"Müslüm Maqomayev Azərbaycan mədəniyyəti üçün böyük bir irs qoyub getdi" - DEPUTAT ŞƏRH ETDİ

17 Avqust 2022 16:32 (UTC+04:00)

"Bu gün opera və estrada müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuş dünya şöhrətli sənətkar Müslüm Maqomayevin anadan olmasının 80-ci ildönümüdür. Dahi sənətkarlar, istedadlar diyarı olan Azərbaycan bütün dövrlərdə öz layiqli musiqiçiləri ilə fəxr edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, xalqımızın qədim musiqi mədəniyyətindən, milli-mədəni genetik yaddaşımızdan irəli gələn musiqi ənənələri ötən əsrdə də bu sahədə Müslüm Maqomayev, Xan Şuşinski, Üzeyir Hacıbəyli, Qara Qarayev kimi bir çox əvəzsiz incəsənət xadimlərinin meydana çıxmasına şərait yaratdı: "Qeyd etməliyik ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və dünyada tanıdılmasında böyük xidmətləri olan sənət adamları sırasında Müslüm Maqomayevin özünəməxsus yeri olub. Müslüm Maqomayev doğma Azərbaycanın fəxri idi.

Cəmi 20 yaşı olarkən Helsinki festivalında uğurlu çıxışı ilə şöhrət qazanmış Müslüm Maqomayev tezliklə bütün Sovet İttifaqında məşhurlaşmışdı. O, sadəcə, oxumurdu, o, mahnını qəlbindən keçirərək dinləyiciyə çatdırırdı. "Bakı bülbülü" adlandırılan Müslüm Maqomayev Sovet İttifaqında milyonlarla insanın - dövlət rəhbərlərindən tutmuş, sadə əmək adamlarına qədər hamının sevimlisi idi. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, simvolu adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm Maqomayev gətirmişdi. Bütün bunlara görə ona 31 yaşında SSRİ xalq artisti adı verilmişdi. O, bu ada layiq görülmüş ən cavan sənətkar idi. Öz nəğmələrində hər zaman Azərbaycanı yaşadan, onu bütün dünyada məşhurlaşdıran dünya şöhrətli sənətkar Müslüm Maqomayev həyatı boyu Azərbaycan musiqisinin təbliği ilə məşğul olmuşdur. Onun dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdən biridir. Bu nəğməni ümummilli lider Heydər Əliyev də sevirdi. Ulu öndər Müslüm Maqomayevə həmişə himayədarlıq etmiş, ona əsl atalıq qayğısı göstərmişdir. Onların arasında son dərəcə səmimi münasibətlər var idi. Ümummilli lider Heydər Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar.

Ulu Öndər M.Maqomayevi "musiqi sənətinin canlı əfsanəsi" adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub. Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən böyük Müslüm Maqomayev bütün zamanların sənətkarı olmaqla yanaşı, həm də musiqi tariximizdə əbədiyaşarlıq qazanıb.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə, Azərbaycan mədəniyyəti sürətlə inkişaf etmiş, yüksək dəyərə malik əsərlər yaranmış və seçilən sənətkarlar ortaya çıxmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır". Ona görə də bu gün ölkədə mədəniyyət və incəsənət xadimlərinə böyük dövlət qayğısı var".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Müslüm Maqomayev Azərbaycan mədəniyyəti üçün böyük bir irs qoyub getdi: "Azərbaycan onu, o isə yaxşı övlad kimi öz Ana Vətənini dünyaya tanıtdı. Qeyd edim ki, Milli Məclisin üzvü olmaqla yanaşı, rəssam olaraq Müslüm Maqomayevin kiçik ölçülü portretini çəkməklə bu şəxsiyyətə öz rəğbətimi göstərməyə çalışanlardan biri oldum. Müslüm Maqomayevin xatirəsini uca tutaraq, sevilən sənətkarın xatirəsinə bir çox ölkələrdə heykəllər də qoyulmaqdadır. Belə ki, 15 sentyabr 2011-ci ildə Moskvada Müslüm Maqomayevin heykəlinin açılışı olub.

31 iyul 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev M.Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 2018-ci ildə Kiyevdə M.Maqomayev adına parkın açılışı olub və həmin parkda sənətkarın abidəsi ucaldılıb. Həmin heykəlin müəllifi isə, görkəmli heykəltəraş Seyfəddin Qurbanovdur. 2019-cu ildə isə Dnepr şəhərindəki küçələrdən birinə M.Maqomayevin adı verilmişdir.

Bildiyimiz kimi, həmçinin, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Dənizkənarı Milli Parkında dünya şöhrətli müğənninin abidəsinin açılışı olub.

Bu abidə, Azərbaycan vətəndaşlarına, Müslüm Maqomayev xatirəsini uca tutanlara böyük bir hədiyyə oldu. Buna görə ölkə rəhbərimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan haqqında "Anamın Anasısan, Azərbaycan" deyən əbədiyaşar sənətkarı hər zaman böyük ehtiramla yad edəcəyik".

Arzu Qurbanlı