Qəzetlər nəyə lazımdır? - ANALİZ

23 Avqust 2022 14:00 (UTC+04:00)

İnternetin inkişafı media sistemini, formatını, peşə qaydalarını, hətta deyərdim ki, peşə prinsiplərini tamam dəyişdi. Elektron media sürətlə print medianı sıradan çıxardı. Klassik media yalnız Almaniya, Fransa, Rusiya, Britaniya kimi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə hələ də müqavimət göstərə bilir.

Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət əlini çəksə, bir aya ortada bir qəzet, jurnal qalmaz. Buna görə dövlətə ən azı təşəkkür düşür. Çünki çap mətbuatının yaşaması vacibdir. Qəzet-jurnallar sadəcə mətbuat deyil, bu, həm də yazılı, sənədli tarixdir. İstənilən vaxt istənilən qəzetin istəniln nömrəsini arxivdən götürüb oradan bəhrələnmək olar. Lakin internet saytlar haqda bunu demək olmaz. Onların bazaları tez-tez itir, silinir məhv olub gedir. Şəxsən mənim internetdə indiyədək minlərlə yazım olduğu halda, axtarış verəndə 100-nü tapmaq olmur. Amma bütün yazılarım qəzet səhifələrində arxivimdə qalır.

Dövlətin çap mətbuatını qorumasının səbəbləri aydındır. Çünki onların öz gücü ilə ayaqda qalması mümkün deyil. Xüsusən də, bizim kimi qəzet-jurnal oxumağı bir zərərli vərdiş kimi tərgidən cəmiyyətdə. İnformasiya əsrinə, sürət əsrinə gəlib çıxdıq, qəzet jurnallar bu sürətlə ayaqlaşa bilmir, onlar bir xəbəri verənə kimi vəziyyət 3 dəfə dəyişir. Qəzet-jurnal dəyərli təhlillər, xüsusi müsahibələr, dərin araşdırmalar verməlidir ki, saytlardan fərqlənə bilsin. Amma bunu da edə bilmirlər. Çünki bunun üçün böyük maddi texniki baza, peşəkar kadrlar lazımdır, onlar da aşağı qonorara işləmirlər. Reklam bazarı yoxdur deyə qəzetlər mütəxəssislərə, peşəkar jurnalistlərə səviyyəli yazılar yazdıra bilmirlər, ucuz işçi qüvvəsi kimi daha çox gənc praktikantları işlətməyə üstünlük verirlər. Bu da nəticəsini göstərir. Üstəlik, çap mətbuatı yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 50 qəpik verib qəzet almağa çoxunun imkanı yoxdur, olan da almır ki, saytlarda pulsuz oxuyuram də.

Yəni, klassik mətbuatın müsbət və mənfi tərəfləri var. Lakin tərəziyə qoysaq, müsbət tərəflər daha ağır gələr. Ona görə də, dövlət çap mətbuatına dəstəyi artırmalı, onların maddi-texniki, kadr bazasını gücləndirməsinə yardım etməlidir. Qəzetlərə həm də mənəvi dəstək lazımdır. Bu baxımdan, bəzi televiziyalarda gündəlik qəzetlərin icmalının verilməsi təqdirəlayiqdir. Bunu radiolarda da etmək olar.

Elektron mediaya gəldikdə burada hər cür imkanlar var. Sadəcə, bu sahədə anarxik vəziyyət olduğundan vəziyyət birmənalı deyil. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəflər aydındır- hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.

Mənfi tərəflər odur ki, hər cür provakativ reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüş, təhqir, şantaj imkanları genişdir. Çünki burada mənbəni tapmaq və cəzalandırmaq da çox vaxt mümkün deyil. Adam oturub misal üçün Avstraliyada, Azərbaycandilli bir sayt açıb istədiyi hoqqanı çıxara bilər. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Dəfələrlə bunun şahidi olmuşuq.

Bundan başqa, internet media müsbət tərəflərindən daha çox mənfi tərəfləri ilə ortadadır. Yenə əksəri diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə sayt açılıb xəbər yayır. Peşəkarlıq çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına təsir gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox kimi. Təbii ki, azsaylı istisnalarla. Çoxu 1-2 nəfərdən ibarətdir- o da sayt adminləri.

Bir neçə iri informasiya agentliyi və xəbər portalı var ki, onlarda da vəziyyət qənaətbəxş deyil. Yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problem tapıb ortaya qoymaq, analiz etmək və araşdırmaq payı çox azdır.

Müqayisə üçün qonşu ölkələrin elektron mediasına baxsaq, görərik ki, bizdən dəfələrlə üstündürlər və qlobal informasiya məkanına təsir imkanları da bizdən çoxdur. Bunun səbəbləri çox uzundur. Bu sektoru nə tənzimləmək mümkündür, nə nəzarət etmək, nə dəyişdirmək, nə kənardan təsir etmək. Problem fundamental və kompleksdir. Bu, birbaşa dövlət, cəmiyyət və media üçbücağındakı qarşılıqlı vəziyyətlə analoji müstəvidə inkişaf edən bir sistemdir. Medainın dəyişməsi üçüb bu ücbucağın bütün tərəfləri dəyişməlidir.

Dövlət ciddi mətbuata hökumətin hər bir orqanını, məhkəmə, icra və qanunverici orqanın fəaliyyətini dərindən araşdırmaq üçün imkan yaratmalı, hər sahədə problemləri aşkar edib sərt tənqid etməsini, rüşvətxor məmuru, dövlətə zərər vuran vəzifəli şəxsləri ifşa etməsini təmin etməlidir, özü də bunun əsasında müvafiq tədbir görməlidir.

Cəmiyyət isə +18 və şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oxumalıdır. İş adamlar, şirkətlər mediaya reklam verməlidir. Televizyalar qəzetləri saytları təşviq etməlidir, onların xülasəsini verməlidir.

Bundan sonra medianın İP qazanmaq naminə cəmiyyətə zərərli, mənəvi dəyərlərə zidd materiallar verməsinə ehtiyac qalmayacaq. Satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcəklər. Nəticədə, peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media həqiqətən 4-cü hakimiyyətdir, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Elçin Bayramlı