Ermənistanın təxribatları Azərbaycanın yürütdüyü daxili və xarici siyasətə təsir edə bilməz ŞƏRH

18 Avqust 2022 10:45 (UTC+04:00)

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısının bütün səfərləri və bu zaman verdiyi müsahibələr kimi Basqalda da ifadə etdiyi fikirlər, önəmli mesajlar yaddaqalan oldu. Xüsusilə, öz mənfur əməllərindən əl çəkməyən, separatçılıq və terrorçuluğa davam edən ermənilər üçün ünvanlanan mesajlar bir daha prezidentimizin qətiyyətindən, siyasi iradəsindən xəbər verdi. Bu dəfəki çıxışda da ermənilərə bir daha mesaj verildi ki, dəmir yumruq öz yerindədir və Azərbaycan qətiyyətli addımlarına davam edəcək.Cənab Prezident Basqal müsahibəsində xüsusilə postmünaqişə reallıqları fonunda baş verən hadisələrə toxundu və fikirlərini açıq-aydın şəkildə ifadə etdi. Terrorçuların təxribatlarına cavab olan “Qisas” əməliyyatı haqqında danışan prezident əməliyyatın səbəbsiz aparılmadığını və separatçılara qarşı cəza tədbiri olduğunu söylədi. İlham Əliyev ermənilərin təxribatlara davam etməsi nəticəsində Azərbaycan Ordusunun şəhid verdiyini xatırlatdı. O qeyd etdi ki, şəhidimizin axan qanı ermənilərə çox baha başa gəldi və onlar bunu heç zaman unutmamalıdırlar. Bu isə o deməkdir ki, ermənilər bu “Qisas” əməliyyatından dərs almalı, səhvlərə, yanlışlıqlara bir də yol verməməlidirlər və əks halda onlar bununla bir daha qarşılaşmalı olacaqlar. “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”, deyən ölkə rəhbərimiz “Qisas” antiterror əməliyyatının eynisinin, təkrarının bundan sonra daha geniş şəkildə ola biləcəyi barədə öz mesajını verib. Prezidentimizin önəmli mesajlarından Ermənistan tərəfi dərs çıxartmalıdır. Regionda sülh pozmaq üçün davamlı təxribatlara əl atan İrəvan hakimiyyəti cəza əməliyyatı ilə qarşılaşanda isə hansısa dövlətlərə yalvarmağa, kömək istəməyə baslayır. Ermənistan bilməlidir ki, bu addımları Azərbaycan tərəfi üçün keçərli deyil. Çünki Ermənistanın belə cəhdləri Azərbaycanın yürütdüyü daxili və xarici siyasətə təsir edə bilməz. Verilən mesajlardan anlaşılır ki, artıq regionda sülhün bərqərar olması, Qarabağ bölgəsində təhlükəsizliyin hökm sürməsi istiqamətində addımlar atmalıdır. Azərbaycan 10 noyabr sazişindən sonra keçən müddət ərzində proseslərə səbr və təmkinlə yanaşıb, məsələni dinc yolla, danışıqlar masasında həll etməyə çalışıb. Amma təəssüf ki, 44 günlük Vətən Müharibəsi zamanı kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan iki ilə yaxındır ki, öhdəliklərinə əməl etmir. Ermənistan təxribatlara əl atmaq əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışmalıdır. Əks halda, "Qisas" kimi cəzalarla hələ çox qarşılaşmalı olacaq.

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini