olmayıb, bu, insan hüquqlarının pozulmasıdır.

O.Storrvik Ədliyyə Nazirliyinə bəyanat göndərərək Breyvikin təcridinə son qoymaq üçün Norveç hökumətini məhkəməyə verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Breyvik 2015-ci ildə Norveç dövlətinə qarşı qaldırdığı iddiada cəzasını çəkdiyi həbsxana şəraitinin Avropa İnsan Haqları Konvensiyasının 3 və 8-ci maddələrini pozduğunu bildirib.

Şikayəti qiymətləndirən Oslo yerli məhkəməsi Breyvikin üç otaqlı şəxsi kamerasındakı şəraitin "qeyri-insani və ya ləyaqəti alçaldan" olduğuna və Norveç hökumətinin Breyvikə təxminən 33 min avro təzminat ödəməsinə qərar verib. Hökumət isə qərardan yuxarı instansiya olan Norveç Ali Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə Breyvikin hüquqlarının pozulduğuna qərar verib.

Anders Berinq Breyvik öz ölkəsində daxili hüquqi müdafiə vasitələri tükəndikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib. AİHM 2018-ci ildə onun iddiasını qəbul etməyib.

Xatırladaq ki, 2011-ci ilin iyununda hökumət binalarının yerləşdiyi ərazidə Breyvik tərəfindən törədilən bombalı hücumda 8 nəfər həlak olmuşdu. İki saat sonra o, Ütoya adasında Sosial Demokrat Partiyası Gənclər Təşkilatının yay düşərgəsinə hücum edib, atəş açaraq 69 nəfəri öldürüb. Bundan sonra Breyvik 21 il həbs cəzasına məhkum edilib ki, bu da Norveçdə ən yüksək cəza sayılır.