Texnologiya - inkişafa, yoxsa uçuruma aparan yol? - ARAŞDIRMA

24 Avqust 2022 17:17 (UTC+04:00)

Ətrafımızda baş verən hər bir hadisə həyatımıza təsir edir. Texnologiya hazırda bu təsirlərin içində xüsusi yer tutur. Texnologiyanın inkişafı mütləq insana xidmət etməlidir. Texnologiya daim özünü yeniləyir və inkişaf edir. Bu, sabit deyil. Buna görə hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq mümkündür. Bu inkişaflar insanın həyatına təsir edir. İnsanın həyatına heç bir müsbət və ya mənfi təsiri olmayan ixtira demək olar ki, yoxdur. Texnologiyanın insanlar tərəfindən asanlıqla qəbul edilməsi və tətbiq edilməsinin əsas səbəbi insanların işini asanlaşdırmasıdır. Onun həyat şəraitini yaxşılaşdırmalı, asanlaşdırmalıdır. Növbədə durmaq mədəniyyəti, sürücülük mədəniyyəti və sair olduğu kimi, məncə, texnologiyadan istifadənin də bir mədəniyyəti var.

Pandemiya dövrü elektronlaşmanın, texniki imkanların insan həyatında tətbiqinin nə qədər vacib olduğunu sübut etdi. Elektronlaşan xidmətlərdən istifadə bütün ölkələrdə, əlbəttə ki, pandemiyanın daha çox yayılmasının qarşısının alınmasında bir alət oldu. Odur ki, texnologiyanın inkışafı insan həyatının rahatlaşdırılmasına tətbiq ediləcəksə, o hər zaman müsbət təsir kimi qiymətləndiriləcək.

Bəs, texnologiyanın günü-gündən inkişaf etməsi bizə nəyi qazandırır?

Məsələ ilə bağlı İT üzrə mütəxəssis Emin Qasımov SİA-ya bildirib ki, hazırda yeni dəb almış süni intellekt və “Machine Learning” adlı texnologiya tezliklə bir çox ixtisası, insanların hazırda işlədiyi ixtisasları tamamilə əvəz edəcək: “Machine Learning” texnologiyası adından da bilindiyi kimi öyrənən maşın deməkdir. Bu texnologiya özü-özünü təkmilləşdirir, bir səhvi edir və onu yaddaşında saxlayaraq növbəti dəfə etmir. Süni intellektə malik olur. Düzgün yazıldığı və öyrədildiyi halda hər bir işi görə bilər. Cavan nəsilə üzümü tutaraq demək istəyirəm ki, ixtisas seçimində artıq fiziki güc tələb olunan işlərdən uzaq dursunlar, gələcək yalnız İT və proqramlaşdırmadadır”.

Zaman keçdikcə insanlar texnologiyanı qəbul etdilər və həyatlarında istifadə etməyə başladılar. Texnologiya insanların həyatını hər cür asanlaşdırdığından, onun qəbul edilməsi və reallaşdırılması qısa bir müddətdə baş verdi. İnsanlar texnologiyadan müxtəlif istiqamətlər üzrə faydalana bilərlər. Smart ev sistemləri, avtomobillər, telefonlar, tabletlər və texnoloji sistemə malik olan bütün alətlər texnologiyanın inkişafının nəticəsi olaraq qəbul edilir. Bu səbəblə deyə bilərik ki, texnologiya insan həyatında böyük bir yerə sahibdir.

Media eksperti Azər Həsrət bildirib ki, texnologiyanın inkişafı özü ilə bərabər, həmçinin, mənfi tendensiyaları da gətirir: “Bu, qaçılmazdır. Yəni hər bir şeyin yaxşı tərəfi olduğu kimi, mənfi tərəfi də var. Bu baxımdan, yeni texnologiyalar da mənfi tərəflərini gətirir. Ona görə də biz illərdir ki, təklif edirik ki, insanlar mümkün qədər yeni texnologiyalara fasilə verməlidirlər. Ən azından həftə sonları telefondan, internetdən, komputerdən uzaq durmaqla haradasa həm əsəblərimizi, həm də vaxtımızı qoruya bilərik. Bunu etməsək, həqiqətən böyük fəlakətlə üz-üzəyik. Birincisi, yeni texnologiyaya o qədər aludə oluruq ki, saatlarla hərəkət etmədən telefon, komputer arxasında otururuq. Bu tükənmişliyin qarşısını almaq üçün əlbəttə ki, hərəkət etmək lazımdır. Bunun üçün daha çox təbiət qoynuna getmək, yeni texnologiyalardan bir qədər uzaq durmaq lazımdır. Digər bir tərəfdən yeni texnoligiyarlardan uyğun və faydalı istifadəni təmin etmək lazımdır”.

Müasir texnologiya dedikdə təkcə son model mobil telefonlar, kompüterlər yada düşməməlidir. İnsanlar hiss etməsələr də, əslində, bir çox yerlərdə texnologiyadan istifadə edirlər.

Bəs, texnologiyanın inkişafı hərbi sahəyə necə təsir edir?

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, müasir texnologiyaların inkişafı hərbi sahəyə birbaşa olaraq təsir göstərməkdədir: “Hazırda orduda ən geniş tətbiq olunan texnologiyalar sırf informasiya texnologiyaları ilə bağlıdır. İdarə olunan raketlərin uçuşuna nəzarət onların hədəflərə kilitlənməsi, uzaq məsafələrdən rabitə üçün peyklərdən istifadə edilməsi, peyk görüntülərinin və səmada uçan pilotlu və pilotsuz aviasiya vasitələrinin bir-biri ilə qarşılıqlı əlaqəsi, ərazidə mövcud olan obytektlərin dəqiq koordinatlarının atəş və məhvetmə vasitələrinə ötürülməsində müasir texnologiyalardan istifadə edilir. Hazırda əsgərlərin düşmən gülləsindən qorunması üçün nəzərdə tutulan zirehli gödəkçələrin hazırlanmasında müasir texnologiyalardan istifadə olunur. Bu da həm onların kütləsinin azalmasına, həm də zədələnmiş gödəkçələrinin öz-özünün bərpasını təmin edir. Bu gödəkçələrin güllə və qəlpələrə qarşı davamlılığı əvvəlki vasitələrə nisbətən xeyli üstündür. Bundan əlavə, həmçinin, şəbəkə əsaslı interfeyslərdən istifadə olunur. Məsələn bölük və ya tağım komandiri ərazidə əməliyyatlar yerinə yetirərkən, o, artıq hər hansı bir əsgərə səslə yox, əlində olan kiçik planşet vasitəsilə hədəf göstərə bilir. Bütün bunlar isə ətraf mühit, ətraf ərazi, əməliyyat şəraiti barədə komandirin məlumat bazasının genişləndirilməsinə, döyüş tapşırıqlarını daha qısa müddətdə və uğurla yerinə yetirməsinə imkan yaradır”.

Hər gün müxtəlif səbəblərlə istifadə olunan internet ən böyük texnoloji inkişaflardan biridir. Əgər internet olmasa, fəaliyyəti dayansa, bundan bir çox insan təsirlənəcək. Bu, internet asılılığı adlanır. Müasir dövrdə bir çox insanda internet asılılığına rast gəlinir. Bu texnoloji yeniliyin – internetin olmaması xüsusilə internet asılılığı olan insanlar üçün böyük problem yarada bilər. Yalnız texnologiya və internet asılılığı olanlar deyil, demək olar ki, hər kəs yaranacaq yeni vəziyyətdə əziyyət çəkə bilər.

Texnologiyanın inkişafı insan psixologiyasına necə təsir edir?

Psixoloq Aytən Ələkbərova bildirib ki, hazırda biz texnologiya əsrində yaşayırıq: “Özümüzü tamamilə texnologiyanın təsiri altına salmışıq. Sanki bir günümüzü texnologiyasız təsəvvür edə bilmirik. Yeni doğulan körpənin belə bu gün diqqəti telefona yönəlir. Bu gün yeniyetmələrdə aqressiyanın çoxalması, ailələrdə psixoloji uyuşmanın pozulması birbaşa telefonla bağlıdır. Bu gün yaranacaq informativ stresslərin yaranmasına səbəb ola bilir. Bilirik ki, yeniyetmələrimiz və gənclərimiz inkişafa doğru addımlayan dövrlərini yaşayırlar. Odur ki, biz smartfonların həm yaxşı, həm də zərər verən tərəflərini nəzərə alaraq özümüzə müəyyən qadağalar qoymalıyıq”.

İnsanların müasir texnika və texnologiyaların öz həyatlarındakı müsbət və mənfi rollarını öyrənmək üçün SİA gənclərin fikrini öyrənməyə çalışıb:

Paytaxt sakini Pərviz Əlizadə: “İnkişaf yaxşıdır. Müasir dövrdür. Təbii ki, texnologiyanın günü-gündən inkişaf etməsi çox yaxşı haldır. Texnologiya, bir sözlə, bizim həyatımızı asanlaşdırır. Keçmişə nəzərən indiki vəziyyət çox yaxşıdır. Biz texnologiya olmadan istədiyimiz hər hansı bir yeməyi yemək üçün məcbur olub kafe və restoranlara getməli idiksə, indi isə, sadəcə, bir düyməyə basaraq həmin yeməyi ünvana, ya da olduğumuz məkan haradırsa, oraya gətirdə bilirik”.

Paytaxt sakini Adilə Xəlilova: “Texnologiyanın inkişaf etməsi, daim onun təkmilləşdirilməsi çox müsbət bir haldır. Ona görə ki, texnologiya həyatımızı hər cəhətdən sadələşdirir, asanlaşdırır. Lakin hər şeyin müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də vardır. Mənfi tərəfi odur ki, texnologiya günü-gündən inkişaf edir, yeni-yeni infrastrukturlar, zavodlar yaradılır. Bu da təbiətin çirklənməsinə səbəb olur”.

Paytaxt sakini Aytən Abdullayeva: “Bu gün Azərbaycanda gənclərin ölüm hallarının artması, körpələrin diqqətsizlik ucbatından zədələnməsi, ölməsi, insanların özünə qapanmasının kökündə texnologiyanın inkişafı durur. İnkişaf yaxşıdır. Amma ki, bu, artıq insanlarda vərdiş halına gəlib. Bu gün insanlar elə bir haldadır ki, onlar oturduqları yerdən qalxmaq istəmirlər. Passiv həyat tərzi keçirmək istəyirlər. Kənardan baxanda Azərbaycanın çox gözəl inkişaf etdiyini görürük. Amma özü-özlüyündə biz daha da geriləyirik”.

Paytaxt sakini Hüseyn Hüseynzadə: “Bu, çox mübahisəli mövzudur. Texnologiyanın inkişafı insanlar iki cəhətdən təsir edir: müsbət və mənfi. Müsbət tərəflərinin hər kəs fərqindədir. Lakin mənfi cəhətlərindən çoxunun xəbəri yoxdur. Texnologiya insanlarda asılılıq yaradıb. Əsasən də, uşaqlarda. Bunun günahkarı da valideyndir. Sırf uşaq ondan heç nə istəməsin, sakit dursun deyə əlinə telefon verirlər. Müəyyən bir yaş keçdikdə isə həmin uşaqlar telefona bağlı olurlar. Dünya, sadəcə, telefondan ibarət imiş kimi davranırlar”.

Paytaxt sakini Lamiyə Məmmədova: “Azərbaycan günü-gündən inkişaf edir. Yeni zavodlar, binalar tikilir. Yeni ixtiralar kəşf olunur. Amma bunlarla birlikdə, yəni ümumilikdə texnologiyanın inkişafı ətraf mühitə, insanlara zərər verir. Ətraf mühit çirklənir, təbii su ehtiyatlarımız azalır. İnsanlar passiv həyat tərzi yaşayırlar. Dünyanı, sadəcə, əllərindəki smartfonda görürlər. Düşünürəm ki, biz bunun əziyyətini gələcəkdə çox çəkəcəyik”.

İnternet texnoloji inkişafların yalnız bir nümunəsidir. İnsan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edən müasir texnologiyalar həm uşaqlara, həm də böyüklərə bu və ya digər dərəcədə təsir göstərir. Uşaqlar gün ərzində internetdə orta hesabla 7 saat vaxt keçirirlər. Kompüterdən düzgün istifadə uşaqlara fayda gətirə bilər, yanlış istifadə onlara fiziki və psixoloji cəhətdən xeyli zərər vura bilər. Uşaqların texnologiyalara marağı erkən yaşdan başlayır. Zaman keçdikcə onlar internetdə daha çox vaxt keçirirlər. Statistikaya görə, 8 yaşlı uşaqlar arasında orta hesabla 10 nəfərdən 5-6-sı hər gün internetə daxil olur.

Uşaq və yeniyetmələrdə internetdən asılılıq...

Uşaq və yeniyetmələrin kompüterdən istifadəsi müxtəlif zaman intervalında olmalıdır. Uşaqlar kompüterdən müəyyən biliklər əldə edir, amma onların kompüter qarşısında saatlarla əyləşməsi təhlükəlidir. Onların texnologiyaya aludə olması öz fiziki və psixoloji vəziyyətlərinin korlanmasına gətirib çıxara bilər. Belə ki, saatlarla vaxtını kompüter arxasında keçirən uşaqlarda dayaq-hərəkət sistemi pozulur. Yaxın məsafədən kompüterin ekranına baxmaq göz fokusunu pozur. Nəticədə gözlərin buynuz qişası quruyur, göz sağlamlığını itirir və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən, bu maraqlar daha da dərinləşərək onları internetdən asılı vəziyyətə salır.

Texnologiyanın faydalarını aşağıdakı kimi göstərə bilərik:

1. İnternetin sayəsində dünyanın bir ucundan tutmuş digər ucuna qədər istənilən məlumatı əldə edə bilərik və istənilən insanla əlaqə saxlaya bilərik.

2. Texnologiya sayəsində insanlar öz həyatlarını daha da asanlaşdırır, edəcəkləri işləri rahat və qısa zaman çərçivəsində edə bilirlər.

3. Əvvəllər lazımi cihazlar olmadığına görə, insanlar xəstəlikləri barədə çox gec bilirdi, təkmilləşmiş texnologiya sayəsində isə insanlar mütəmadi olaraq səhhətindəki problemlər barədə məlumat əldə bilər.

4. Texnologiya nəqliyyat sahəsində çox faydalıdır. Əvvəllər müəyyən bir yerə getmək üçün həftələr, aylar lazım idi. İndi isə texnologiya sayəsində bu iş çox asanlaşdı, yaxın yerə getmək üçün avtomobillərdən, uzaq yerlərə getmək üçün isə qatar, təyyarə, gəmi və s. kimi nəqliyyat vasitələrindən istifadə etmək olar.

Texnologiyanın müsbət cəhətləri olmaqla yanaşı, mənfi cəhətləri də vardır:

1. Müharibə texnologiyaları texnologiyadan sui-istifadənin vacib göstəricisidir. Texnoloji inkişaf sayəsində atom bombaları, uzun mənzilli raketlər, kimyəvi silahlar, kütləvi qırğın silahları, nüvə silahları, pilotsuz döyüş təyyarələri istehsal edilmişdir. Bu vəziyyətdə, daha əvvəl ibtidai silah və canlı qüvvəyə əsaslanan müharibələrin daha dağıdıcı və daha ağır nəticələrlə daha geniş miqyasda baş verməsinə səbəb olur.

2. Texnologiya sayəsində işçi qüvvəsinə ehtiyac azalmışdır. Bu, insanların tənbəl və boş olmasına səbəb olur. Texnoloji vasitələrin intensiv istifadəsi insanların daha az oturaq həyat tərzinə sahib olmasına səbəb olur.

3. Texnoloji inkişafla ayaqlaşmaq üçün edilən xərclər, insanların büdcəsinə bir yük qoyaraq daha çox pul xərcləmələrinə və borc götürmələrinə səbəb olur. Ehtiyac olmasa da, bir çox insan yalnız texnologiyaya uymaq üçün lazımsız xərcləyir.

4. Keçmişdə lüks mallar kimi təsnif edilən məhsullar indi bir zərurət olaraq görülür. Bu, daha çox xərcləməyə məcbur edən bir elementdir.

5. Texnologiya qlobal istiləşmə kimi ekoloji problemləri də özü ilə gətirir. Texnoloji inkişafla sayı artan fabriklərin yaratdığı hava çirkliliyi və kimyəvi tullantılar dünyanın yaşanılmaz bir yerə çevrilməsinə səbəb olur.

6. Nüvə enerjisi, nüvə və kimyəvi silah qalıcı ziyana səbəb olur.

7. Texnoloji inkişaf sayəsində avtomatlaşdırma və mexanizasiya artmışdır. Bu vəziyyət işçi qüvvəsinə olan ehtiyacın azalmasına səbəb oldu. İşsizlik, məşğulluq problemləri və sosial depressiya kimi ciddi problemlər ortaya çıxdı. Maşınlardan əldə olunan yüksək məhsuldarlıq iş tapmaqda çətinlik çəkən insanların kölə olmasına və daha ucuz və daha çətin şərtlərdə işləməsinə səbəb oldu.

Arzu Qurbanlı