Dünyanın içindəki dünya... TƏHLİL

18 Avqust 2022 16:37 (UTC+04:00)

Həyatda heç də hamıya qismət olmur ki, insan övladına məxsus dünya içərisində özünə ayrıca bir dünya qursun. Bu, o insanlara nəsib olur ki, onlar hamının olduğu dünyaya sığmırlar. Özləri də istəmədən yaşadıqları dünyanın içində yeni bir dünyanın sakininə çevrilirlər. Bu, elə bir dünyadır ki, oradan ətrafa hüzür axır, insanlar bu dünyadan mənəvi qida alır, ona ehtiyac duyur, duyduqca da o dünyanın insanları həmişəyaşarlara çevrilirlər. Belə insanlar tək öz Vətəni, xalqı, milləti üçün deyil, bütün dünya üçün dəyərli, önəmli olurlar. Çünki varlığında da, yoxluğunda da bütün dünya onlardan danışır, onları xatırlayır, yenə də mənəvi qidanı onlardan alır. Bu il dünyaya gəlişindən 80 il ötən, lakin bu 80-nin cəmi 66 baharını yaşayan qəlblərimizin insanı, ruhumuzun qidası, fəxrimiz, qürurumuz Müslüm Maqomayev kimi. Görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət Ordeni” laureatı Müslüm Maqomayev kimi...

Qeyri-adi həyat və sənət

Müslüm Maqomayev kimi insanlar haqqında hər gün danışsaq, hər gün yazsaq, yenə azdır. Çünki dünyaya varlığı ilə bir töhfə, Allah vergisi olan bu sənətkar ruhumuzu, qəlbimizi bir-birindən gözəl əsərləri, mahnıları ilə oxşayıb hər zaman. Bizlər üçün böyük bir irs qoyub gedib. Bu irslə o daim bizimlədir. Əsrarəngiz səsi illər sonra da qulaqlarımızda çığnayacaq. Bu hissləri böyük sənətkarın özü bizlərə bəxş edib. Dinləyəndə bütün ruhumuz yenilənən, səsləndirdiyi mahnının bitməsini istəmədiyimiz Müslüm Maqomayev. O, bu dünyaya qeyri-adi insan kimi gəlmişdi. Qeyri-adi insan kimi də yaşadı və bütün dünyaya qeyri-adi sənət nümayiş etdirdi. Elə bu səbəbdən də Müslüm Maqomayev bütün dünyanın Müslümü, qeyri-adiliyi ilə seçilən, sevilən, həmişəyaşar sənətkarıdır.

Bu hələ də dünya üçün bir sirdir ki, görəsən istedadlı insanlar bu həyatı nə üçün tez tərk edirlər. Bu sirr onların qeyri-adiliklərindəmi, yoxsa ömrün illərinin də gücünü sənətə sərf etməklərindədirmi, nə səbəbdəndir, bilinmir. Lakin sanki dünya da, həyat, da, ömür də qısqanır bu cür insanları. Onlara ehtiyacımız çoxaldıqca bir də baxırıq ki, həyat hökmünü vermiş, sevdiklərimiz dünyaya əlvida deyib getmişlər. Nə qədər bizimlə olsalar da, qəlblərimizin daim döyüntüsünə çevrilsələr də, lakin onları aramızda görmək bir başqadır. Axı əslində, onlara ölüm heç yaraşmır axı...

1942-ci illə 2008-ci il arasındakı zaman kəsiyində cəmi 66 il yaşayan Müslüm Maqomayevi əsla itirmək istəməzdik. Çünki hələ bu qeyri-adiliyin nə bəhrələrini görəcəkdik, hələ o bənzərsiz səsdən nə mahnılar dinləyəcəkdik. Bu ölüm çox tez oldu. Qəlbimizi, ruhumuzu yaraladı. Lakin həyatın işlərini də bilmirik axı. Alın yazısından, qismət payından kim qaça, daldalana bilib ki...

Bizə böyük sənətkardan qalan qərinələr var. Bu gün də, sabah da dinləyəcəyimiz gözəl ifalar var. Dinlədikcə heyranlığımızın artdığı, sanki möcüzələr diyarına düşübmüş kimi hiss etdiyimiz, xəyallara daldığımız o səs... Elə avqustun 17-də dahi sənətkarın doğum günündə Bakı metropoliteninin bütün stansiyalarında səsləndirilən Müslüm Maqomayev mahnıları yerin altında elə bər-bəzəkli bir dünya yaratmışdı ki, adam özünü ən yaraşıqlı salonlarda böyük sənətkarın saatları ana çevirən konsertində hiss edirdi. Eskalatorun qalxıb yolçuluğu başa çatdırmasını, buradan ayrılmağı istəmirdi insan. Qalıb o səsi yenə də, yenə də dinləmək istəyirdi. Çünki bu səs qeyri-adi həyatında qeyri-adi sənət nümayiş etdirən o sevimli insana məxsus idi.

Baba Müslüm... Nəvə Müslüm...

Korifey sənətkarın həyatı da, yaradıcılığı da hər kəsə məlumdur. Biz onu dərindən sevdiyimiz kimi, dərindən də öyrənməyə çalışmışıq. Çünki bu insan o qədər cəlbedici, yaddaşlara hopan səsə malik idi ki, bu, sanki həm də ilahi bir qüvvənin bəxş etdiyi özünü unutdurmamaq, qəlblərə həkk etmək sənəti idi.

Düşünəndə ki, bu xalqın taleyindən iki Müslüm, iki Maqomayev keçib, həqiqətən bu, yalnız İlahi qüvvənin bəxşişi ola bilər, deyirsən. Biri gözəl, istedadlı bəstəkar baba Müslüm, digəri istedadlı, səs tembri ilə qəlblərin sarı siminə toxunmağı bacaran nəvə Müslüm...

İstedad elə bir Allah vergisidir ki, nəsildə-kökdə kimdəsə varsa, o, zamanla bir də qayıdır. Eyni istiqamətdə olmasa da, sənətin müxtəlif sahəsində həmin istedad üzə çıxır. Elə baba Müslümdən nəvə Müslümə ötürülən istedad kimi... Azərbaycan incəsənətinə 15-ə yaxın simfonik əsər, o cümlədən iki opera, marşlar və bir neçə rapsodya bəxş edən babanın nəvəsidir haqqında danışdığımız Müslüm Maqomayev. O babanın ki, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin, hətta ömrün vəfa etmədiyi üçün bitirə bilmədiyi üç-“Sevgi” operası, “Dəli Muxtar” baleti və “Xoruz bəy” adlı musiqili komediyasının müəllifidir.

Onun “Nərgiz” operası klassik musiqi və səhnə forması üzərində qurulan ilk Azərbaycan operası sayılır. Üç yüzdən artıq Azərbaycan xalq mahnı və rəqsinin simfonik işlənməsi baba Müslümə aiddir ki, bəziləri 1927-ci ildə “Azərbaycan Xalq Mahnıları” yığmasında dərc edilmişdir. Yığmaya həmçinin baba Maqomayev və Üzeyir Hacıbəyovun, həm də xalqın əsərləri daxil edilmişdir.

Belə istedadlı babanın Müslüm kimi də nəvəsi olacaqdı. Bu istedad özünü gec büruzə də verə bilməzdi. O səbəbdən də nəvə Müslüm ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edir.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayır. 1960-cı ildən 1969-cu ilədək bir-birindən böyük uğurlara imza ata-ata gəlir və 1975-ci ildə “Azərbaycan Dövlət Estrada Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilir. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verir. 1970-ci illərdən həyatını estrada ilə bağlayır və görünməmiş populyarlıq qazanır. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edir, stadionlarda konsertlər verir, televiziya onun konsertlərinə geniş yer ayırır, qrammofon valları böyük tirajla buraxılır. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirir. Daha sonra Azərbaycan Ali Sovetinin deputatı olur, bir sıra orden və medallarla təltif edilir.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq olur. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala” teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar. Sonra o, Eldar Quliyevin filmlərinə musiqi yazır. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirir. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyir. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edir. Yəqin ki, Tamara Sinyavskaya ilə Müslüm Maqomayevin tanışlığı da elə buradan başlayır ki, onlar sonralar ailə qururlar.

Beləliklə baba Müslümün qüruru, fəxri olan nəvə Müslüm incəsənət aləmində parlaq və heç vaxt sönməyəcək bir ulduza çevrilir.

80 il nə idi ki...

İki gün öncə, Müslüm Maqomayevin 80 yaşının tamam olduğu gün, şəhərimizin Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənninin abidəsinin açılması xəbərini oxuyanda da, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə xatirə gecəsini seyr edəndə də düşündüyüm yalnız bu fikirlər oldu: 80 il nə idi ki. Müslüm Maqomayev yaşasa idi, iki gün öncə 80 yaşı tamam olacaqdı. Nə çoxdur dünyada 80-90, hətta 100 yaşlı insanlar. Ömür vəfa etsəydi, böyük sənətkar da onlardan biri ola bilərdi. Lakin...

Çox qürurverici haldır ki, ölkəmizdə insan amili böyük bir dəyərə malikdir. Həyatımızın bütün sahələrində, eləcə də mədəniyyət, incəsənət sahəsində izi olan insanların əməyi yüksək qiymətləndirilir, adları uca tutulur, xatirələri əbədiləşdirilir. Elə Prezident İlham Əliyevin 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən Dənizkənarı Milli Parkda ucaldılan abidə dediklərimizi təsdiqləyən faktlardandır.

Açılış mərasimində Prezident cənab İlham Əliyevin səmimi çıxışı böyük sənətkara qayğı və eyni zamanda məhəbbətin, doğmalığın təzahürü idi: Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik... Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub.

Həmin günün axşam saatlarında “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsinin keçirilməsi, cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tədbirdə iştirak etmələri böyük sənətkara sonsuz sevginin daha bir təzahürü oldu. Xatirə gecəsində dövlətimizin başçısı demişdir: Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdi və o, bu sevgiyə nə qədər layiq idi.

“Əlvida, Bakı” yox, “Salam, Müslüm”...

Müslüm Maqomayevin ömrünün son anlarında yazdığı “Əlvida, Bakı” mahnısına da abidənin açılışında öz münasibətini bildirən dövlətimizin başçısı demişdir: Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi... “Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır.

Bu dəyərli və romantik fikirlərin ardınca Prezident cənab İlham Əliyevin “...Bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik. Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır” kimi fikirləri çox qiymətlidir. Dövlətimizin başçısı Müslüm Maqomayevin “Əlvida, Bakı”sına “Salam, Müslüm” deməklə onun burada-Bakıda əbədiyaşarlığını təsdiqlədi. Zamanla önündən keçən hər kəsin salamı ilə bu abidənin Müslüm Maqomayevin qəlblərdə ucaltdığı abidə ilə eyniliyi də öz əksini tapacaqdır.

Mətanət MƏMMƏDOVA