Sizə kimdən deyim, nədən danışım, bizim bu şəhərdən. Daha doğrusu, bir çox rayon əhlinin yaşamaq həsrətində olduğu Bakıdan. Xəzərin sahilindəki bu paytaxt şəhərində Sovetin vaxtından ilişib qalmışam. Çox hadisələrlə rastlaşmışam, “alabaş” avtobuslardan “BakuBus”a qədər, bütün marşrutları görmüşəm. Hərəsinin də bir özəlliyi ilə. Qabaqlar belə idi ki, sürücülər nağd pul aldıqları sərnişinləri hər addımda salona alır, istədiyin yerdə də düşürürdülər. Sürücülərin bu “xeyirxahlığı” düşən sərnişinləri razı salsa da, digər sərnişinlərin səsli-küylü etirazı az qalırdı maşının tavanını başından qoparsın. İncavarıdan hay-küy tez kəsilirdi. Bir sözlə, avtobus marşrutlarındakı qayda-qanunu sürücü-sərnişin münasibətləri tənzimləyirdi.
Vaxt gəldi, vədə yetişdi, şəhərimizdə yeni xidmət növləri yarandı, avtobus marşrut xətlərinə “BakuBus”lar buraxıldı. Hamı sevindi, rahatlıq nəyə desən dəyər. Öndən pulunu kartla ödəyirsən, arxa tərəfdən düşürsən. Daha istədiyin yerdə düşmək yox, qışqırmaq, bağırmaq yox. Sərnişinlər elə həminkilər idi, sanki avtobusun görkəmindən, iç divarında yazılmış qadağalardan utanıb özlərini təmkinli aparır, üzlərinə əməli-saleh, mədəni adam görkəmi verirdilər. Yay-qış kondisionerin işləyib-işləməməsi isə yeni etiraz dalğası yaratsa da, son vaxtlar, deyəsən, sürücülər insanların “xoş damarını” tapıblar, bu məsələni də yoluna qoyublar. Sərnişinlər də zamanın nəbzini tutub, qaydalara demək olar ki, əməl edirlər, amma...
Bəli, gələk əsas mətləbə. Yəqin ki, indiyədək elə sərnişin olmaz ki, avtobuslarda baş verən heç olmasa bir hadisəyə-davaya şahidlik etməsinlər. Sərnişinlər arasında dava da olur, amma olayların çoxunun bir tərəfində sürücülərin olması artıq adi hala çevrilib. Niyə? Çünki qaydalara bilavasitə əməl etməyə borclu olan sürücülər davanı sözdən əlbəyaxaya çevrilməsinə səbəb olurlar. Başa düşürük, səhərdən axşama kimi sükan arxasında Bakının dar və tıxaclı küçələrində 15, bəzən 20 metrlik avtobusu idarə etmək də hər oğulun işi deyil. Amma hər sərnişinlə söz güləşdirmək, çənə-boğaz etmək də onlarlıq deyil. Onların əsas funksiyası 70-80 nəfərin salonunda olduğu avtobusu qəzavü-qədərsiz mənzil başına çatdırmaqdır. Qalanı bir hekayə, türklər demiş. Sürücü necə xəttə buraxılıb, onun psixoloji durumu necədir, evdən çıxanda evdəkilərlə, xəttə buraxılanda müdirlə münasibətləri necə olub, bütün bunların sərnişinə heç bir dəxli yoxdur, vəssalam...
Sırağagün işdən yorğun çıxmışdım, evə tez çatmaq istəyirdim. Sahil metrosunun yaxınlığındakı dayanacaqda durub 5, 125, 88 saylı avtobuslardan birini gözləyirdim. Dayanacaqda adam da çox idi və hamının baxışları həsrətlə bu avtobusların gələcəyi yola dikilib qalmışdı. Hiss olunurdu ki, hamı evinə tələsir. 125 gəldi, avtobusun ön hissəsi dolu olsa da, arxa tərəfi boş idi. Yerdəkilər nə qədər sürücüdən insanların arxa tərəfə getmələrini tələb etməsini istəsələr də, sürücü yerindən tərpənmədi, sanki eşitmirdi. Xülasə, sərnişinlərin bir, ya ikisi minə bildi, qalanları müxtəlif ünvanlara xöşagəlməz bir-iki ifadə işlədib sakitləşdilər. Bir az keçdi üfüqdə 88 saylı avtobus göründü. O gələnə qədər sərnişinlər ora-bura vurnuxmağa, avtobusun harada dayanacağını müəyyənləşdirməyə çalışdılar. Amma sürücü sanki sərnişinlərdən acıq çıxırmış kimi avtobusun ön girişini dayanacaqda duran avtomobilə, sözün əsl mənasında söykədi, aralarında 20 santimetr yer qaldı. Evinə tələsən sərnişinlər isə basabasla avtobusa doluşmağa çalışırdılar. Halbuki, sürücü avtobusu bir metr arxada saxlasaydı hamı rahatca içəri daxil ola bilərdi. Dözə bilmədim, sürücüyə dedim ki, əmioğlu, olmaz ki, avtobusu bir az arxada saxlayasan, yerdəki maşına sürtünə-sürtünə içəri giririk, məgər görmürsən? Mənə qayıtdı ki, o iradı mənə etməkdənsə, o avtomobilin sürücüsünə de, burada saxlamasın. Əsəblərin getdikcə gərginləşməyə, məni təbimdən çıxarmağa başladı. Dedim, a kişi, mən BNA-nın işçisi deyiləm. Sənin borcundur ki, sərnişinlərin salona daxil olması üçün rahat keçid yaradasan. Sən niyə arxada saxlamırsan ki, biz də əyin-başımızı avtomobilin tozuna bulaşdırmadan içəri keçək. “Keç cəhənəm ol arxaya, ağıllı çıxıb mənim üçün”, deyə bağırdı üstümə. Ona qarşılıq verməkdən özümü güclə saxladım. Yenə də ona düz hərəkət etmədiyi xəbərdarlığını etdim. Baxdım, qanan adam deyil. Sərnişinlər də sanki, sürücülərin belə reaksiyasına alışıblar kimi, mənə əsəbləşməməyi məsləhət gördülər. Düşündüm ki, boş yerə, başqalarının günahı ucbatından niyə “cəhənnəm ol” "ödülünü" almalıyam. Ola bilməz ki, bu ikiayaqlı özü o ünvana getsin, yaxud bunu 88 saylı marşruta buraxanlar?!
Bir az da 88 saylı avtobus marşrutundan danışaq. “İyirminci sahə”yə 5 №-li marşrut açmışdılar, daha doğrusu, bu marşrutdakı avtobusları “BakuBus” avtobusları ilə əvəzləmişdilər. Hər kəs razılıq edirdi. Rahatlıq, komfort, sərnişin məmnunluğu... Amma “Sahil” metrosundan bu istiqamətə gedən 88 saylı marşruta isə az hallarda minirdik. Niyəsini də deyəcəyəm. Çünki bu xəttə çıxanlar sanki kiminsə acığına köhnə maşınlarını dəli kimi sürürdülər. Hələ iki il bundan əvvəl facebook-da belə bir status paylaşmışdım ki, sürücü avtobusu elə sürətlə idarə edirdi ki, iş yerimdən “iyirminci dairə”yə qədər qulağımı qaşıya bilmədim. Bəziləri bunu zarafata yozmuşdu, amma reallıq idi. Bu marşrut xəttində olanların əksəriyyəti indi də “BakuBus”u dəli kimi sürürlər. Maşın və sürücü cəhənəm, bəs sərnişinlərin təhlükəsizliyinə kim cavab verəcək? Bəlkə bu marşrutda olanlar həqiqətən canidirlər, yaxud da canından beziblər, insanların həyatı onlar üçün heç bir əhəmiyyət kəsb etmir, yaxud bunların kiminsə qarşısında öhdəlikləri yoxdur, məsuliyyət daşımırlar. Bəlkələr çoxdur...
Sonda, Mirzə Cəlil demişkən, sözümü o kəslərə deyirəm ki, onlar biz sərnişinləri eşitməyə borcludurlar, onların çörəyi bu sərnişinlərdən çıxır. O cümlədən “BakuBus” şirkətində çalışanlaradır sözümüz, eşidin, sərnişinlərin sizə heç bir borcu yoxdur və sizi bu xidmət sahəsində çalışmağa biz məcbur etməmişik. Əgər belə davam edəcəksinizsə, zəhmət olmasa, gedin, özünüzə başqa iş tapın, bizim sizinlə döyüşməyə, cəng etməyə, söz güləşdirməyə nə vaxtımız var, nə də həvəsimiz. Mədəniyyətimiz də buna imkan vermir. O cümlədən bir həpəndin ucbatından avtobusda ölmək fikrimiz də yoxdur. Sürücülüyü özünüzə yaraşdırmırsınızsa, xidmət sahəsini özünüzə təhqir hesab edirsinizsə, gedin, harada sizə rahatdırsa orada çalışın. Təki imkan verin bu sahəni bacaranlar gəlsin, yoxsa problemləriniz çox olacaq.
Bu yazını qələmə alanda BNA-ya zəng etmək, münasibət öyrənmək də yadıma düşdü. Amma bunu etmədim. Niyə? Çünki heç bir xeyri yoxdur. 3-4 ay bundan əvvəl 125 saylı marşrut avtobusunun sürücüsü yolun yarısında bütün sərnişinləri heç bir səbəb olmadan düşürdüyünə etiraz etdiyimdə, məni “işverən” adlandırdığı barədə etdiyim şikayət yəqin ki, BNA-nın başbilənlərinin yadındadır. Axırı nə oldu? Günahkar yenə mən çıxdım. Sən demə, mənim sözlərimdən sürücünün “gülü tökülüb”. Qorxuram bu dəfə də şikayət edəm, 88 №-li avtobusun sürücüsü zəri tökülər, yazıqdır.
V.VƏLİYEV