İlham Əliyev: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq”
Yazıya Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tvitterdə paylaşdığı statusu ilə başlamaq istərdim: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
26.08.2022! Bəli, məhz bugünkü tarix və Müzəffər Ali Baş Komandanımızın sözləri – də şanlı Zəfər tariximizin bundan sonra heç vaxt silinməyəcək qürur səhifəsinə yazıldı. Eyni zamanda, dövlət başçımızın bir müddət əvvəl nəyi, necə və nə vaxt etmək fəlsəfəsini əks etdirən bəyanatı da bir daha öz təsdiqini tapmış oldu!
Artıq Laçın şəhərinin mərkəzində və bütün ərazisində qalib Azərbaycanın şanlı bayrağı dalğalanır və qəhrəman hərbçilərimizin Müzəffər Ali Baş Komandana verdikləri məruzə də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, qarşıda bizləri – Azərbaycan dövlətini və xalqını növbəti qələbələr və zəfərlər gözləməkdədir.
Düşmənin başı üzərinə vurulan “Qarabağ Azərbaycandır!” nidalı şüarı
Digər tərəfdən, daha bir amili də xüsusilə vurğulamaq yerinə düşərdi. Fakt budur ki, bütövlükdə Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır. Əsasən, 44 günük ikinci Qarabağ müharibəsinə son qoymuş və düşmənin başı üzərinə vurulan “Qarabağ Azərbaycandır!” nidalı şüarı özünü üçtərəfli bəyanatla təsdiq etdi. Daha doğrusu, düşmənin kapitulyasiya aktındakı imzası rəsmiləşdirdi.
Əgər bu gün Azərbaycan Respublikası Cənubi Qafqazda lider ölkə olaraq öz sözünü deyirsə, əgər Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yerini saxlayırsa, Azərbaycan iqtisadiyyatı dünyanın ən aparıcı, nüfuzlu iqtisadi mərkəzləri tərəfindən güclü ölkə olaraq qəbul edilib-tanınırsa, əgər dövlət başçımızın xarizması, qətiyyəti və sarsılmaz iradəsi bütün dünyada qəbul edilirsə - bütün bunlar qüdrətli Azərbaycanın beynəlxalq rıçaqlarının möhkəm təməllərə söykəndiyini isbatlayan danılmaz faktorlar olaraq dəyərləndirilir.
Məhz avqust ayının əvvəllərində düşmənin növbəti cəhdinə uğurlu və qələbəli “QİSAS” əməliyyatı ilə cavab verildi!
Daha bir diqqət çəkən məqama toxunmaq olar. Məsələ ondadır ki, 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistan öz ənənəsinə sadiq qalaraq hər vəchlə üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmirdi. Üstəlik, sərhəd ərazilərində atəşkəs rejimini pozaraq bir daha öz kirli xislətini nümayiş etdirməyə çalışırdı. Məhz avqust ayının əvvəllərində düşmənin növbəti cəhdinə uğurlu və qələbəli “QİSAS” əməliyyatı ilə cavab verildi. Bu, həm də o demək idi ki, erməni tərəfi Laçın şəhərindən və eləcə də üç kənddən (Laçın dəhlizi deyilən ərazi) çıxmamağa çalışsa da, ona öz yeri artıqlaması ilə göstərildi.
Prezident İlham Əliyevin sarsılmaz iradəsi və qətiyyəti sayəsində alternativ yol da vaxtından əvvəl istifadəyə verilmiş oldu
Beləliklə, fakt budur ki, üçtərəfli bəyanatda alternativ yolun 3 il ərzində çəkilməsi və Laçın şəhərinin təhvil verilməsi nəzərdə tutulsa da, həmin layihənin daha tez başa çatdırılması Azərbaycanın qətiyyətinin göstəricisi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin sarsılmaz iradəsi və qətiyyəti sayəsində alternativ yol da vaxtından əvvəl istifadəyə verilmiş oldu. Artıq Azərbaycan Ordusu Laçın şəhərinə daxil olub və orada üçrəngli dövlət bayrağımız fəxrlə, qürurla dalğalanmaqdadır!
Əslində, ermənilərin bu strateji məkandan çıxmaq istəməmələri birinci Qarabağ müharibəsindəki işğalçılıq missiyalarının davamı kimi də qiymətləndirilə bilərdi. Onlar bu yolla qanunsuz əməllərini davam etdirir, silah-sursat daşıyır və Xankəndidəki separatçılara dəstəklərini göstərirdilər.
Məhz 1992-ci ilin mayında xəyanət və satqınçılıq ucbatından işğala məruz qalan Laçın qucağını açaraq 30 illik həsrətdən sonra öz həqiqi sahiblərini qarşılayır
O cümlədən, Laçın şəhərindən keçən çağırılmamış xarici ermənipərəst diplomatlar və jurnalistlər dünyaya həqiqəti deyil, məhz erməni maraqlarını əks etdirən yalanları sırımaqla məşğul olurdular. Üstəlik, Laçın dəhlizi erməni işğalının özəyini təşkil edirdi ki, bu da onların daha geniş əl-qol açmalarına geniş şəraitlər yaradırdı. Məhz 1992-ci ilin mayında xəyanət və satqınçılıq ucbatından işğala məruz qalan Laçın qucağını açaraq 30 illik həsrətdən sonra öz həqiqi sahiblərini qarşılayır. Bu 30 ildə şəhər ermənilər tərəfindən çapılıb-talanıb, ona əsla yapışmayan qondarma “berdzor” kimi səslənən iyrənc ad da belə qoyulmuşdu. Artıq bunların heç biri yoxdur və bundan sonra da olmayacaq!
Nəticə olaraq bir daha isbat olundu ki, Laçın şəhərində bayrağımızın dalğalanması paralel olaraq işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın nəzarətini tamamladı və sonuncu rayon mərkəzi də nəzarət altına alındı. Və bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nəyi, necə və nə vaxt etmək bəyanatının növbəti sübutu ilə təsdiqini tapmış oldu!
Rövşən RƏSULOV
P.S. Laşın şəhərinin tamamilə azad olunması növbəti qələbələrin müjdəsini verir!