Ermənistan Azərbaycanla sərhəddə üç yeni keçid məntəqəsi tikəcək

18 Avqust 2022 17:09 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhədin bəzi hissələrində keçid məntəqələrinin yaradılmasını nəzərdə tutan layihəni təqdim edib. SİA Ermənistan saytlarına istinadən xəbər verir ki, hökumətin 2011-ci il 703-N saylı fərmanına əlavələr edilməsi haqqında layihə e-draft.am saytında dərc olunub.

Layihənin əsaslandırılmasında bildirilir ki, layihənin qəbulu baş nazirin avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların icrasını təmin etmək zərurətindən irəli gəlir. Bu layihənin nəticəsi insanların, malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsini təşkil etmək və həyata keçirmək üçün Ermənistanda dövlət sərhədindən yeni buraxılış məntəqələrinin yaradılmasıdır.

Ermənistan-Azərbaycan sərhədi boyunca regionlarda yeni buraxılış məntəqələrinin yaradılması planlaşdırılır: Basarkeçər (Zod kəndindən ER dövlət sərhədinə qədər, M11 şosesində), Vedi rayonunun Arazdəyən kəndi (ermənilər Ararat rayonu, Yerasx kəndi deyir), Zəngəzurun (Sünik) təxminən 7,5 km. M2 şossesinin cənub-şərqində Qarahünc kəndindən cənuba - Eyvazlı kəndinə gedən yolda.

Sənəddə deyilir ki, layihənin qəbulu ilə yeni nəzarət-buraxılış məntəqələrinin tikintisi və təchiz edilməsi üçün əlavə maliyyə vəsaiti cəlb etmək lazım gələcək.