Azərbaycan müstəqil bir ölkə olaraq tarixin ağır sınaqlarından çıxıb. Bu gün ölkəmiz azad və firavandır. Sözsüz ki, bu azadlıq və firavanlıq şəhidlərmizin qəhrəmanlığı bahasına başa gəlib. Onlar bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin baş ucalığıdır. Şəhidlərimizi tanımaq, öz milli kimliyimizi dərk etmək, onları ehtiramla yad etmək, ictimaiyyətə daha geniş tanıtmaq bizim üçün şərəfdir.
27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açıldı. Bu səhifədə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı əksini tapdı. Həmin gün Ermənistanın növbəti hərbi təxribatı həyata keçirildi. Bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçən və birbaşa mülki əhalini hədəfə alan təxribatçıların bu hərəkətinə Azərbaycan ordusu layiqli cavabı verdi.
Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladılar. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu döyüş hamının ürəyindən soraq verirdi.
Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət və xalq, xalq və dövlət birgə idi, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları, Xocavəndin böyük hissəsi, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Onlar canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var idi. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayr.
Azərbaycanın tarixi şanlı Qarabağ Vətən Müharibəsində mübarək qanı ilə tarix yazan oğullardan biri də Ağdam şəhidi, baş leytenat Səfərov Hikmət İldırım oğludur.
Səfərov Hikmət İldırım oğlu 11 iyul 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində dünyaya gəlmişdi.
O, 1979 –1989-cu illərdə Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində orta təhsil, 1990 – 1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “İnformasiya ölçmə texnikası“ ixtisası üzrə ali təhsil almışdı.
Hikmət Səfərov 2001-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Ulduz “ jurnalında əmək fəaliyyətinə başlamış, növbəti ilin oktyabr ayından isə həqiqi hərbi xidmətə yollanmışdı.
Leytenant qismində xidmət edən Hikmət, 2004 – cü ildə “baş leytenant” olaraq ehtiyata buraxılmışdı. 2004-2016-cı illərdə o, “Qaya“ mətbuat yayımında, 2018–ci ildən isə “Dokta MMC” şirkətində fəaliyyət göstərmişdir.
20 sentyabr 2020-ci ildə Hikmət Səfərov ehtiyatda olan baş leytenant olaraq hərbi təlimlərə çağırıldı və Vətən müharibəsində iştirak etmək üçün ordu sıralarına qoşuldu.
4 oktyabr 2020–ci ildə Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanan baş leytenant dəfələrlə cərrahiyyə əməliyyatı edilmişdi. 17 oktyabrda koma vəziyyətinə düşən Hikmət 52 gün belə vəziyyətdə qalmışdı.
Qəlbində Vətən sevgisi daşıyan, qəhrəman Hikmət Səfərov 8 dekabr 2020–ci ildə şəhidlik zirvəsinə ucalmışdır.
9 dekabr 2020–ci ildə yüksək rütbəli ordu məmurları, İcra hakimiyyəti nümayəndələri, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə o, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ailəli idi. Azər və Anar adlı iki oğlu ondan yadigar qaldı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə baş leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda“, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin şəxsi əşyaları onun həyat yoldaşı Gülnarə Səfərova tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fonduna təhvil verilmişdir.
Hazırda muzeyin Vətən Müharibsəi Fondunda şəhidin hərbi baş geyimi (VMF 1904), tərcümeyi halı və fotoları (3 ədəd; VMF 1901,1902,1903) qorunur.
Şəhidin şəxsi materialları 25 oktyabr 2021-ci ildə muzeydə təşkil olunan sərgidə nümayiş edilmişdir.
Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, Ana qucağıdır. Azadlıq onun qədrini bilənlər üçün əzizdir.
Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin canlarını fəda etdiyi müqəddəs məkandır.
Vətəni uğrunda düşmənlərlə qorxmadan vuruşan, canını fəda edən oğullar və qızlar “Şəhid” adlandırılır. Şəhidlik əslində qəhrəmanın ölümü deyil, Uca Allahın dərgahında ölümün qəhrəmanlığıdır.
Pərvanə Əzimova,
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ərazi təşkilatının sədr müavini