Rusiya və Ermənistan arasındakı gərginliyin səbəbləri nədir? POLİTOLOQ AÇIQLADI

25 Avqust 2022 16:52 (UTC+04:00)

"Rusiya və Ermənistan arasında gərginlik, müəyyən mənada Qarabağla bağlı üçtərəfli görüşlərə də təsiri ola bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında münasibətləri dəyərləndirərkən, hökumətlərarası deyil, dövlətlərarası münasibətlərə fikir verməliyik: "Buna görə də bu, hökumətlərarası gərginlik kimi qiymətləndirilməlidir. Bu gün hakimiyyətdə olan Paşinyan komandası və Kreml administrasiyası arasında gərginlik olsa da, son nəticədə Rusiya Ermənistanı əldən vermək fikrində deyil. Ona görə də Ermənistanın yaratdığı provakasiyalara və təxribatçı əməllərə göz yumur".

Politoloq Samir Hümbətov sözlərinə əlavə edərək qeyd edib ki, digər tərəfdən isə Qarabağ danışıqlarında Azərbaycanın kifayət qədər üstünlüyü formalaşıb: "Laçın və ətraf kəndlərin geri qaytarılması müəyyən mənada Ermənistana psixoloji basqı kimi qiymətləndirilir. Rusiya istəməz ki, Azərbaycan tam şəkildə Qarabağı nəzarətə keçirsin. Çünki belə olduğu halda, Rusiyanın həm Azərbaycandan, həm də Ermənistandan əli üzülür. Çünki Ermənistan cəmiyyəti görsə ki, Azərbaycan tam şəkildə ərazi bütövlüyünü bərpa edib, Rusiyaya qarşı cəmiyyətdə aqressiya güclənəcək. Nəticədə düşünürəm ki, 10 noyabr üçtərəfli Bəyannamənin şərtlərinə uyğun olaraq Azərbaycanın tələbi olan bütün məsələlər həll ediləcək. Moskva görüşünün ciddi uğurlu nəticəsi olacağı gözlənilmir. Moskva görüşündə bir bəyannamənin şahidi ola bilərik. Ermənistan daha çox Qərblə əməkdaşlığa üstünlük verdiyi üçün daha çox Brüssel görüşünə ümid bəsləyir. Müşahidələr onu göstərir ki, Moskva görüşündə hər hansı ciddi məsələlər həll olunması gözlənilmir".

Qönçə Quliyeva