Rusiya politoloqu: Qarabağın qalan hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq - MÜSAHİBƏ

24 Avqust 2022 13:03 (UTC+04:00)

Aleksandr Razuvayev: “Ermənilərin Qarabağdakı davranışı barbarlıqdır, millətçilik və nifrət həmişə gücsüzdür”

Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edildiyi gün həm hakimiyyət, həm də müxalifət bir sıra bəyanatlarla çıxış edib. Xüsusilə, Ermənistanın baş naziri Nikol Paşinyan 32 il əvvəl sənədin qəbulu ilə bağlı müraciətində ölkənin müstəqilliyi ilə bağlı bu və ya digər şəkildə bir sıra problemli reallıqları qeyd edib. Bəyanatlarda ölkənin təhlükəsizliyi və müstəqilliyi Ermənistan-Azərbaycan nizamlanması və Qarabağ ətrafındakı vəziyyətlə əlaqələndirilib və açıq formada tərəfdaşlar qınanıb.

Rusiyalı politoloq Aleksandr Razuvayev “Moskva-Baku” portalına açıqlamalarını erməni tərəfin bəyanatlarını və regiondakı vəziyyəti şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksandr Yuryeviç, Nikol Paşinyanın bəyanatında Ermənistanın müstəqillik problemlərinin şərhini siz necə deşifrə edirsiniz?

- Əvvəla onu deyim ki, 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum olanda Ermənistanda referendum yox idi, yalnız hərbi bazalar haqqında oldu. Aydındır ki, Sovet İttifaqının dağılmasında erməni millətçiliyi və separatizminin çox böyük rolu olmuşdur.

İkincisi, Paşinyanın qonşularla bağlı bəyanatından danışırıqsa, qonşular dövlətlə həmsərhəd olanlardır. Ermənistanın baş naziri deyib ki, onun ölkəsi əksər qonşu dövlətlərlə “əla” münasibətlərə malikdir. Amma bu, profanasiyadır, Ermənistanda Paşinyanın dediyi kimi, bu çox “möhtəşəm” münasibətlər yoxdur. İran, Gürcüstanla normal münasibətlər var. Azərbaycan və Türkiyə ilə isə yoxdur. Ermənistanın bir çox qonşularına qarşı ərazi iddiaları olub və indi də var.

Ola bilsin ki, Ermənistan ayılmalı, daha yaxşı düşünməli və nəhayət, məhz bu qonşularla münasibətləri normallaşdırmalıdır, xüsusən də, bunun iqtisadi baxımdan sərfəli olduğunu nəzərə alsaq.

Qonşular haqqında isə... Rusiya Qarabağın Azərbaycan olduğunu tanıyır. Ermənistan Avrasiya İttifaqına daxil olanda Qazaxıstanın o vaxtkı prezidenti olan cənab Nazarbayev Qarabağdan bəhs etmədən Ermənistanın Aİİ-yə daxil olmasını təkid edirdi. Ermənistan özü də separatçı Qarabağı tanımırdı. Və nəsə tələb edir.

Paşinyan Ermənistanın Rusiyanın müttəfiqi olduğuna eyham vurur, lakin açıqlama və narazılıq tələb edən bəyanatla Rusiya Federasiyasının Ermənistanın müttəfiqi kimi başqa müttəfiqlərinin də olduğunu bildirir, Azərbaycanla bu il imzalanmış Müttəfiq Əməkdaşlıq haqqında Bəyannaməni nəzərdə tutur. Həmçinin Rusiya və Azərbaycan liderlərinin qarşılıqlı əlaqəsini. Rusiya Azərbaycanla, bütövlükdə türk dünyası ilə dava etməyəcək, bu onun nəyinə lazımdır? Tam əksinə, əməkdaşlıq edir. Biz buna misal olaraq Rusiyanın Türkiyə ilə münasibətlərini - iqtisadi və digər əməkdaşlığı görürük. Rusiya özü də türk dünyasının bir parçasıdır.

Ümumiyyətlə, Paşinyanın bəyanatı ölkə üçün hər şeyin niyə belə yaxşı getmədiyini, üzr istəyirəm, “hamı bizi tərk etdi, bizi çıxılmaz vəziyyətə saldı” deyərək beynəlxalq mexanizmlərə haqq qazandırmaq təəssüratı yaradır – görünür, ATƏT-in Minsk qrupuna istinad edir. “KTMT-də belə müttəfiqlərimiz yoxdur və bizə axınla getmək və hər gün müstəqilliyimizi müdafiə etməkdən başqa heç nə qalmayıb”- demək istəyir. Bu, erməni əhalisinə mesajdır.

Əslində, keçmiş Sovet respublikalarından yalnız Rusiya, Azərbaycan və Qazaxıstan özlərini həqiqi müstəqil, suveren dövlətlər kimi tam təsdiq ediblər.

Ermənistan isə müəyyən mənada xaricdəki diasporundan asılıdır, bu gün onun köklü ölkə olduğunu söyləmək mümkün deyil. Ermənistanın ən böyük problemi onun öz keçmişində yaşamasıdır, çox vaxt bu mifikdir. Dağıdıcı İkinci Qarabağ Müharibəsindən sonra hələ də qisasçılıqla yaşayır. İntiqam, təbii ki... o halda mümkündür ki, onun üçün resurs və qüvvələr olsun - hərbi, siyasi, iqtisadi.

Mən heç kimi incitmək istəmirəm- pis dövlət odur ki, vətəndaşlarını işlə təmin edə bilmir. Ona görə də Ermənistandan olan əmək miqrantları kütləvi şəkildə xaricə- ilk növbədə, Rusiyaya işləmək üçün gedirlərsə, deməli, insanlar öz ölkələrində normal iş tapa bilmirlər. Bunlar sizin vətəndaşlarınızdır. Necə ölkə qurmusan ki, vətəndaşların xaricdə hardasa fəhlə işləməyə məcbur olsunlar. Nəticə - Ermənistan iqtisadiyyatı böyük dərəcədə miqrantlardan, eləcə də turizmdən asılıdır. Fransa və ABŞ-dakı diaspora rəğmən Ermənistanın ciddi maliyyə resursu yoxdur.

Çox şey iqtisadiyyatdan asılıdır. Nə isə, mənim nöqteyi-nəzərimə görə, onlar yalnız qonşuları ilə münasibətləri normallaşdırmaqla, Rusiya ilə konstruktiv münasibətlər qurmaqla vəziyyəti dəyişə bilərlər.

Rəsmi İrəvan bugünkü açıqlamaları ilə inciyənin mövqeyini təqdim etmək istəyir: bizi incitdilər, bizi belə bir çərçivəyə saldılar və s. Ancaq ümumiyyətlə bunu edə bilməzsiniz. Bu, ilk növbədə zəif dövlətin zəif liderinin zəif mövqeyidir.

Belə çıxır ki, Ermənistanın ətrafında hamı günahkardır, amma o deyil. Günahlandıracaq birini axtarmaq, bütün günahı üstünə atacaq birini axtarmaq. Və bütöv bir siyahı ortaya çıxır- hər kəs günahkardır. Və biz belə sevimliyik. Ancaq eyni zamanda, biz çox böyükük, hər şeyi ödəyə bilərik - hətta bu, istənilən qaydalardan, beynəlxalq hüquqdan kənara çıxırsa belə hamı bizi sevməlidir və hamı bizə borcludur.

Yadımdadır, bir neçə dəfə necə oldu - rəsmi İrəvan qəzəbləndi: KTMT ölkələrinin liderləri Putin və Lukaşenko Təşkilata daxil olmayan dövlətin lideri Əliyevə silah satırlar- dəhşət. Heç kimin sənə borcu yoxdur. Amma Ermənistanda hesab edirlər ki, hamı onlara borcludur. Bəli, Paşinyandan əvvəl də belə idi. Həmişə belə olub. Zəiflik- hər kəsin onları incitdiyi, hamının pis olduğunu və başqalarının qurbanı olduğunu qışqırmaq. Belə mövqe hörmətə layiq deyil, bu, kişi mövqeyi deyil.

- Amma yenə də Paşinyanın bu “əsaslandırıcı” bəyanatlarında Azərbaycanla sülhə doğru davam edən tendensiya var...

- Müəyyən dərəcədə, bəli. Amma Paşinyan bunu ilk növbədə öz xalqı üçün deyib. Bu, onların informasiya sahəsi, duyğularıdır. Və bu emosiya onlar üçün o qədər vacibdir ki, onu xaricə yönəldirlər.

- Ermənistan parlamentinin sədri bəyan etdi ki, ölkə “müstəqillik uğrunda mübarizə aparacaq”. Müxalifət bir daha qorxudur ki, mümkün olan hər şey azərbaycanlılara və türklərə veriləcək...

- Ermənistan formal olaraq müstəqil dövlətdir, lakin həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından Rusiyadan çox asılıdır.

Tamamilə “Bakıya və türklərə təslim olmaq” hekayəsi sadə əhali arasında təqib maniyasına və təlaşa səbəb olmaq istəyən siyasi oyundur. Eyni zamanda, Ermənistanda demək olar ki, il yarımdır ki, səslənən bütün bu bəyanatlara baxmayaraq, ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasına nail olmaq mümkün olacaq. Qarabağın qalan hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq. Bundan sonra ticarət yolları açılacaq. Və hər şey yaxşı olacaq, narahat olacaq bir şey yoxdur. Həmişə isterik gərginlik içində olmaqdansa, qonşu xalqların yaşayıb pul qazanması daha yaxşıdır.

- Ötən gün Ermənistandakı radikallar Sürməlidəkı ticarət meydançasında baş verən partlayışın arxasında Rusiyanın olduğunu dedilər... Yaxşı, prinsipcə, “Ermənistanda anti-Rusiya çağırışları yenidən artıb...

- Paşinyan millətçilərə qarışmaq istəmir, ona görə də millətçilərin açıqlamalarını şərhsiz qoyub. Millətçilik düşməni nəzərdə tutur. Azərbaycan və Türkiyə Ermənistan üçün başa düşüləndir. Amma Ermənistanda düşmən obrazları çoxdur. Burada Rusiya da var - düşmən.

Məsələn, Azərbaycanda çox böyük rus sektoru, böyük rus icması var. Ermənistanda isə rus sektoru yoxdur. Budur sizin ruslara münasibətiniz. İstədiyinizi deyə bilərsiniz, amma istənilən millətçilik kifayət qədər aqressivdir və yönəldiyi obyekti nəzərdə tutur. Belə olan halda Rusiya getdikcə belə bir obyektə çevrilir. Tezliklə, görünür, biz Azərbaycan və Türkiyə ilə bərabər nifrət zəminində yerləri bölüşəcəyik.

Neçə dəfə belə hal olub ki, Rusiya səfirliyi çox yaxşı olmayan bəyanatlara cavab vermək məcburiyyətində qalıb. Məsələn, biolaboratoriyalar haqqında. Biolaboratoriyaların təhlükəli tarixçəsi var. Onlar təkcə Rusiya üçün deyil, həm də yerləşdikləri ölkələr üçün təhlükə yaradırlar. Müasir virusologiya çox irəli gedib və nə ilə qarşılaşacağımızı təsəvvür belə edə bilmirik.

Bununla belə, Nikol Paşinyan vaxtaşırı rus sülhməramlılarını tənqid edir. Ancaq başa düşmək lazımdır ki, bəyanatın imzalanması və Rusiya sülhməramlılarını gəlməsi Ermənistanı tam məğlubiyyətdən xilas etdi. Müharibə davam edə bilərdi. Rusiya onu sözün əsl mənasında xilas etdi və bizə minnətdar olmalıdırlar. Amma minnətdarlıq görmürük, əksinə tənqid.

- Belə çıxır ki, İrəvan da Rusiya ilə münasibətləri manipulyasiya edir.

- Bəli, amma o, Putinlə hansısa yolla razılığa gələcəklərinə inanır. Eyni zamanda, Paşinyan hakimiyyətdə qalmaq üçün daxili siyasi sahəsini əlində saxlamaq istəyir.

- Dünən müxalifət lideri İşxan Saqatelyan yenidən etiraf etdi ki, Ermənistan cəmiyyəti müxalifətdən daha çox Paşinyanın mövqeyinin tərəfdarıdır. Bir variant varmı ki, müxalifət bir neçə aydır uğursuzluğa düçar olubsa, daha radikal üsullara keçsin?

-Çətin. Hesab edirəm ki, Paşinyan davam gətirəcək və konkret problem olmayacaq. Digər tərəfdən, Ermənistanda həyat səviyyəsinin yaxşılaşmasını istəyirlərsə, diaspora pul ianə etməli, istehsal müəssisələri açmalıdır. Amma bunu etmirlər, ona görə də həyat səviyyəsi eyni qalır. Ən əsası isə, dediyim kimi, Ermənistan öz qonşuları ilə dostluq etməyə başlamalıdır. Nəqliyyat dəhlizlərini açın və s.

- Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı. Azərbaycan alternativ yolu vaxtından əvvəl təhvil verib. Bunun mənası nədi?

- Azərbaycanın sözünün üstündə duran məsuliyyətli ölkə olması və xarici siyasətinə, verdiyi vədlərə məsuliyyətlə yanaşması. Putin deyib ki, Əliyev və Ərdoğan sözünün üstündə durur.

Azərbaycan bununla da tərəfləri irəli getməyə sövq edir. Və buna göz yummaq olmaz və reallığın dəyişdiyinə cavab verməli olacaq. Azərbaycan yolu çəkib, indi hamı Ermənistanı gözləyir və onun fəallaşmaqdan, razılaşmaları yerinə yetirməkdən başqa heç bir konkret variantı yoxdur.

Bunun fonunda erməni əhalisinin Laçında evləri tərk etməzdən əvvəl ətrafdakı hər şeyi necə yandırdığını görürük. Bu, birinci dəfə deyil, Azərbaycana qarşı nifrətdən danışır. Bu barbar davranışdır. Və nifrət gücsüzdür. Bu da bir emosiyadır. Əslində, heç nəyi dəyişdirə bilmirsinizsə, hər şeyi sakit qəbul etməli və ləyaqətinizi qorumalısınız. Amma burada millətçilik oynayır.

Onlar qurban olduqlarını göstərməyə çalışırlar. Amma elə deyil. Nə istəsən deyə bilərsən. Qurban rolu oynamaq zəifin mövqeyidir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb