BMT-dən Suriyadakı Hol düşərgəsi ilə bağlı xəbərdarlıq

20 Avqust 2022 00:31 (UTC+04:00)

BMT-nin Suriya üzrə koordinatoru İmran Rıza bölgədə 4 günlük tədqiqatdan sonra mövzu ilə bağlı yazılı açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, DEAŞ-lı terrorçu və ailələrinin qaldıqları düşərgədə zorakılıqların artdığını ifadə edən Rıza 2022-ci ilin ilk ayından bu günə dək 20-si qadın olmaqla 26 nəfərin öldürüldüyünü bildirib.

Rıza həmçinin qeyd edib ki, Suriyanın içməli sudan tutmuş kənd təsərrüfatı, qida, eləcə də elektrik enerjisi istehsalına qədər ciddi su böhranı ilə üzləşib. Bu da xalqın sağlamlığına və yaşayış vasitələrinə mənfi təsir edir.

YPG/PKK 2017-ci ilin aprel ayında qurduqları Hol düşərgədə terror təşkilatı DEAŞ üzvləri və ailələri ilə qarşıdurmalardan qaçan mülki şəxsləri saxlayır.

Terror təşkilatının nəzarətindəki düşərgədə saxlanılan mülki şəxslər qeyri-insani şəraitdə yaşayırlar.

BMT və qeyri-hökumət təşkilatları Hol düşərgəsində humanitar vəziyyətin pisləşdiyi barədə tez-tez xəbərdarlıq edir.

BMT-nin məlumatına görə, 10 min nəfər tutumlu Hol düşərgəsində 70-80 min nəfər qalır ki, bunların əksəriyyəti qadın və uşaqlardır. Düşərgədə 50-yə yaxın ölkədən bir neçə min əcnəbi terrorçu ilə yanaşı çoxlu suriyalı və iraqlı terrorçunun da olduğu bildirilir.