Kiçik yaşlı uşaqların imtahan verməsi düzgündürmü? - ARAŞDIRMA

25 Avqust 2022 17:15 (UTC+04:00)

Uşaqlarımız çılğın körpəlik dönəmindən sonra məktəb məsuliyyəti ilə üz-üzə qalır. Bir çox uşaq bu vəziyyətə asanlıqla uyğunlaşır və qısa müddətdə bu nizama alışır. Ancaq bəzi uşaqların uyğunlaşma prosesləri daha çətin olur və xüsusilə, uğursuzluq qorxusu səbəbiylə imtahan stressi ilə qarşılaşa bilirlər. Belə hallarda kömək əlini uzadıb bu problemin öhdəsindən gəlmək mütləq ailənin üzərinə düşür. Valideynlər olaraq, uşağınıza bu stressin öhdəsindən gəlib, onun yanında olmalısınız.

Hər bir uşaq ilk növbədə başa düşülmək istəyir. Buna görə də, belə bir stresli vəziyyətə heç vaxt laqeyd yanaşmayın və uşağınıza onu başa düşdüyünüzü bildirin. Uşağınıza izah edin ki, bir az narahatlıq normaldır, lakin həddindən artıq çox olması onu yorar.

İmtahan yaxınlaşdıqca stress səviyyəsi artır. İmtahan dövründə övladınızın imtahanlara necə hazırlaşacağını planlaşdırın və bunu son dəqiqəyə buraxmayın. Xüsusilə də, azyaşlı uşaqlara qarşı bir qədər həssas yanaşmaq lazımdır.

İmtahanda zəif nəticə göstərən şagird özünə olan sevginin, hörmətin azalacağını düşünür. Bunun belə olmadığını övladınıza izah edin.

Uşağınız imtahandan istədiyiniz nəticəni almaya bilər. Bununla belə, onun bu imtahan üçün mübarizə apardığını görsəniz, yenə də onu qiymətləndirməlisiniz. Bu, uşağınızın növbəti imtahana həvəslə oxumasını təmin edəcək.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində azyaşlı uşaqlar demək olar ki, imtahanın nə olduğunu bilmir. Azərbaycanda isə əksinə. Bu gün hər hansı prestijli məktəb və ya liseyin 1-ci sinfinə övladını yollamaq istəyən valideynə deyilir ki, “Uşağınız bizim məktəbdə təhsil almaq üçün ilk növbədə imtahan, yaxud da müsahibə mərhələsindən keçməlidir”. Üstəlik, bu imtahana daxil edilən sualların bir çoxu uşağın yaş qrupuna və psixologiyasına uyğun deyil. Bu da onların ciddi stress yaşamasına səbəb olur. Axı, məktəbə ilk qədəmlərini qoyacaq olan 5-6 yaşlı uşaq imtahanın nə olduğunu necə dərk etsin?!

SİA mövzu ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatlarının, təhsil ekspertlərinin, məktəbəqədər övladı olan valideynlərin və ibtidai sinif müəllimlərinin fikilərini öyrənərək araşdırma aparıb.

Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Kamilə Əliyeva: “Ümumiyyətlə, ümumtəhsil məktəblərində belə imtahan, yaxud müsabiqə yoxdur. Yəni, orta məktəblərə birinci sinfə qəbul onlayn şəklində aparılır. Belə ki, valideynlər övladlarını qeydiyyata salırlar. Məktəbi və müəllimi valideynlər seçir və beləliklə, uşaqlar birinci sinfə qəbul edilir.

Bununla yanaşı, bir sıra məktəb, lisey, gimnaziya və özəl məktəblər var ki, onlar müəyyən bir seçim aparırlar. Yəni, orada da onlayn şəklində qeydiyyat aparılır. Ondan sonra isə uşaqları test üsulu, yaxud müsabiqə ilə seçirlər. Amma qalan hallarda isə dövlət ümumtəhsil məktəblərində ancaq qeydiyyatdan keçdikdən sonra valideynlər seçimlərini özləri edirlər. Adi qaydada həmin məktəbdə övladları təhsillərini davam etdirir.

Zaman dəyişir, artıq 21-ci əsrdir. Uşaqlarımız çox inkişaf edib. Bu gün məktəbəqədər hazırlıq mərhələsi var. Artıq 1-ci sinifə gedən uşaqlar hərfləri, saymağı, elementar anlayışları məktəbdə deyil, məktəbə gəlməmişdən öncə öyrənirlər. Buna məktəbəqədər hazırlıq qrupları çox kömək edir. Belə ki, uşaqlar 1-ci sinifə gedəndə yazı yaza, şeir söyləyə və saya bilirlər.

Tamam başqa bir əsrdir və uşaqlar da həmin uşaqlar deyil. Çox inkişaf var. Bu da əlbəttə ki, sevindirici haldır”.

Laçın rayon 11 nömrəli məktəbin ibtidai sinif müəllimi Səadət Hacıyeva mövzu ilə bağlı fikirlərini belə ifadə edib: “1-ci sinifdə təhsil alacaq şagirdlər üçün imtahan artıq yoxdur. Əvəllər, yəni məktəbəqədər hazırlıq qrupları olmadığı zamanda imtahan olurdu. Belə ki, əvvəl 6 yaşı tamam olmamış uşaqlar məktəbə imtahansız qəbul edilmirdi. Indi isə Təhsil Nazirliyinin qərarı ilə mətkəblərdə məktəbəqədər hazırlıq qrupları var. Bu qruplar vasitəsilə 1-ci sinfə gələcək olan uşaqlar məktəb mühitinə adaptasiya olur.

Bunun üçün qruplara elektron formada qeydiyyat götürülür. Məktəbəqədər hazırlıq qruplarına 5 yaşlı uşaqlar qəbul olunur. Həmin qrupları bitirmiş uşaqlar daha sonra avtomatik olaraq məktəbin 1-ci sinfinə qəbul edilir. Bu qruplara gələn uşaqlar tədris ili başladıqda, demək olar ki, bütün hərf və rəqəmlərlə tanış olurlar. Amma bəzən valideynlər bu məsələlərə biganə yanaşır. Belə ki, onlar uşaqlarını 5 yaşlı məktəbəqədər hazırlıq qruplarına yazdırmadan 1-ci sinifə göndərmək istəyirlər. Bu da uşaqların 1-ci sinifə qədəm qoyduqda məktəbəqədər qruplara gəlmiş uşaqlarla müqayisədə müəssisəyə adaptasiya olmasında çətinlik törədir və ləngimələr yaranır. Bunların səbəbi valideyn diqqətsizliyidir. Bu məsələyə biganə yanaşmaq olmaz.

Ölkəmizdə təhsil üçün geniş imkanlar yaradılıb və şagirdlər dövlətin verdiyi bu müsbət imkanlardan yararlanmalıdır. Bu gün Azərbaycanda olan təhsil ocaqlarının əksəriyyəti müasir dövrün tələblərinə uyğun olaraq təmir edilib və edilməkdə davam edir. Şagirdlərin təhsil alması üçün hər cür şərait yaradılıb. Tələbə və şagirdlərə dövlətin yüksək diqqət və qayğısı var. Bu da cənab Prezident İlham Əliyevin təhsilə böyük önəm verdiyindən xəbər verir”.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi: “Birinci sinifə gedən uşaqlara heç bir imtahan olunmur. Onlar sadəcə olaraq müvafiq məktəbi seçir və yaşadıqları əraziyə uyğun məktəbdə (təbii ki, yer varsa) təhsil alırlar. Yalnız rus bölməsinin şagirdləri üçün xüsusi müsahibə mərhələsi olur və o əsasda onların qəbulu həyata keçirilir. Müsahibədən keçənlər müvafiq məktəb seçimi aparırlar.

Qaldı ki birinci sinifə qəbula, məsələn, yaş kateqoriyası normativə uyğun deyilsə, yəni, 6 yaşı yoxdursa, bəli, onlar üçün imtahan olur və onların müvafiq bilikləri yoxlanılır ki, əgər mövcud tədris proqramına uyğunluq varsa, hər hansı bir biliklərə sahibdirlərsə həmin şəxslər üçün məktəbəqəbul mümkündür”.

Psixoloq Nərgiz Hüseynova: “1-ci sinifdə təhsil alacaq uşaqlar üçün imtahan olarsa, bu, uşaqların psixi və fiziki inkişaf dərəcələrini yoxlamaq üçün olmalıdır. Məsələn, uşağın diqqəti, qavrayışı və yaddaşı üçün belə imtahanlar edilməlidir.

Hər hansı bir imtahandan əvvəl uşaqlar və böyüklər həyəcan yaşayır. Bu, həm də uşağın hazırlıq dərəcəsindən asılıdır. Əgər uşaq əvvəldən imtahana hazırlıq keçirsə, bu, yaxşıdır. Çünki onun məktəbə adaptasiya olma müddəti var ki, hazırlıq dönəmi də buna çox kömək edir. Hazırlığa gedən uşaq məktəblə öndəcən tanış olur”.

6 yaşlı Mehri İsmaylovanın valideyni Rüfanə İsmayılova: “İndi rus dilində iki kəlmə danışa bilməyən valideynlər istəyir ki, uşaqları rus bölməsində təhsil alsın. Bu, çox utancverici vəziyyətdir.

Qızımın 6 yaşı var və 1-ci sinifə gedəcək. Onun təhsilinin Azərbaycan bölməsində olmasına qərar vermişik. Ona görə ondan heç bir imtahan tələb olunmur. İmtahan daha çox rus bölməsində təhsil alacaq uşaqlara şamil edilir.

Şəhərdə müəyyən liseylər var ki, ora daxil olmaq üçün 5-6 yaşlı uşaqlar imtahan verməlidir. Normal məktəbdə və Azərbaycan bölməsində isə belə qayda ilə rastlaşmamışam”.

Ayşən Vəli