MGH-nın mama-ginekoloqu Böyük Britaniyada görüş keçirib

19 Avqust 2022 10:29 (UTC+04:00)

Hazırda Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Dr. Sədi Allahverdiyev təcrübə mübadiləsində iştirak etmək üçün Böyük Britaniyanın Birmingem Uşaq və Qadın Hospitalına ezam olunub. Ezam müddətində Dr.Sədi Allahverdiyev Böyük Britaniyanın Birmingem Uşaq və Qadın Hospitalının baş həkimi, xanım Fiona Reynolds ilə qarşılıqlı əməkdaşlığa dair görüşüb. Görüşdə Birmingem Uşaq və Qadın Hospitalının məsləhətçi mama-ginekoloqu, t.ü.f.d., Dr.Fidan İsrafil-Bəyli də iştirak edib.

İlk öncə Baş həkim Fiona Reynolds gələn qonağı salamlamış və ona Hospitalda qonaq olduğu müddətdə məhsuldar iş təcrübəsi keçməsini arzu etmiş və burada müşahidə etdiyi Böyük Britaniya mütəxəssislərinin təcrübəsini Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqları və neonatoloqları ilə bölüşəcəyindən ümidvar olduğunu bildirib.

Daha sonra görüşdə hər iki tibb müəssisəsinin yükksəkixtisaslı mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə elmi konfransların, simpoziumların təşkili və digər tədbirlərin hazırlanması barədə məsələlər nəzərdən keçirilib. Həmçinin, Baş həkim Fiona Reynalds Mərkəsi Gömrük Hospitalının gənc kadrlarının Birmingem Qadın və Uşaq Hospitalında rezidentura təhsili proqramında iştirak etmələrinə yardımçı ola biləcəyini söyləmişdir.

Dr.Sədi Allahverdiyev, öz növbəsində xəstəxana rəhbərliyinə dəvətə və göstərilən qayğıya görə dərin minnətdarlığını bildirmiş, Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun və Mərkəsi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovun salamlarını çatdırıb. Görüşün sonunda tərəflər yaxın zamanda əməkdaşlıq memorandumunun hazırlanıb imzalanması barədə razılığa gəliblər.