Anadolunun ilk və dünyanın 121-ci yavaş şəhəri

22 Avqust 2022 00:19 (UTC+04:00)

Sənayeləşmədən sonra şəhər əhalisinin artması və onu izləyən texnoloji proseslər bu gün hamımızın bildiyi qloballaşma fenomenini gətirdi. İlk kompüter şəbəkəsinin yaradılması ilə dünya ovcumuzun içində oldu. Bu inkişafın müsbət nəticələri var, amma ümumi baxdıqda mənfi cəhətləri daha çoxdur. Məsələn, çox işləmək, sürətli düşünmək, tez-tez yemək, hər işin dalınca tələsmək, baş verənləri qaçırmamaq və sair və ilaxır. Kiçilən dünyamızda artıq hər şey bir-birinə bənzəməyə başladı. Şəhərlər və yerli istehsalçılar da bu proseslərdən təsirləndilər. Ənənəvi dəyərlər yox olmaq təhlükəsi ilə üzləşdi. Və belə bir zamanda İtaliyada bir anlayış ortaya çıxdı: sittaslou. İtaliya dilində "città" və ingiliscə "slow " sözlərinin birləşməsindən yaranan "cittaslow" sözü "yavaş şəhər" mənasında işlənir.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Anadolunun ilk və dünyanın 121-ci Yavaş Şəhəri sayılan İzmir vilayətinin Seferihisar rayonundan danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

Qloballaşma nəticəsində şəhərlərin getdikcə daha çox oxşarlığı və ortabablığın üstünlük təşkil edəcəyi qorxusu “Yavaş şəhər” hərəkatına səbəb oldu. Qısa müddətdə öz dəyərlərini yarada, yerli və mədəni sərvətlərini qoruya bilən şəhərlər ideyası qəbul edildi. İtaliyada başlayan bu hərəkat bütün dünyaya yayıldı. İzmir vilayətinin Seferihisar rayonu Türkiyədən Sakit Şəhər (CittaSlow) Dərnəyinə seçilən ilk şəhər oldu.

Yavaş və ya Sakit Şəhər Hərəkatı loqo üçün ilbiz fiqurunu seçib. Üzərində tarixi və müasir binaların yerləşdiyi narıncı rəngli bu loqo əslində bir çox şeyi rəmzləşdirir. İlbiz ləngliklə eyniləşdirilən bir canlıdır. Evi kürəyində yavaş-yavaş yeriyən ilbiz sakit həyat fəlsəfəsinə bənzəldilib. Onun evi olan qını mədəni irs və müasir həyatın harmoniya içində davam edə biləcəyinin simvoludur.

Türkiyənin ilk yavaş şəhəri olan Seferihisar naringi bağları, günəş, geomineral və külək enerjisi kimi bərpa olunan enerji mənbələri və bir çox antik şəhərləri ilə diqqət çəkir. Bura sakit şəhər atmosferinin heyrətamiz şəkildə hiss olunduğu yerdir.

Bir yerin yavaş şəhər olması üçün müəyyən meyarlara cavab verməlidir. Sakit-yavaş şəhərlərdə ətraf mühitə həssas yanaşmaq, şəhər həyatının keyfiyyətini artırmaq, kənd təsərrüfatı, turizm və istehsalda yerli dəyərləri qorumaq kimi prinsiplər tələb olunur. Seferihisar da bu keyfiyyətlərə uyğun gəldiyi üçün Türkiyənin ilk və dünyanın 121-ci Yavaş Şəhəri seçilib.

Seferihisarda antik dövrün ən qədim mühüm liman şəhərlərindən biri olan Teos yerləşir. Antik Teos şəhəri Anadoluda yaradılan ilk sənətkarlar birliyi və dünyanın ən böyük tanrılarından biri sayılan Dionisin məbədinə ev sahibliyi edir.

Seferihisarda digər diqqətçəkən yer Səlcuqlular dövründən qalan Sığacık qalasıdır. Qala divarları arasında gizlənən, çox yaxşı qorunan, memarlığı ilə zamanın həqiqətən yavaşladığı dinc küçələri var. Bazar günləri Sığacık yerli bazarı ilə məşhurdur. Rayonda istehsal olunan təzə yerli məhsullar istehsalçıların özləri tərəfindən satılır.

Mavi bayraqlı çimərlikləri, naringi bağları və zeytun ağacları ilə Seferihisar həyatın qayğısız keçdiyi səliqəli bir şəhərdir. Küçə işıqları günəş enerjisi ilə işləyir, nəqliyyatda velosipedlər təşviq edilir, yollar yaşlı və əlillər də nəzərə alınmaqla dizayn olunub.

Seferihisarda hər il Toxum Mübadilə Festivalı təşkil edilir. Çoxaldılan yerli toxumlar burada fermerlərə paylanır. Seferihisar yerli yeməklərin təqdim edildiyi restoranları və istehsalçıların vasitəçisiz sata bildiyi bazarları ilə yavaş şəhər olma tələbini artıqlaması ilə yerinə yetirir.

Müasir həyat və qloballaşma nəticəsində şəhərlərin əksəriyyəti adi olmağa məhkum olsa da, Yavaş Şəhər Hərəkatı bu taleyi dəyişir. Tarixi, təbiəti, mədəniyyəti və adət-ənənələri ilə şəhərlərin özünəməxsus kimliyi qorunub saxlanılır və böyük töhfə verir.

2022-ci ilə qədər Türkiyədə 21 Sakit Şəhər formalaşıb və onların sayı günü-gündən artır. Ahlat, Gökçeada, Halfeti, Köyceğiz, Şavşat, Vize və Güdül Türkiyənin yavaş şəhərlərindəndir. Bəziləri Yer üzündə cənnətə bənzəyir, bəziləri araşdırılmaq üçün gözləyir, bəziləri unudulmaqda olan əl işləri, bəziləri isə bölgəyə xas ləzzət və qoxuları qoruyur. Onların hər biri bozulmamış təbiəti və özünəməxsus memarlıq xüsusiyyəti ilə şəhərin ruhunu yaşadıdır.

Həyatın öz-özünə axdığını, qarmaqarışıqlıqdan, təlaşdan uzaq və tələsmədən yaşamaq cəlbedici deyilmi? Bir anda vaxtı üyütmək əvəzinə bir az yavaşlayıb həyatdan zövq almaq istəməzdinizmi? Bəli, bunu düşünürsünüzsə və ya arzu edirsinizsə, yavaş bir şəhərə gedərək bunun şahidi ola və zamanın fərqli qəbul edildiyi bu yerlərin cazibəsinə düşə bilərsiniz.