“Ermənilər bölgəni tərk etməzdən əvvəl ekoloji terror törədirlər” AÇIQLAMA

18 Avqust 2022 13:17 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin titanik səyləri nəticəsində Laçın dəhlizinə alternativ 32 km yolun bir il ərzində tikilib istifadəyə verilməsi, əlbəttə, erməni tərəfi üçün şok effekti yaratmışdı. Halbuki belə bir yolun 3 il ərzində tikilə biləcəyi ilə bağlı müddəa Moskvanın moderatorluğu ilə imzalanmış məlum üçtərəfli sazişin şərtlərində nəzərdə tutulmuşdu”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, layihənin qısa zaman çərçivəsində reallaşdırılması Prezident İlham Əliyevin yüksək dərəcədə təşkilatçılığı sayəsində baş tutsa da, yenə həmişəki kimi Prezident İlham Əliyevin qlobal miqyasda yaşanan hadisələrin regional Təhlükəsizlik sahəsində problemlərə sirayət edə biləcəyi ilə bağlı öncəgörücülüyü ilə əlaqədar olmuşdur: “Alternativ yolun istifadəyə verilməsi Azərbaycanın Qarabağ üzərində tam mənada suverenliyinin bərpasına töhfə verəcəyi ilə yanaşı, həm də ölkənin milli təhlükəsizlik maraqlarından irəli gələn məsələ olmuşdur. Bu yol Qarabağdakı erməni icmasının Ermənistanla humanitar sahədə əməkdaşlığına, əlbəttə, əngəl törətməyəcək. Lakin Azərbaycan tərəfinin yeni dəhliz üzərində nəzarət imkanlarını əhəmiyyətli bir şəkildə artıracaq, bu isə QarabağI əvvəlki tək silahlandırmaqda maraqlı olan Ermənistandakı revanşist, millətçi dairələrin maraqlarına cavab vermir”.

E.Manafov onu da bildirdi ki, məhz onların təhriki ilə Laçın rayonunda zamanında qeyri-qanuni şəkildə məskunlaşdırılmış erməniləri bölgəni tərk etməzdən əvvəl ekoloji terrora əl atırlar: “Azərbaycanın ekoloji durumunda problemlər yaratmağa çalışırlar. Erməni tərəfinin bununla 1949-cu ilin Cenevrə konvensiyasının müddəalarını pozması birmənalıdır. Digər tərəfdən, Paşinyan hökuməti üçtərəfli razılaşmanın şərtlərinə razılıq verməklə vaxtı gələndə Laçının Zabux və digər kəndlərinə qeyri-qanuni yerləşdirilmiş ermənilərin köçürülməsi ilə bağlı öhdəliklər götürmüşdür və biz Ermənistan hakimiyyətinin bu öhdəliklərə də əməl etməsinin şahidləriyik. Təbii ki, bütün bunlar Azərbaycan iqtidarı tərəfindən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına çalışan Brüsselin və Moskvanın, habelə, regional təhlükəsizliyin qorunub-saxlanılmasında və bölgədə əməkdaşlığın genişləndirilməsində maraqlı olan digər region dövlətlərinin də nəzərinə çatdırılacaq”.