Azərbaycanın qədim tarixə malik, bənzərsiz coğrafi mövqeyinə görə ulu Yaradanın bu xalqa xüsusi bəxşişi sayılan Zəngəzur mahalı bütün cəhətləri ilə ta qədimdən dillər əzbəri olmuş, mahallar mahalı adlandırılmışdır. Əsrlər boyu Azərbaycanda yaranan neçə-neçə dövlətləri yola salan, tarixə şahidlik edən, sinəsindən ötən karvanların bələdçisi olan bu qədim torpaq elə bu xüsusiyyətlərinə görə daim yadellilərin tamahına çevrilib.
Zəngəzur mahalı Azərbaycanın elə bir ərazisində yerləşir ki, bir əsr bundan əvvələ qədər ölkəmizin digər qədim ərazisinə - Naxçıvana quru yol buradan gedirdi. Və sonrakı illərdə Zəngəzurun bu əhəmiyyətli strateji mövqeyi ətrafdakı düşmənlərin diqqətini o qədər cəlb etdi ki, tamahlarını salıb havadarlarını qızışdırmaqla mahallar mahalının Azərbaycandan qopardılmasına nail oldular və beləliklə də Azərbaycanın qədim diyarına -Naxçıvana gedən quru yollar kəsildi. Bu proses artıq bir əsrdən artıqdır ki, davam edir.
Lakin 2020-ci ildə İkinci Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfər Zəngəzur mahalına da öz işığını saldı və ölkəmizin başçısı Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr Bəyannaməsinə Naxçıvana quru yolun açılması ilə bağlı (hansı ki, o yol Zəngəzurdan keçir) bəndi böyük narazılıqlara baxmayaraq saldırmağa nail oldu. Beləliklə, artıq Zəngəzur dəhlizinin açılması zəruri məsələyə çevrildi. O dəhliz ki, tək Naxçıvanla quru yolun bərpasına xidmət etməyəcək, eyni zamanda region dövlətlərinin bu dəhliz vasitəsilə dünyaya çıxışı təmin olunacaq.
Bütün dövrlərdə Zəngəzur mahalının Azərbaycandan qopardılması müzakirə mövzusu olub. Tarixçi alimlərimizin tədqiqatları, açıqlamaları bütün dünyanın ermənilər tərəfindən beyinləri yanlış məlumatlarla doldurulan maraqlı dairələrinə bu torpağın Azərbaycana məxsus olduğunu sübut edib.
Qədim Zəngəzur mahalı
Zəngəzur mahalı yeddi rayondan ibarət olub, hal-hazırda onun dörd rayonu : Kafan, Gorus , Qarakilsə (Sisyan), Mehri Ermənistan ərazisində, üç rayonu Zəngilan, Qubadlı, Laçın isə Azərbaycan ərazisində yerləşir. 1933-cü ildə isə rəsmi Moskvanın qərarı ilə Zəngəzurun rayonlara bölünməsi ilə əlaqədar Zəngəzur adı xəritədən silinir.
Zəngəzurun ümumi sahəsi 7 892 kvadratkilometr olub. 2020-ci il İkinci Vətən Müharibəsində Zəngilan, Qubadlı, Laçın rayonları işgaldan azad olundu. 4505,5 kvadratkilometr sahəni əhatə edən Kafan, Gorus , Qarakilsə (Sisyan), Mehri rayonları isə 100 ildən artıqdır ki, yenə erməni işgalı altındadir. 1920-ci ildə Zəngəzurdan qopardılıb daşnaklara verilən bu ərazi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən 105,5 kvadratkilometr çoxdur.
1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 %), 91-i kürd kəndi (27,8%) və 1813-1828-ci illər müqavilələrindən sonra bura köçürülən yalnız 81 erməni kəndi ( 24,8%) təşkil olunmuşdur. Zəngəzur adındakı “zəngi” leksik vahidi tədqiqatçılara görə türk tayfa adıdır. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından biri olub.
Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci il dekabrın 1-də sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi Naxçıvan ərazisini respublikamızdan tamamilə ayırıb. Həmin zaman təxminən 3100 kvadratkilometr sahəsi olan Şərqi Zəngəzur (Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl rayonları) Azərbaycanın tərkibində qalsa da, sahəsi 4 min kvadratkilometrə yaxın olan Qərbi Zəngəzur (Qarakilsə (Sisyan), Mehri, Qafan, Gorus rayonları) Ermənistana verilib.
Ən qədim tarixi mənbələrlə yanaşı, bir çox dünya alimləri tərəfindən aparılan tədqiqat və araşdırmalar Zəngəzurun IV-IX əsrlərdə – Alban dövlətinin, daha sonra Sasani imperiyası və Ərəb xilafətinin, IX-XI əsrlərdə ərəb xilafətinə qarşı müharibələrdə qalib gəlmiş qədim Azərbaycan dövlətlərinin – həmin ərazilərdə əsrlər boyu müxtəlif adlar altında hakimiyyətdə olmuş Sacilər, Salarilər və Rəvvadilərin, XII-XIII əsrin əvvəllərində – Atabəylərin, XIII-XIV əsrlərdə – Hülakülərin, XIV əsrdə – Cəlarilərin, daha sonra Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında – qüdrətli Səfəvi dövlətinin, XVIII, XIX əsrin 20-ci illərində Qarabağ xanlığının tərkibində olduğunu təsdiq edir.
Zəngəzurun tarixini araşdıran digər tədqiqatlarda 1905–1907 və 1918–1920-ci illərdə silahlı erməni dəstələrinin təcavüzünə məruz qalmış Zəngəzurun 115 müsəlman kəndinin talan edildiyi, yandırılaraq yer üzündən silindiyi, 4472 qadın və uşağın erməni silahlıları tərəfindən xüsusi amansızlıqla öldürüldüyü tarixi sənədlər və faktlarla sübuta yetirilir.
1920-ci ilin 10 avqustunda Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Bürosunun qərarı ilə Zəngəzur Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazi” elan olunsa da, qərarın qəbulunda bir nəfər də azərbaycanlı iştirak etmirdi. Beləliklə, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi tərəfindən 1920-ci il noyabrın 30-da keçirilən iclasın qərarı ilə Zəngəzur sovet Ermənistanının tərkibinə verilir. Bu qərarın nəticəsi olaraq Azərbaycanın Naxçıvan bölgəsi ölkə ərazisindən ayrı salınır və beləliklə, Azərbaycanın Türkiyə ilə, eləcə də bütün türk dünyası ilə quru əlaqələri kəsilir.
Ərazi dilənmə üzərində qurulan “dövlət”
Əməkdar elm xadimi, professor Fəxrəddin Səfərlinin əsərlərində oxuyuruq ki, Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycana köçürülən və XIX yüzillik boyu davam edən köçürmə prosesi nəticəsində sayları süni surətdə artırılan ermənilər tarixi torpaqlarımızda yerləşdirildikdən və möhkəmləndirildikdən, xüsusilə yüzilliyin sonlarında özlərinin bir sıra təşkilatlarını (Qnçaq, Daşnaksutyun, Erməni vətənpərvər ittifaqı) yaratdıqdan sonra ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Ermənilərin ərazi iddialarında Azərbaycanın əzəli və əbədi torpaqları olan Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ(keçmiş) bölgələri əsas yer tuturdu. Bu iddialarını, xüsusilə “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ermənilər XX yüzilliyin əvvəllərində fəaliyyətlərini daha da gücləndirdilər.
Havadarlarının, xüsusilə iri dövlətlərin himayəsi ilə yaranmış hər bir əlverişli məqamdan məharətlə istifadə edən ermənilər I Dünya müharibəsində məğlubiyyətə uğrayan Rusiya imperiyasının dağılmasından sonra 1918-ci il mayın 28-də müstəqilliklərini elan etsələr də, heç bir əraziləri və paytaxtları yox idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkəmizə qarşı ərazi iddialarına son qoyulacağını güman edərək 1918-ci il mayın 29-da ətraf ərazilərlə birlikdə İrəvan şəhərini ermənilərə verdi. Onlar bağışlanan bu ərazilər hesabına 9,5 min kvadratkilometr ərazidə özlərinin daşnak hökumətlərini yaratdılar və bununla kifayətlənməyib ərazi iddialarını gerçəkləşdirmək üçün səylərini artırdılar. Bir sıra Azərbaycan torpaqlarını, xüsusilə Zəngəzuru işğal etdikdən, 1920-ci il noyabrın 29-da Ermənistan sovetləşdikdən sonra bolşeviklərin yardımı ilə ermənilər daha da fəallaşdılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ (keçmiş) heç bir əsas olmadan yenidən “mübahisəli ərazilər” elan olundu. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri, o cümlədən Nəriman Nərimanov bu siyasətin əleyhinə çıxsa da, hətta bununla əlaqədar Moskvaya teleqramlar göndərərək ciddi etirazını bildirsə də, bir nəticə əldə olunmadı. Əksinə, ərazi məsələlərinin birtərəfli, daşnak-bolşeviksayağı “həlli” nəticəsində 1920-ci il avqustun 10-da Rusiya ilə Ermənistan arasında imzalanan müvəqqəti sazişə əsasən Şərur-Dərələyəz qəzası qeyd-şərtsiz Ermənistana verildi. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi bolşeviklərin əli ilə rəsmiləşdirildi. 20 iyul 1921-ci ildə Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradıldı.
XX əsrin 20-ci illərinin sonlarında ermənilər öz istəklərinin həyata keçirilməsi sahəsində daha bir addım atdılar. Bu məsələdə 1922-ci il martın 12-də yaradılan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası mühüm rol oynadı. Həmin vaxtlar Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının on kəndi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarçıvan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi, başqa sözlə desək, 657 kvadratkilometr Azərbaycan ərazisi Ermənistana verildi. Bu zaman beynəlxalq hüquq normalarına məhəl qoyulmadı, Naxçıvanın ərazi bütövlüyünün qarantı olan 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinin şərtləri kobud surətdə pozuldu.
1930-cu ildən sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Ermənistan SSR-də də yeni inzibati ərazi bölgüsü – rayonlar yaradılarkən həmin yaşayış məskənləri yerləşdiyi coğrafi mövqeyə görə yeni təşkil olunan rayonların tərkibinə verildi.
Professor onu da vurğulayır ki, ermənilər daha sonra Azərbaycandan qopardıqları ərazilərin adlarını dəyişdirib xəritələşdirmək işləri ilə məşğul olmuşlar.
Zəngəzur və Naxçıvan
Ümummilli lider Heydər Əliyev demişdir: “ ...XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi - nəzərdən müəyyən çətinliklər yaranıbdır”.
Tarix elmləri doktoru, akademik İsmayıl Hacıyev bildirir ki, Zəngəzur Ermənistana verilməsəydi, Naxçıvanla Azərbaycanın quru əlaqəsi kəsilməyəcəkdi. Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvana muxtariyyətin verilməsi məsələsini zəruri etdi. Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulub, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilib.
Akademik deyir ki, hələ 1918-1920-ci illərdə ermənilərin məqsədi Naxçıvanı qapalı vəziyyətə salıb oranı işğal etmək idi: “Onlar deyirlər ki, Ermənistan Naxçıvansız yaşaya bilməz. Hətta 1918-1920-ci illərdə ingilislər və amerikanlar Naxçıvanın Ermənistana verilməsi üçün vasitəçilik edirdilər. Həmin dövrdə ermənilərin iddiası Naxçıvanı qapalı vəziyyətə salıb onu işğal etmək idi. Ermənilər hətta deyirdilər ki, azərbaycanlılar Naxçıvanı Ermənistana versələr, biz Qarabağ və Zəngəzur iddialarından geri çəkilərik. Ermənistan yazıçısı Zori Balayan da “özümüzü ona görə günahkar sayırıq ki, biz hadisələrə Naxçıvandan başlamadıq. Yəni Qarabağdan deyil, hadisələrə Naxçıvandan başlamalı idik” deyirdi. Ermənilərin əsas məqsədi Naxçıvanı tutmaq idi. Amma Qars müqaviləsi ilə Türkiyə Naxçıvanın qarantı funksiyasını öz üzərinə götürdüyündən bu, mümkün olmadı”.
Akademik qeyd edir ki, Naxçıvanın Azərbaycanla quru əlaqələrinin itməsi regionun sosial-iqtisadi əlaqələrinin inkişafına mənfi təsir göstərdi. Ancaq sonradan Bakı-Şərur-Yerevan (Ermənistanın təcavüzü bu dəmiryolunun bağlanmasına səbəb oldu) dəmiryolu çəkildikdən sonra əlaqələr bir qədər genişləndi: “Təbii ki, şose yolu yenə də yox idi. Hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olarkən onun təşəbbüsü ilə Naxçıvana getmək üçün hərbi yol adı ilə şose yolunun tikintisinə başlanılmışdı. O yol böyük dağlardan çəkilirdi, bunu mən özüm də görmüşdüm. Sonradan ermənilər bu yolun tikintisinə mane oldular, daha sonra ulu öndər hakimiyyətdən getdi və yolun tikintisi məsələsi yarımçıq qaldı. Bu gün dəmiryolu bərpa edilməklə yanaşı, şose yolu da çəkilməlidir. Bu, Naxçıvanın sosial-iqtisadi inkişafına, Azərbaycanın türk dünyası ilə birləşməsinə çox böyük müsbət təsir göstərə bilər”.
Bəli, vaxtilə Zəngəzur Ermənistana verilməsəydi, Naxçıvanla Azərbaycanın quru əlaqəsi kəsilməyəcəkdi. Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi, əlverişli mövqedə yerləşən Naxçıvan bir əsr əvvələdək Azərbaycandan ayrı deyil, ona bitişik olub. Tarixi sənədlərə görə, Naxçıvanla Azərbaycanın quru əlaqələrinin kəsilməsi düz 100 il əvvəl baş verib.
Zəngəzur dəhlizi Naxçıvanın mühasirədən xilası, həm də yeni nəqliyyat damarıdır
Qarabağın işğalı ilə yaşıd olan Naxçıvan blokadasının da 30 illik düyünü açılmaqdadır. Qarabağ torpaqlarının işğalı ilə başlanan Naxçıvan blokadası torpaqların azad olunması ilə də aradan qaldırılır. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcək, həsrəti sona yetəcək. Buna düşünülmüş siyasətin bəhrəsi olan 10 noyabr Bəyanatı ilə nail oluruq. Ölkə Prezidentinin xalqımıza müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.
Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusunda olduğunu bildirən Prezident İlham Əliyev “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək” demiş və Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət etmişdir.
Zəngəzur dəhlizinin əhəmiyyətindən, bununla bağlı həyata keçirilən işlərdən danışan dövlətimizin başçısı onu da vurğulamışdır ki, əlbəttə, bütün Qarabağda və Şərqi Zəngəzurda bildiyiniz kimi indi, genişmiqyaslı işlər aparılır, o cümlədən bu yolun tezliklə inşa edilməsi mənim tərəfimdən əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Biz bu yolu cəmi bir il ərzində inşa etdik, 32 kilometr uzunluğunda olan bir yoldur. Ondan əvvəlki dövrdə, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq. Yəni, bu yol öz-özünə yaranmadı. Biz bu yolu razılaşdırdıq. Bir neçə marşrut var idi və nəticədə bu marşrut seçildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni, bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik. İndi Rusiyanın rəsmi orqanlarına sorğu göndərilə bilər, necə bu yol tikilib bütün sənədlər var, bütün razılaşmalar var. Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistana bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur.
Bəli, kimlərinsə istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Zəngilanı Naxçıvanla ayıran Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmiryolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq” deyən dövlət başçısı əlavə edib ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.
Hazırda Horadiz-Ağbənd yolunun tikintisi sürətlə aparılır. Xatırladaq ki, uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda xeyli iş görülüb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Qədim Zəngəzur mahalı bizimdir, tarixi ədalətin bir hissəsidir ki, tezliklə o da bərpa olunacaq və biz yaxın gələcəkdə orada olacağıq, o yolla qədim torpağımıza gedə biləcəyik. 100 illik fasilə bəsdir. Hər kəsin öz torpağında oturmasının, başqasından qopardığı ərazilərin geri qaytarmasının vaxtının çatdığını zaman özü gətirib.
Mətanət MƏMMƏDOVA