"Bu, Ermənistanın imitasiya ilə məşğul olduğunu göstərir" - DEPUTAT ŞƏRH ETDİ

18 Avqust 2022 13:36 (UTC+04:00)

"10 noyabr kapitulyasiya aktının 6-cı maddəsinə müvafiq olaraq Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin yerdəyişməsi ilə əlaqədar Laçın, Zabux və Sus kəndində qanunsuz olaraq məskunlaşmış ermənilərin köçürülməsi prosesi növbəti dəfə vandalizm aktları ilə müşahidə olunur. Ermənilər evləri, ağacları yandırmaqla nə qədər vəhşi bir xislətə, vandal təbiətə malik məxluqlar olduqlarını bütün dünyaya nümayiş etdirirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, mədəni-tarixi irs, o cümlədən, ekoloji mühitin müdafiəsi ilə məşğul olan çoxsaylı təşkilatlar bu vandal davranışla bağlı mövqeyini bildirməlidir: "Eyni zamanda, Brüssel prosesinin qarantoru kimi Avropa İttifaqı, 10 noyabr prosesinin təminatçısı kimi isə Rusiya dərhal ermənilərin bu vəhşiliyini, baş verənlərə isə Ermənistanın susqunluğunu pisləməlidir. Çünki ermənilərin bu vandallığı Moskva və Brüsselin dəstək verdiyi sülh və sabitlik perspektivləri üçün zərbədir. Bir tərəfdən danışıq aparıb, digər tərəfdən ekosid və urbisid cinayətləri törətmək bu danışıqların səmimi olmadığı, Ermənistanın imitasiya ilə məşğul olduğunu göstərir.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, erməni vəhşiliyi qarşısında Rusiya sülhməramlıların hərəkətsizliyi təəccüb və təəssüf doğurur: "Sülhməramlılar törədilən urbisid və ekosidə mane ola bilmirlərsə, bunu dərhal açıq şəkildə etiraf etməlidir ki, Azərbaycan ordu hissələri özü bu problemin kökündən həll etsin. Hüquq da, güc və imkanlarımız da bizə şərait yaradır ki, beynəlxalq hüquqla tanınan ərazilərimizdə bu kimi cinayətkar fəaliyyətə görə cəza tədbirləri görək, müvafiq əməliyyat keçirərək mülkiyyət və təbiətinə ziyan vuran şəxsləri ədalət mühakiməsinin ixtiyarına verək. Ermənilər bilməlidir ki, son günlər Laçın və iki kənddəki vandalizm aktları çox dəqiqliklə sənədləşdirilir və törədilən hər bir cinayətkar davranışa görə cinayətkar erməni-terror dövləti ilə bərabər bu əməli törədən fərdlər də tək-tək cəzalanacaq. Mən həmçinin məsələyə başqa prizmadan da baxılmasının tərəfdarıyam. Proses təbii ki, qəbuledilməzdir, amma özlüyündə yaşananlar başqa bir reallığı üzə çıxarır. Törədilən urbisid və ekosid o deməkdir ki, Ermənistan da ermənilər də başa düşür ki, bu vandal qəbilə bu torpaqlardan əbədi olaraq gedirlər".

Arzu Qurbanlı