“Özünü hər hansı bir aktyora və ya məşhur simaya bənzədən insanlar əslində öz həyatlarından qaçırlar. Onlar öz həyatlarında özlərini təstiq etmir, özünü tapmır və şəxsiyyət kimi özlərini görmürlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.
Onun sözlərinə görə, belə insanlar digərlərinin həyatına qatılaraq xoşbəxtliyi orada tapmaq istəyirlər: “Bu hər hansı bir problemdən qaçışdır. Bəlkə də uşaqlıqda hər hansı travmatik hadisə baş verib və ona görə də öz reallığından qaçaraq xəyali reallıqda yaşayırlar”.
Psixoloq sözlərinə belə davam edib: “Bunun səbəbləri uşaqlıqdan gəlir. Ola bilsin ki, uşaqlıqda valideynlər uşağın deyil, öz arzularının həyata keçirilməsini uşağa yeridiblər. Yaxud da uşağın hər hansı söz-fikir ifadə etməsinə icazə verməyiblər, “Böyüklər danışanda kiçik danışmaz”, “Sən səsini kəs” kimi hallar baş verir. Ona görə də uşaq özünü ifadə edə bilmir, məqsədi olmur və öz qərarını verə bilmir. Bu çətinlikdən də qaçmaq üçün digər insanların həyatına baxaraq özünü xoşbəxt edir. Hər zaman uşaqlığa enib səbəbləri axtarıb tapmaq lazımdır. Əgər insan özü bunu bacarmırsa psixoloqa müraciət etməlidir”.
Ayşən Vəli