İDDİA: “Kiyev və müttəfiqləri sonuncu ukraynalıya qədər döyüşəcəklər” ŞƏRH+AKTUAL

22 Avqust 2022 15:17 (UTC+04:00)

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Putinlə Zelenski arasında birbaşa danışıqlar olmayacağını bəyan etdi

Rusiya və Ukrayna arasında davam edən hərbi münaqişə tam sürəti ilə davam edir və artıq qanlı müharibə ilk yarım ilinə qədəm qoymaqdadır. Hazırkı dövrə qədər Türkiyənin və s. siyasi dairələrin vasitəçilikləri ilə bir neçə dəfə tərəflər arasında danışıqlar baş tutsa da, onlar nəticəsiz qalıb. Üstəlik, münaqişənin yalnız Ukrayna-Rusiya deyil, Qərblə Rusiya arasında getməsi də kimsəyə sirr deyil.

Maraqlı məqamlardan biri də budur ki, bir müddət əvvəl Taxıl böhranının aradan qaldırılması müharibənin dayandırılması üçün münbit kart kimi düşünülürdü. Lakin təəssüf ki, bu şans da əldən verildi və Ukrayna cəbhəsində döyüşlər hazırda da davam etdirilməkdədir.

Bir sıra siyasi dairələr son vaxtlara qədər hesab edirdilər ki, iki ölkə arasında cərəyan edən savaşın dayandırılması üçün yeganə yol həmin ölkələrin liderlərinin ikitərəfli görüş keçirmələri ola bilərdi. Hətta zaman-zaman bunun mümkün olacağı an məsələsinə çevrilmişdi. Fəqət, bu gözləntilər də özünü doğrultmadı və maraqlıdır ki, həmin reallığı Rusiya rəsmilərindən biri də etiraf edir. Üstəlik, müharibənin hələ uzun müddət davam edəcəyi də proqnozlaşdırılır.

Gennadi Qatilov: “Moskva münaqişənin uzanacağını gözləyir”

“Moskva müharibənin diplomatik danışıqlar vasitəsi ilə dayandırılması mümkünlüyünü görmür və münaqişənin uzanacağını gözləyir”. SİA xəbər verir ki, bu haqda Financial Times nəşrinə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Gennadi Qatilov deyib.

Onun sözlərinə görə, BMT münaqişəyə son qoyulması yönündə göstərilən cəhdlərdə daha mühüm rol oynamalıdır. Qatilov bildirib ki, Ukraynanın üç limanının blokadadan çıxarılması ilə başa çatmış, eləcə də Rusiya ilə Ukraynanın BMT və Türkiyə ilə birgə imzaladıqları Taxıl anlaşması BMT-nin vasitəçilik cəhdlərində necə praktiki rol oynadığını sübut edən yeganə nümunədir.

Rusiyalı diplomat onu da hesab edir ki, Moskva və Kiyev aprel ayında münaqişənin dayandırılması üçün razılaşmaya çox yaxın idilər...

Daha bir iddia: “Münaqişə nə qədər davam edəcəksə, bir o qədər də onun həllini tapmaq çətinləşəcək”

Gennadi Qatilov mövzu ilə bağlı proqnozlarını da irəli sürüb və bildirib ki, Putinlə Zelenski arasında birbaşa danışıqlar olmayacaq. Habelə, hazırda da diplomatik kontakt mümkünlüyünü görmür. “Münaqişə nə qədər davam edəcəksə bir o qədər də onun həllini tapmaq çətinləşəcək”, deyə rusiyalı diplomat Financial Times nəşrinə müsahibəsində vurğulayıb.

“Sülh danışıqlarının bərpasının qeyri-mümkünlüyü və Qərbin Ukraynaya hərbi yardımları səbəbindən münaqişənin nə qədər davam edəcəyini də demək çətindir. Ona görə də onlar (Kiyev və müttəfiqləri) sonuncu ukraynalıya qədər döyüşəcəklər”, deyə Gennadi Qatilov proqnozunu irəli sürüb.