Bakıda cüdo üzrə yeniyetmə qızların təlim-məşq toplanışı başlayıb

18 Avqust 2022 07:54 (UTC+04:00)

Bakıda cüdo üzrə yeniyetmə qızlardan ibarət millimiz təlim-məşq toplanışına başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, avqustun 20-dək davam edəcək hazırlıq prosesində məşqçilər Elnur İsmayılov və Vüqar Hüseynovun rəhbərliyi ilə milli komandanın 16 üzvü iştirak edir.

Təlim-məşq toplanışında kiçik yaşlı yeniyetmələrin (U-15) sonuncu Azərbaycan birinciliyinin mükafatçıları arasından seçilmiş idmançılar da iştirak edirlər. Onlar yeniyetmə qızlardan ibarət milli yığmalarımıza gələcək yarışlara hazırlaşmağa kömək etməklə yanaşı, öz ustalıq səviyyələrini də artırırlar.

Təlim-məşq prosesi avqustun 24-28-də Sarayevoda təşkil olunacaq yeniyetmələr arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.