Efir “terroru”: “APARICI” SÜRÜSÜ bu xalqı niyə təhqir edir?

26 Avqust 2022 11:58 (UTC+04:00)

Son bir ayda istər sosial şəbəkə hesabımda, istər də köşələrimdə efirlər barədə, bu yaramaz “proqramlarda” xalqın mənəviyyatına vurulan zərbələr barədə geniş yazılarım oldu. Artıq neçənci dəfədir ki, efir rəzaləti barədə yazmağa məcburam. Bir xalqın mənəviyyatının göz görə-görə məhv edilməsi, ar-namus, kişilik dəyərlərinin qəsdli şəkildə, BİLƏ-BİLƏ alçaldılması, hələ bu azmış kimi, min bir hiylə ilə efirlərdə şou düzəldib insanlardan külli miqdarda pulların yığılması, məqsədli şəkildə bir sıra müğənnilərin efirlərə çıxarılıb həyasızcasına pul dilənməsinə imkan yaratmaq, ən dəhşətlisi və ən faciəlisi imkansız, əqli qüsurlu Azərbaycan VƏTƏNDAŞLARININ efirlərə çıxarılıb təhqir edilməsi, alçaldılması artıq rəzalətin FİNALIDIR, başqa heç nə!

Televiziya ənənələri, maarifləndirmə missiyası, elm və mədəniyyət güzgüsü olmaq vəzifəsi getdikcə əksər TV ekranları üçün əlçatmaza çevrilir. Niyə? - çünki bu nəcib, yüksək intellektual missiya adi tərbiyə və dünya görüşü olmayan yalançı “aparıcı sürüsü” ilə reallaşdırıla bilməz. Bu, mümkünsüzdür. Bu cür bisavad, efir mədəniyyətindən bixəbər, telejurnalistika barədə elementar məlumatı olmayanlar, ancaq belə barbar efir xaosu yarada bilər, başqa heç nə. Çünki belələrinin ekran qarşısındakı milyonlarla tamaşaçıya verə biləcəkləri HEÇ NƏ YOXDUR!
Sözümü qəribçiliyə salmayın, bu efir biyabırçılığı elə bir həddə çatıb ki, bu işlər sonda xalq olaraq bizim sonumuzu yaxınlaşdırır. Mənəviyyat terroru daha dəhşətlidir, sağalmaz və ölümcüldür, unutmayın!

Sanki Qarabağ müharibəsindən sonra bu ölkənin mənəviyyatına qarşı ikinci erməni cəbhəsi “xoda düşüb”. Dünyagörüşü döşəmə üzərində sürünən bu rəzil, savadsız “proqram aparıcıları” açıq-aşkar milyonlarla Azərbaycan vətəndasına mənəviyyatını, ata-babalarından bu günə qədər yol gələn adət və ənənələrini, KİŞİLİK VƏ AR-NAMUS hisslərini UNUTDURMAQ üçün yarışa giriblər.
Var gücləri ilə bu xalqın mənəviyyatına sağalmaz yaralar vurmaq üçün bütün müqəddəs və “qırmızı cizgilər”i tapdalayan efir xuliqanları üzərlərinə qoyulan “missiyanı” daha geniş sosial auditoriyada genişləndirmək üçün “xeyirxahlıq” libasına bürünüb ağlasığmaz addımlar atırlar. Heç kimdən qorxmadan, heç bir qanunu vecinə belə almadan. Sanki kimlərsə bu səviyyəli diletant, tərbiyəsiz və savadsız “aparıcı sürüsünə” ATALIQ edirlər...

Bu efirlərdə yüz illərdir bizimlə yol gələn ata-baba adət və ənənələrimizə qarşı, mənəviyyatımıza qarşı həyasızcasına, sanki bir erməni diasporu kimi, amansız düşmən tərzində davranmaları açıq və qorxunc FAKT olaraq ortadadır. Bu cür efirləri izləmək inanın çox-çox dəhşətlidir. Hər dəfə bu biyabırçı efirləri ötəri də olsa izləyəndə, inanın hər bir normal düşüncəli azərbaycanlı kimi anidən fikirləşirəm ki, sanki qarşımdakı bir erməni efiridir, 44 günlük müharibədən sonra azərbaycanlılara qarşı dişini qıcayıb və qisas alır.
Təəssüf ki, bu, belədir və səbəbləri də qaranlıqdır. İndi nəyi “dəbə” salıblar: əqli qüsuru olan, ehtiyac və özü də dərk etmədən belə “aparıcıların” ucuz şou qurbanına çevrilən zavallı insanları efirlərdə rəzil edir, onları ələ salır və küçə səviyyəli proqramlara kütlənin diqqətini cəlb etmək istəyirlər. Əqli qüsurlu insanlardan bu şəkildə alçaqcasına istifadə etmək, burax jurnalistikanı, adi insan vicdanı üçün çox biyabırçı ləkədir.
Sənin əqlin və jurnalistika yaradıcılığın yeni, məzmunlu və populyar verilişlər hazırlamaq üçün deyil, ay zavallı. Rədd ol gəldiyin kafelərə, gözəllik salonlarına, geri dön öz “evinə”. Çünki böyük mədəniyyəti, zəngin keçmişi və adət-ənənəsi olan bu BÖYÜK XALQA savadsız və diletant səviyyəli “APARICI” SÜRÜSÜ lazım deyil!

Mətləb Salahov