Cəmiyyətimizdə bəzi özünü siyasətçi adlandıranlar vardır ki, mütəmadi olaraq gündəmə gəlməyə çalışır və ya hansısa anti-Azərbaycan dairələrdən verilən təlimatları səsləndirməklə öz missiyalarını yerinə yetirmiş olurlar. Milli Dövlətçilik Partiyasının sədri, özünü "meydan qəhrəmanı" sayan Nemət Pənahlı kimilər.
Bu gün 30 ildən sonra yenidən zühur edərək özünü "siyasətdə görməsi" ancaq ikrah doğurur. "Meydan qəhrəmanı" Nemət Pənahlı anlamır ki, artıq xalqımız pafoslu çıxışlara inanmır, çünki bu gün ölkəmiz qalib ölkə kimi 30 illik həsrətə "Dəmir yumruq" siyasəti ilə 44 gün ərzində Qarabağımız işğaldan azad olundu. Bu gün “meydan qəhrəmanlığı” dövrü deyil. Bu günün qəhrəmanlığını igid oğullarımız döyüş meydanında sübut etdilər. Və Nemət Pənahlı kimi araqarışdıran fərdlərin pafoslu çıxışlar edərək insanların yanlış yola sürüklənməsinə icazə vermək olmaz.
30 ildən sonra keçmiş dövrdə etdiyi “qəhrəmanlıq”ları əsas götürərək, bu gün də söz sahibi olduğunu sübut etmək istəyən Nemət Pənahlının məqsədi bəllidir: Azərbaycanın siyasi həyatında "aktivlik" nümayiş etdirmək, müəyyən dairələr və qüvvələrin təsiri altında çaxnaşmalar yaratmaq və əvvəlki illərdəki missiyanı yenidən davam etdirməklə, özünü cəmiyyətə siyasətçi kimi sırımaqdır. Ancaq bu, mümkün deyil. Xalq Nemət Pənahlını ikiüzlü, satqın, çaxnaşma yaratmaqla həmin dövrdə qüvvələrin istəklərini yerinə yetirməklə xalqa yox, öz məqsədlərinə xidmət etmiş bir insan kimi tanıyır. Bu gün onun pafoslu çıxışlar etməsi yenidən özünü siyasətçi kimi göstərməsi qeyri-mümkündür, çünki Nemət Pənahlının heç bir siyasi gücü və ya arxasınca apara biləcəyi kütləsi yoxdur. Xalq kimin-kim olduğunu bilir. Bu gün Nemət Pənahlı və onun kimilərinin Azərbaycanın siyasi həyatında heç bir yeri yoxdur. Və artıq o tarixin arxivində qara ləkə olaraq qalır. Çünki bu gün Azərbaycan xalqı birlikdə və bərabər vahid bir güc olaraq öz qalib Lideri ətrafında sıx birləşib. Nemət Pənahlı kimi araqarışdıran, ikiüzlülər arxivə atılmışdır və Azərbaycan siyasətində belələrinin heç bir zaman yeri olmayacaqdır.
MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədri