Azərbaycan istədiyinə nail olub və bundan sora da nail olacaq ŞƏRH

17 Avqust 2022 16:53 (UTC+04:00)

Prezident İlham Əliyev hər zaman rayonların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır, görülən işlərlə yaxından tanış olmaq, əhalinin qayğılarını, onları narahat edən məsələləri şəxsən əhalinin dilindən eşitmək üçün mütəmadi olaraq bölgələrə səfərlər edir. Dövlət başçımızın rayonlara hər bir səfəri əhəmiyyətli hadisə kimi yadda qalır. Belə ki, hər səfər çərçivəsində mühüm sosial obyektlərin açılışları və təməlqoyma mərasimləri keçirilir. Bu da yeni iş yerlərinin yaradılması deməkdir.

Məlum olduğu ki, ölkə başçısı növbəti səfərini avqust ayının 12- də Ağsu və İsmayıllı rayonlarına etmişdir. Səfər çərçivəsində İsmayıllı rayonunun Basqal qəsəbəsində cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə vermiş, verdiyi müsahibədə mühüm məqamlara toxunmuş, Ermənistan rəhbərliyinə, onların havadarlarına ünvanlanmış sərt xəbərdarlıqlar etmişdir.

Dövlət başçısı Ağsu və İsmayıllı rayonlarında son illərdə görülən işlərdən söhbət açmış, görüləcək işlər haqqında göstərişlər verilmişdir. Ağsu rayonunda böyük aqroparkın fəaliyyətinin bölgə iqtisadiyyatına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, orada da 200-ə yaxın iş yeri açılıb. İş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır.

Prezidentimizin toxunduğu vacib məqamlardan biri də Qarabağın danışıqlar mövzusu olmayan “statusu” məsələsi oldu. Dövlət başçımız açıq şəkildə bir daha bəyan etdi ki, status məsələsi danışıqlar mövzusu ola bilməz. Bu gün danışıqlar mövsuzu Qarabağda yaşamaq istəyən ermənilərin hüquqları və təhlükəsizliyidir. Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Bu, bir daha onu göstərir ki, Azərbaycan multikultral, tolerant ölkədir.

Dövlət başçımızın toxundugu digər əhəmiyyətli məqam erməni tərəfinin törətdiyi təxribatlar və Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi “Qisas “ əməliyyatı oldu. Ermənistan tərəfinin növbəti dəfə silahlı təxribata əl atdığını vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, “Azərbaycan silahlı qüvvələri “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldı və qarşı tərəfi ciddi cəzalandırdı. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq ”. “Qisas” əməliyyatı Azərbaycanın gücünün yerində olduğunu və eyni zamanda bir daha onu göstərdi ki, Azərbaycan tam müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi Azərbaycanı dayandıra bilməz, öz haqqlı yolundan çəkindirə bilməz.

Prezident cənab İlham Əliyevin müsahibəsi zamanı toxunduğu əsas məqamlardan biri də Ermənistan tərəfinin üzərinə götürdüyü öhtəliklərdən yayınması, vaxt uzatması ilə bağlı oldu. Dövlət başçısı bildirdi ki, ”Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Biz bu yolu da və digər addımlarımızı da bu öhdəliklər əsasında atmışıq və işləri görmüşük. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək”. Prezidentimiz açıq şəkildə Ermənistana ciddi xəbərdarlıq etdi ki, ərazi iddialarından əl çəksinlər. Əl çəkməsələr, o zaman Azərbaycan da Ermənistana qarşı haqlı olaraq ərazi iddiası qaldıra bilər. Ölkə başçısı mesaj da göndərdi ki, Azərbaycan bu günə qədər nə istəyibsə, ona da nail olub.Ölkə başçısının İsmayıllı və Ağsu rayonlarına səfəri əlbəttə ki, bu rayonların gələcək inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda, bu səfər Prezidentimizin regionların sosial-iqtisadi inkişafını diqqətdə saxladığını göstərir.

Çingiz İbrahimov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının məsul əməkdaşı