"Azərbaycan Silahlı Qüvvələri yersiz güllə atmır" - DEPUTAT AÇIQLADI

22 Avqust 2022 11:33 (UTC+04:00)

“Ermənistan mətbuatının təbliğat maşını Azərbaycan haqqında yalan və saxta məlumatları yaymaqla öz daxili auditoriyasını zəhərləməkdə davam edir. Belə dezinformasiyaları hər zaman müşahidə etmişik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri zamanı, 44 günlük Vətən müharibəsi dövründə, "Qisas" əməliyyatı zamanı da belə dezinformasiyaları müşahidə etmişik: “Həm də zaman-zaman Azərbaycan Ordusunun bölmələri tərəfindən Qarabağda və dövlət sərhədində atəş açması ilə bağlı saxta xəbərləri də yayırlar. İndi dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindəki Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında dezinformasiya yayımışdır”.

Deputat sözlərinə belə davam edib: “Erməni mətbuatının Azərbaycan haqqında yaydığı dezinformasiyalar daxili auditoriyanın sakitləşdirilməsinə hesablanmışdır. Azərbaycan Silahlı Qüvvələri yersiz güllə atmır. Cənab Prezident bizim yenidən müharibə istəmədiyimizi dəfələrlə bəyan etmişdir. Bununla yanaşı ermənilərin törətdikləri təxribatlara qarşı da çox ciddi cavab verilir.
Döyüş meydanında çox ciddi məğlubiyyətə uğramış Ermənistan dövləti Azərbaycanın diqtə etdiyi bütün şərtləri icra etməyə məcburdur. Amma çox təəssüf ki, bu gün erməni dövləti ancaq yalan və saxta informasiya yamaqla həm beynəlxalq ictimaiyyətdən dəstək qazanmağa , həm də daxili auditoriyanı sakitləşdirməyə çalışır.

Beynəlxalq ictimaiyyət Ermənistanın məqsədlərini və hərəkətlərini artıq başa düşmüş, Azərbaycanın döyüş meydanında yaratdığı yeni reallığı qəbul etmişdir. Hətta Ermənistanın bu günlərdə Avropa Məhkəməsində Azərbaycanla bağlı qaldırdığı iddianın rədd edilməsi də bunun təzahürüdür. Ümumilikdə, Qərb bu gün regionda sülhün və əməkdaşlığın yaranmasını və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Vəziyyət onu göstərir ki, Ermənistan beynəlxalq aləmdə təklənmişdir və əvvəl qazandıqları beynəlxalq dəstəkdən məhrum olmuşdur. Ona görə də öz xalqını yalan məlumatlarla qidalandırıraraq hakimiyyətini saxlamağa çalışır. Hətta İrəvanda baş vermiş partlayışla bağlı Rusiyanın əli olduğunu daxili mətbuata açıqlaması da Rusiya tərəfindən ciddi təpki qarşılanaraq çox ciddi etiraz notası ilə cavabını almışdır. Yəni, yalan ayaq tutub yerimir. Əgər ermənilər düzgün yolda olsaydılar və tarix boyu yalan məlumatları yayaraq özlərinin xain niyyətlərinin arxasınca getməsəydilər bu gün normal insanlar kimi yaşayışını qura bilərdilər. Çox təəssüf ki, Ermənistan başına gələnlərdən hələ də dərs götürmək istəmir. Nə qədər ki, dərs götürməyəcək Azərbaycan onların başına Dəmir Yumruğu vuraraq ağıllarını başlarına qaytaracaq. Ermənistan yalan və saxta hərəkətlərindən nə qədər tez əl çəkərək öhdəsinə götürdükləri məsələləri icra edərsə, normal yaşamaları üçün şərait formalaşa bilər. Bunun üçün dezinformasiya yaymaqla yox, öhəlikləri reallaşdırılmasına çalışmaq lazımdır”.

Ayşən Vəli