“Əbdülhəmid Han” "Yörüklər-1" quyusunda qazma işlərinə başlayıb"

19 Avqust 2022 00:02 (UTC+04:00)

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyenin 4-cü qazma gəmisi “Əbdülhəmid Han”ın "Yörüklər-1" quyusunda qazma işlərinə başladığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, nazir Dönmez sosial media hesabında "Əbdülhəmid Han” qazma gəmisi ilə bağlı paylaşım edib.

Gəminin son vəziyyəti ilə bağlı məlumat verən Dönmez "Əbdülhəmid Han” qazma gəmimiz bu gün "Yörükler-1" quyusunda ilk qazma işlərinə başladı. Qara dənizin sevincini bu dəfə Aralıq dənizindəki yeni müjdələrlə yaşatmaq əzmindəyik. Mühəndislərimizin təri və millətimizin duaları ilə gəmimizin bəxti gətirəcək və qazma işi məhsuldar olacaq” deyib.

Qeyd edək ki, “Əbdülhəmid Han” qazma gəmisi avqustun 9-da Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə ilk vəzifə yerinə – "Yörüklər-1" quyusuna yola salınıb.

Nazir Dönmez gəminin avqustun 10-da xidmət məntəqəsinə çatdığını bildirmişdi.