Erkən nikah ailələrdə münaqişələrə və boşanmalara səbəb olur

19 Avqust 2022 18:47 (UTC+04:00)

Erkən nikah halları ailələrdə münaqişələrə, boşanmalara və nəticədə cəmiyyətdə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Erkən nikaha yox deyək!" mövzusunda keçirilən maarifləndirici tədbirdə səsləndirilib. Tədbirdə rayon icra hakimiyyətinin, rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin əməkdaşları, təhsil işçiləri və media nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tədbirdə erkən nikahın səbəblərindən, onun yaratdığı fəsadlardan, cəmiyyətin bu mövzuda maarifləndirilməsindən ətraflı danışıb. Bildirib ki, azyaşlıları erkən nikaha cəlb edən hər kəs, o cümlədən valideynlər qanunla müvafiq olunmuş qaydada məsuliyyətə cəlb edilir.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, "Aran Ağcabədi" TV-nin redaktoru Gündüz Nəcəfov, təhsil sektorunun əməkdaşı Nəzakət Abbasova, rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin nümayəndəsi Ruhiyyə Rüstəmova çıxış edərək, erkən və qohum evliliyinin sağlamlığa vurduğu zərərlərdən, problemin gənclərin sosiallaşmasına mane olmasından, onları təhsildən yayındırmasından söhbət açıblar.