“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna əsasən, şəxsiyyət vəsiqəsi və ya pasport almaq üçün müraciət edən vətəndaşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəkil çəkdirməlidirlər. Lakin bəzi şəxslər rəsmi sənədlərdə hicablı və ya örtülü formada çəkilən şəkillərinin istifadə edilməsini tələb edir. Bəs, hicablı və ya örtülü formada çəkilən şəkillərin niyə rəsmi sənədlərdə istifadəsi qadağandır? SİA mövzu ilə ekspertlərin fikirlərini öyrənməyə çalışıb:
Tənqidçi ekspert, kulturoloq Aydın Xan Əbilov bildirib ki, bir çox Avropa ölkələrində olduğu kimi Azərbaycanda da kişilər və qadınların rəsmi sənədlərdə baş örütüyü və ya hicabla şəkil çəkdirməsi qanunvericiliyə görə qadağandır: "Bunun bir çox səbəbləri var. Birinci həm hava limanında, bir çox dövlət qurumlarında, iş yerlərində sifət tanınma proqramları nəinki papaqla, şərflə olan şəxslərin tanınmasında çətinlik yaradır, həm də bu və ya digər dərəcədə kritik hadisələrin törədilməməsi üçün, antiterror tədbirləri üçün normal qarşılanmalıdır. Əslində şəriyyət və müasir texnologiyaların bu tip bir-birini tamamlanmayan məsələlərdə islam alimləri, ilahiyyatçılar öz qərarlarını verməlidirlər. İslam dinində qadınların hicab, çadra və ya üzünün örtülməsi ilə bağlı müəyyən müddəalar var. Bir çox insanlar bunu nəzərə alaraq rəsmi sənədlərdə şəkillərini baş örtüyü, hicabla çəkdirmələrini istəyirlər. Onların tələblərinə hörmətlə yanaşılssa da, ölkə qanunvericiliyi var. Əlbəttə ki, bu məsələ ilə bağlı ortaq məxrəcə gəlmək lazımdır. Əgər, Azərbaycanda qanunvericilik tələb edirsə, mütləq qanunvericiliyə uyğun hərəkət etmək lazımdır. Azərbaycanda mental tələblər mövcuddur. Amma bizə gələn texnologiyalar sanki bu dəyərlərə qarşıdır".
Vəkil Turan Abdullazadənin fikirlərinə görə, Azərbaycanda şəxsiyyət vəsiqəsi və xarici pasporta hicabla şəkil çəkdirməyə icazə verilmir: "Lakin beynəlxalq standartlara uyğun olaraq müəyyən istisna və məhdudiyyətlərlə hicabla şəkil çəkdirməyə icazə var. Açığı desək, yerli qanunvericilikdə də birbaşa “hicab qadağası” nəzərdə tutulmamışdır. ASAN xidmətin saytında “Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi” adlı bölümdə vəsiqə üçün tələb olunan zəruri sənədlər siyahısı dərc olunub. Bölümün 2-ci bəndində şəxsiyyət vəsiqəsi üçün çəkilən şəklin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olmasının vacibliyi qeyd olunub.
Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Həmin tələblərə görə, istisna hallarda (dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr) baş örtüyü ilə fotoşəkil çəkdirməyə icazə verilir: “Dini əsaslarla baş örtüyü ilə sənəd şəklinin çəkilməsinə o halda icazə verilir ki, sifət nahiyəsi, üz cizgiləri tam görünsün. Yəni hicab çənənin altından yuxarı çıxmamalıdır və alın, üzün hər iki tərəfi açıq olmalıdır”. Fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir. Həmin nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub.
Şəxsin üz görünüşü sənəddə tamamilə əks olunmalı, yəni, şəxsin üz quruluşu, sifət cizgiləri aydın olmalıdır. Başörtüyü vətəndaşın göz, ağız-burun, alın və çənə nahiyələrini örtməməlidir”.
Azərbaycan Respublikası Qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə tam aydınlıq gətirilmədiyi üçün müəyyən ziddiyyətlərə səbəb olur. Göründüyü kimi, qanunda şəxsiyyəti təsdiq edən sənəddə hicablı foto çəkdirməyə qadağa göstərilməyib. Əsas problem qanundakı boşluq və onun tətbiqində istisnaların nəzərə alınmamasıdır.
Əsasnamənin 2.11-ci maddəsinə əsasən, fotoşəklə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytında və vəsiqə verən orqanın binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Həmin Əsasnamənin 2.12-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası yerləşdirilir.
Düşüncəmə görə, hicablı şəkil çəkdirilməsinə icazə verilməməsi ictimai asayişin təmin edilməsi məqsədilə şəxsiyyətin eyniləşdirilməsinin (identifikləşdirilməsinin) mümkün olmamasının qarşısını almağa, baş vermiş cinayət hadisələrində şübhəli və təqsirləndirilən şəxslərin daha operativ şəkildə müəyyən olunmasına, insanların təhlükəsizliyinin təmin edilməsinə hesablanmış bir addımdır.
Lakin hesab edirəm ki, burada vicdan və dini etiqad azadlığı ilə cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi kimi dəyərlər toqquşur. Qanunverici tərəfindən bu məsələyə tam və dəqiq şəkildə aydınlıq gətirilsə baş verə biləcək problemlərin qarşısı alınmış olar".
Arzu Qurbanlı