Bu ölkələr qadağaya etiraz edirlər

19 Avqust 2022 19:50 (UTC+04:00)

Yunanıstan və Kipr hakimiyyəti Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağaya qarşı çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Politico” yayıb.

Bu arada Rusiyanın “RİA Novosti” agentliyi Kipr Xarici İşlər Nazirliyinin daimi katibi Kornelios Korneliunun sözlərinə istinad edərək, bir tədbirin “yanlış istiqamətdə qərar” olacağını vurğulayıb.

Qeyd edək ki, Yunanıstan rəsmiləri də Rusiya vizalarının statusunun dəyişdirilməsi imkanını nəzərdən keçirmir.

Xatırladaq ki, bəzi Avropa İttifaqı ölkələri, xüsusən Latviya, Finlandiya, Estoniya, Çexiya və digərləri Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Avropa səviyyəsində Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmaq tələbini irəli sürmək istəyirlər.

Cəbəb də göstərirlər: rusların Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat.

Bununla belə, Avropa Komissiyası açıq şəkildə Avropa İttifaqı viza kodunda qısamüddətli vizaların verilməsini dayandırmaq imkanlarının olmadığını bildirib.

Üstəlik, bu arada Litva prezidentinin müşaviri Asta Skaysgirite Rusiya vətəndaşlarına turistik Şengen vizalarının verilməsi məsələsində Avropa İttifaqında fikir birliyinin olmadığını etiraf edib. Onun fikrincə, bu məsələdə razılığa gəlmək elə də asan olmayacaq.

Məsələ bundadır ki, təkcə Almaniya deyil, bəzi digər Cənubi Avropa ölkələri pandemiyadan sonra turizm sektorunun bərpası problemindən narahatdırlar.

Əlavə edirik ki, Avropa ölkələrinin səfirlikləri ruslara Şengen vizalarından imtina faizini açıqlayıb. Belə ki, RBC-nin qeyd etdiyi kimi, Almaniya və Yunanıstan səfirlikləri bildiriblər ki, Rusiya sakinlərinə Şengen vizalarının verilməsindən imtina faizi artmayıb.

Ağasəf Babayev