Ermənilərin “ümidlər siyahısı”... ANALİTİK+AKTUAL

24 Avqust 2022 11:36 (UTC+04:00)

Separatçılar və revanşistlər Rusiya bayrağından bir şey çıxmazsa, Fransa bayrağını daşıyacaqlar?

44 günlük müharibədən sonra istər Ermənistanda, istərsə də Qarabağda yaşayan revanşist məqsədli ermənilər hazırkı dövrə qədər onlarla “ümidlərə” qapılıblar. Hətta belə desək, yalnız Azərbaycanda deyil, eləcə də sağlam düşüncəli dünya ictimai rəyində istehza hədəfinə çevrilən bu məsələyə “ermənilərin ümid siyahısı” adı verilib. Misal üçün, Türkiyədə meşə yanğınları baş verərkən, yaxud Azərbaycanda hər hansı fövqəladə hadisə yaşanarkən, eləcə də hansısa ölkənin nüfuzlu ermənipərəst siyasi-ictimai fərdi, sadəcə, ağlına gələn boş sözləri gəvəzələyərkən həmin ermənilər dərhal bu kimi məsələləri “ermənilərin ümidlər siyahısına” əlavə edirlər. Görünür, Xankəndidə baş verən növbəti aksiya da həmin faktın davamıdır.

Xankəndidəki aksiya Ermənistanda Rusiya sülhməramlılarına qarşı keçirilən etirazlar fonunda baş tutub

Belə ki, avqustun 23-də Xankəndidə yaşayan bir neçə yüz erməni uzunluğu 100 metr olan Rusiya Federasiyasının bayrağını küçələrdə gəzdiriblər. Onu da qeyd edək ki, erməni KİV-lərinin yazdığına görə, “aksiya şəhər sakinlərinin təşəbbüsü ilə təşkil olunub” və Xankəndidə ən böyük rusiyayönümlü küçə yürüşlərindən biri kimi qeydə alınıb. Lakin daha bir dəqqət çəkən amil budur ki, sözügedən aksiya Ermənistanda Rusiya sülhməramlılarına qarşı keçirilən etirazlar fonunda baş tutub. Həmçinin xatırladaq ki, anti-Rusiya etirazları məhz qəhrəman Azərbaycan Ordusunun “Qisas” əməliyyatından sonra kütləvi xarakter almağa başlayıb. Başqa tərəfdən, daha bir diqqət çəkən faktor budur ki, Ermənistanda başlayan anti-Rusiya xarakterli aksiyalar, məhz Xankəndiyə də sıçramışdı və şəhərdə bənzər aksiyalar keçirilmişdi. Hətta tələb olunmuşdu ki, rus sülhməramlılarının yerinə fransızlardan ibarət kontingent yerləşdirilsin.

Artur Osipyan anti-Rusiya mitinqi keçirərək bəyan etmişdi ki, “sülhməramlıların fəaliyyətləri Rusiya dövlətinin siyasətinə qarşıdır” və s...

Hətta Xankəndidə, avqustun 23-də keçirilən bayraqgəzdirmə sirk tamaşasından əvvəl - avqustun 21-də yerli “siyasi partiya” liderlərindən biri olan Artur Osipyan anti-Rusiya mitinqi keçirərək bəyan etmişdi ki, “sülhməramlıların fəaliyyətləri Rusiya dövlətinin siyasətinə qarşıdır” və s...

Yeri gəlmişkən, qondarma “dqr” adlı saxta qurumun “parlament” təmsilçiləri avqustun 23-də Rusiya sülhməramlıları kontingentinin (RSK) komandanı, general Aleksandr Volkovla görüşüblər. Görüş əsnasında RSK komandanı bildirib ki, Azərbaycan dövləti tərəfindən çəkilmiş yeni yol Laçın dəhlizində olduğu kimi, bənzər statusunu daşıyacaq və 5 km-lik təhlükəsizlik ərazisini təşkil edəcək. “Avqustun əvvəlində baş vermiş hadisələrdən nəticə çıxarılaraq təhlükəsizliyin təminatı üçün əlavə cəhdlər göstəriləcək”, deyə Volkov separatçılarla söhbətində bildirib.

Separatçılar Laçın şəhərinin, Zabux və Sus kəndlərinin aqibətinin get-gedə Xankəndiyə tərəf gəldiyini hiss edirlər

Məhz bu amildən də çıxış edərək belə nəticəyə gəlmək olar ki, avqustun 23-də Xankəndi küçələrində gəzdirilən 100 metrəlik bayraq sirkində heç də şəhərin sadə sakinlərinin maraqları yoxdur, yəni bu məsələnin arxasında dayanan bilavasitə separatçı-quldur dəstələridir və onlar həmin vasitə ilə “növbəti erməni ümidi” siyahısını genişləndiriblər. Yəqin Laçın şəhərinin, Zabux və Sus kəndlərinin aqibətinin get-gedə Xankəndidə və s. ərazilərimizdə də yaşanacağının qaçılmaz fakt olduğunu anlayan separatçılar indi də ümidlərini Rusiya bayrağına bağlayıblar. Amma bu günlərdə Sərsəng su anbarının da Azərbaycan mütəxəssisləri tərəfindən baxışın keçirilməsi, həmçinin Qarabağda dəyişən digər proseslər sözügedən “erməni ümidlərin” birdəfəlik puç olacağını bəri başdan agah edir.

Rövşən RƏSULOV

P.S. Yəqin Xankəndidə Rusiya bayrağı sirkindən sonra Fransa bayrağı sirki də göstəriləcək. Çünki belə bir həyasız xislətli məxluqlardan istənilən addımları gözləmək olar...